Bir neçə gündür ki, Ermənistanda növbəti seçkilərdə hakim partiyanın siyahısına baş nazirin xanımı Anna Akopyanın başçılıq edəcəyi danışılır. Bu barədə yerli “Hraparak” qəzeti yazır. “Onun hiperaktivliyini izah edən məqam məhz budur. Hökumətdə onun ofisi, işçi heyəti və PR komandası var. O, nəinki yerli və xarici qonaqları qəbul edir, müxtəlif tədbirlər təşkil edir, həm də heç bir vəzifəsi olmadan dövlətin kadr siyasətini özü həll edir. Hakim partiyanın üzvlərinin sözlərinə görə, son kadr dəyişiklikləri də Anna Akopyanın ssenarisinə uyğun aparılıb. Ancaq bir şeyi nəzərə almadılar: Akopyanın antireytinqi Nikol Paşinyanınkından daha yüksəkdir”, - deyə “Hraparak” qeyd edir.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan 2018-ci ildə əri Sorosun dəstəyi ilə hakimiyyətə yiyələndikdən sonra “üzə çıxmağa”, yeni-yeni layihələrə imza atmağa başlayıb. Bununla belə, Akopyanın atdığı addımlar əksər hallarda fiaskoya uğrayıb, həm müxalifətin, həm də bir sıra media qurumlarının ciddi tənqidinə səbəb olub. Anna zaman-zaman yaxın qohumlarını və çevrəsini də hakimiyyətin yüksək eşalonlarına yerləşdirməyi bacarıb, ölkədə yeni oliqarxiyanın qurulmasına “öz töhfəsini verib”. Elə iki dəfə imkanlı qadın və kişi iş adamları ilə 1 milyon erməni dramı qarşılığında təşkil edilən görüşlər də bu məqsədə xidmət etsə də, uğursuzluğu ilə yadda qalıb. Məsələ burasındadır ki, qadın iş adamlarına edilən çağırışa sadəcə və sadəcə Akopyanın və hakim partiyanın yaxınlarından başqa qoşulan olmayıb. Bu, erməni KİV-də kifayət qədər ciddi tənqid mövzusuna çevrilmişdi. Eyni vəziyyət kişi iş adamları ilə görüşdə də yaşanıb. Eyni zamanda, söyləmək lazımdır ki, Anna Akopyan özünü Ermənistanın birinci xanımı kimi aparsa da, əslində erməni qanunlarına görə buna ixtiyarı yoxdur. Məsələ ilə bağlı araşdırmalar göstərir ki, Ermənistanın qanunvericiliyində birinci xanım anlayışı ilə bağlı heç bir hüquqi tənzimləmə yoxdur. Bununla yanaşı, baş nazirin protokol xidmətinin rəhbəri Aleksandr Mxitaryan bildirib ki, protokola əsasən, dövlətin birinci xanımı prezidentin arvadı sayılır. Çünki dövlətin başçısı məhz prezidentdir. Baş nazir isə hökumətin başçısıdır.
Göründüyü kimi, reallığı və protokol qaydalarını əsas tutsaq, Anna Akopyanın özünü birinci xanım adlandırması qeyri-qanunidir. Üstəlik, rəsmi mənbələrə görə, ölkələrin birinci xanımları səviyyəsində təşkil olunan tədbirlərə dəvət 2022-ci ilə qədər Nune Sarkisyana, yəni 2018-2022-ci illər ərzində Ermənistan prezidenti postunu tutan Armen Sarkisyanın xanımına göndərilib. Bu isə onu deməyə əsas verir ki, Anna Akopyan de-yure Ermənistanın birinci xanımı deyil. Amma de-fakto nəsə dəyişikliklər var ki, Akopyan və hakimiyyət mediası onu belə qələmə verir. Maraqlıdır ki, bir müddət əvvəl jurnalistlər “birinci xanım kimdir - prezidentin yoxsa, baş nazirin arvadı” sualını məhz Paşinyana da ünvanlayıblar və baş nazir sualdan yayınmaq üçün “Hər bir erməni kişisi üçün birinci xanım onun arvadı, hər bir erməni qadını üçün birinci centlmen onun əridir. Düzünü desəm, bu, respublikanın birinci xanımı ilə bağlı hansı müzakirə olduğunu başa düşə bilmirəm”.
Akopyan isə saxta imicindən istifadə edərək müəyyən təşəbbüslər, layihələr irəli sürür, təyinatlarla bağlı məsləhətlər verir, yaxın qohum və çevrəsini vəzifələrə gətirir. Bu yaxınlarda isə Akopyan tərəfindən başladılan “Təhsil dəbdir” kampaniyası da Ermənistanda birmənalı qarşılanmayıb. Maraqlıdır ki, “birinci xanım” Venesiya səfərindən sonra bu barədə açıqlama verib. Paralel olaraq isə 2025-ci il Ermənistanda “Təhsil ili” elan edilib. Annanın “Facebook” sosial şəbəkəsindəki paylaşımının altında çoxsaylı neqativ rəylər də bu ideyanın fiaskoya uğracayağından xəbər verir. Yaxın tarixə baxsaq, Paşinyan və arvadı ali təhsilin vacib olmadığını bəyan etmişdilər. Akopyanın təşəbbüsünə də qoşulanlar elə öz yaxın çevrəsinə mənsub insanlardır. Annanın təşəbbüsü isə sırf seçkiqabağı siyasi xarakter daşıyır, cəmiyyətin təhsil səviyyəsini yüksəltmək üçün heç bir əhəmiyyətə malik olmayan addımdır. Ən azı ona görə ki, son 6 il ərzində müxtəlif səbəblərdən bir sıra məktəblər bağlanıb, region və bölgələrdə nə qədər uşaq təhsil hüququndan məhrum edilib, əlaçı tələbələr universitetlərini tərk edib, universitetlərdə müəllim çatışmazlığı, bina problemi yaranıb, Akademik Şəhər layihəsi fiaskoya uğrayıb. Bu problemləri zamanında həll etmək, çözüm yolu tapmaq əvəzinə seçkiöncəsi şou yaratmaq artıq sadə ermənidə də ikrah hissi oyadır. Qısacası, Anna Akopyanın başlatdığı yeni təşəbbüs də qısa müddətə fiaskoya uğrayacaq. Çünki onun məqsədi nə təhsilə dəstək vermək, nə də təhsilin səviyyəsini artırmaqdır. Məqsəd sadəcə seçkiöncəsi mövqeləri möhkəmlətmək, yeni elektorat toplamaq, hakim partiyanın 2026-cı ildə də qalib gəlməsi üçün bütün yollara baş vurmaqdır. Amma söyləmək yerinə düşər ki, hər gün erməni mətbuatında Akopyanın yeni təşəbbüsü tənqid edilir. Bu səbəbdən də yaxın aylarda “Təhsil dəbdir” layihəsinin ucuz bir kampaniya olduğu üzə cıxacaq.
Sevinc Azadi, “İki sahil”