10 dekabr 2024 13:39
504

Əgər Avropa İttifaqı bunu dərk edərsə...

Azərbaycan heç zaman itaətkar müttəfiq ola bilməz. Üstəlik Azərbaycanla hədə-qorxu ilə danışmaq, siyasi əmr və təzyiq leksikonundan, yanaşmasından istifadə etmək, daxili işlərə qarışmaq yolverilməzdir. Zənn edirəm ki, nəinki enerjinin ənənəvi və bərpaolunan növləri üzrə, eyni zamanda, siyasi və ictimai gündəliyin müxtəlif tərəfləri olmaqla Avropa İttifaqı ilə münasibətləri müsbət məcrada tutmaq, üstəlik inkişaf istiqamətində yüksəltmək həm mümkün, həm də tərəflərə ancaq dividentlər gətirə biləcək məsələdir. Bu baxımdan Avropa İttifaqı Azərbaycanla münasibətləri gərginlik deyil, inkişaf istiqamətində pik həddə qaldırmalıdır. Cənab Prezident İlham Əliyevin həm Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə, həm də Avropa İttifaqı Şurasının Prezidenti kimi fəaliyyətə başlayan Antonio Koştaya məktubundan da bütün bu amilləri aydın sezmək olurdu. Azərbaycan bir daha konstruktiv yanaşmasını göstərdi. Enerji böhranının ən kritik və kəskin zamanında belə Azərbaycana pənah gətirən tərəfin nəinki ümidini qırmadı, əlini də boş göndərmədi. Ursula fon der Lyayenin səfəri zamanı qızmar 18 iyul tarixində şaxtalı qışın tədarükü məhz Bakıda görüldü. Azərbaycan Avropanın enerji təminatında inkarolunmaz mövqeyə malikdir. Məhz bu amil münasibətlərin strateji xarakter daşımasına töhfə verir.

Azərbaycan hər mənada etibarlı, sözü ilə əməli bir olan tərəfdaşdır. Qarşılıqlı maraq doğuran məsələlərə, iqtisadi və ticarət də daxil olmaqla daha geniş müsbət gündəmə fokuslanmaq lazımdır. Dövlət başçımızın da haqlı olaraq vurğuladığı kimi axı bunun üçün yaxşı tarixçəmiz və nailiyyətlərimiz də mövcuddur. Bəzi məsələlərdə fundamental fikir ayrılıqlarına baxmayaraq münasibətlərdə qarşıdurma ruhunu aşmaq və həqiqi əməkdaşlıq,  həmrəylik mühiti yaratmağa çalışmaq vacibdir.  Bakıdan Brüsselə göndərilən mesaj da “bərabər tərəflər” təklifi oldu. Yəni, məhz bu prinsip əsasında Azərbaycan bir daha əl uzatdı. Qeyd olunan amil isə birtərəfli qaydada deyil, birgə səylərin məhsulu olmalıdır. Dövlət başçımızın məktublarından da göründüyü kimi Azərbaycan Avropa İttifaqında “bərabər tərəflər” kimi əməkdaşlıq prinsipini bir daha təklif edir. Azərbaycan Avropa İttifaqına, ona üzvlüyə can atmır. Dövlət başçımız çıxışlarının da birində vurğulamışdı ki, biz heç kimin qapısının ağzında gözləməyəcəyik. “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində, hansı ki sözügedən Proqram Aİ-yə üzvlük anlamına gəlmir, ölkələr könüllülük və istək çərçivəsində Aİ ilə əlaqələri daha sıx qura bilər ki, Proqram da  baza qismində götürülə bilər. Bizim istəyimiz yalnız bərabər tərəflər kimi əməkdaşlıq prinsiplərini davam etdirməkdir. Çünki sözügedən siyasi təsisatın bərabərlik prinsipini dəfələrlə, açıqca və ədalətsiz şəkildə pozduğunun şahidi olmuşuq, bunun mövcud və potensial mənfi nəticələri ilə üz-üzə qoyulmuşuq. Münasibətlər qeyd etdiyimiz kimi formalaşar və qarşı tərəf də bunu dərk edərsə o zaman daha səmimi olar ki, bu da dayanıqlılığa, stabilliyə gətirər. Hər halda o da nəzərə alınmalıdır ki, bu illər ərzində Azərbaycan Proqramda olan altı tərəfdaş ölkənin hər birindən fərqli yol tutub.

Şəbnəm HƏSƏNOVA
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq