Bəşər Əsəd və baş müftisi Əhməd Bədrəddin Hassan "Biz daim Ermənistanın yanındayıq" deyirdilər
Heç nə yadımızdan çıxmayıb, çətin günlərimizdə dostumuzu da, düşmənimizi də tanımışıq. 1994-cü ilin aprel ayında Tərtərin Talış kəndində yuva salmış Ermənistan hərbi birləşmələri rayonun Borsunlu kəndi istiqamətində son və qəti hücuma keçmişdi. Ermənilər bilirdilər ki, mayın 12-də hər iki tərəf atəşkəs sazişinə imza atacaqdır. Ona görə həmin tarixə qədər daha çox ərazimizi işğal etməyə çalışırdılar. Məqsəd Gəncə-Tərtər-Ağcabədi şose yolunu bağlamaq və Kürün o biri sahilindəki rayonların əhalisini panikaya salıb qaçmağa vadar etmək idi. Ancaq bir nəfər də əli silah tutan adam qaçmağı ağlına gətirməmişdi. Hamı döyüşə səfərbər idi. Hətta qoltuq ağacı ilə yeriyən bir nəfər igidliklə döyüşərək şəhid olmuşdu. Talış-Borsunlu istiqamətində gedən qızğın döyüşlərdən birində Tərtər batalyonunun qorxmaz əsgərləri bir zabiti də öldürmüşdülər. Məlum olmuşdu ki, polkovnik rütbəli erməni Suriya ordusunun hərbi qulluqçusudur. Ermənistan ordusunun komandanlığı xəbər göndərmişdi ki, həmin polkovnikin meyidinin verilməsi üçün böyük güzəştə gedəcəklər. Ancaq onların təklifləri qətiyyətlə rədd edildi. Çünki beynəlxalq aləmi məlumatlandırmaq lazım idi ki, baxın, Ermənistan muzdlu qatilləri Azərbaycana qarşı döyüşmək üçün gətirib. O vaxt sirr deyildi ki, Ermənistan tərəfdən minlərlə xarici muzdlular vuruşur. Ancaq bu faktı Ermənistanın özünə və havadarlarına sübut etmək lazım idi.
Xatırladaq ki, onların əksəriyyəti döyüşmək üçün Tərtər istiqamətinə göndərilmişdilər. Əlbəyaxa vuruşmalarda öldürülən və bizim tərəfdə qalan suriyalıların meyidləri ilə bu faktı sübut etmişdilər. Ermənistana göstərilən hərbi yardımlar Suriya prezidenti Bəşər Əsədin tapşırığı əsasında edilirdi.
Suriyada at oynadan cəllad Bəşər Əsədin öz ölkəsindəki qətliamlarına haqq qazandırması ilə tanınan baş müfti Əhməd Bədrəddin Hassan Qarabağda “erməni dövlətinin” qurulmasına tərəfdar olduğunu deyirdi. 2011-ci ildə Suriyanın dini icmaları ilə görüşündəki çıxışında o bildirirdi: “Elə regionlar vardır ki, onların mübahisəli vəziyyətinə son qoymağın vaxtı çatıb. Məsələn, Dağlıq Qarabağ. Qarabağ üçün başlıca motivasiya erməni xalqının müstəqillik üçün göstərdiyi azadlıq istəyi, regionun tarixi keçmişi və müharibədə qələbədir. Hansı mübahisədən söhbət gedə bilər? Şəxsən mən Qarabağdakı erməni xalqının müstəqillik və azadlıq uğrunda səylərini dəstəkləyirəm. Bir daha qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsinin səbəbi din deyil, erməni xalqının azadlıq istəyidir. Bununla hesablaşmamaq olmaz”.
Görürsünüzmü, adını müsəlman qoyan şərəfsiz necə ermənilik edib? Utanmadan bir ovuc xəyanətkar, separatçı ermənini xalq adlandırır. Öz ölkəsindəki çaxnaşmaları nizamlamağı bacarmayan Əsəd və komandası özünə umac ova bilməsə də özgələrə əriştə kəsməklə məşğul idi.
Baş müftisi bu ağılda olan Suriyada son hadisələrdə xeyli sayda erməni silahlı Əsəd rejiminin sıralarında vuruşub və onun yaxın mühafizəsində olub. Hələbdə dinc insanlara qarşı baş vermiş qətliamlar zamanı terrorçu erməni birlikləri xüsusi fəallıq göstəriblər. Türkman xalqının qətliamında iştirak ediblər. Xatırladaq ki, orta əsrlərdə oradakı azərbaycanlılaları türkman adlandırırdılar.
Bunlar hələ hamısı deyil. Ermənistan hökumətinin Bəşər Əsədə və onu dəstəkləyən terrorçu qruplara yardım dolu təyyarə göndərməsinin sübutları var. Bunu səngərlərdən tapılmış meyidlər, silahlar və hərbi geyimlər də təsdiq edir. Məlumdur ki, Xocalı soyqırımında Suriyadan gələn xüsusi təyinatlılar və muzdlu başkəsənlər ermənilərlə birgə iştirak ediblər.
Bəşər Əsəd ermənilərə bu sevgisini atası Hafiz Əsəddən "əxz" edib. Münaqişənin ilk illərində Hafiz Əsəd ermənilərə öz sevgisini belə "izhar" edib. “Mersedes” firmasının istehsalı olan bahalı “Galenvagen” markalı minik maşınını 1990-cı ildə Suriya prezidenti Hafiz Əsəd Ermənistanın o vaxtkı müdafiə naziri Vazgen Sarksiyana hədiyyə edib. Sarkisyan isə onu bir gürcü biznesmenlə iki tanka dəyişib. Həmin tanklar Qarabağda azərbaycanlılara qarşı müharibədə döyüşə göndərilib.
Sevginin gücünə baxın ki, 1994-cü ildə Suriya prezidentinin tapşırığı ilə həmin maşını gürcü biznesmendən pulla geri alaraq yenidən Vazgen Sarkisiyana hədiyyə ediblər. Hazırda həmin “Mersedes” Ermənistanda muzeydə saxlanılır. Belə hədiyyələrin sayı çoxdur. Belə naxələflikləri unutmayan müsəlman dünyası vazgenlərə, robertlərə, serjiklərə, nikollara qardaşlıq edən hafizlərə, bəşərlərə, hassanlara öz sonsuz nifrərini bir daha bildirir, arxalarınca qara daş atır. Cavankən dul qalmış qadınların, gözüyaşlı yetim uşaqların, övladını itirmiş ata-anaların ah-naləsi zülmkar Bəşər Əsədi və vicdanını itirmiş müfti Bədrəddin Hassanı tutmalı idi. Tutdu da. Artıq Əsəd ölkədən quyruğukəsik it kimi qaçıb. Tutaq ki, bunlardan qaçdı, bəs vicdan mühakiməsindən necə? Qaça bilərmi? Əlbəttə, qaça bilməz. Ömrünün sonuna qədər alnında satqın damğası ilə vicdanı qarşısında cəhənnəm əzabı çəkəcəkdir. O, hər əzabdan daha dözülməzdir. Çəksin!
Bu gün qadasını aldığı erməni qardaşları onun dərdinə şərik deyillər. Əsədin ən ağır günlərində onun yanında olmalı olan Nikol Paşinyan Parisdə təmirdən sonra Notrdam kilsəsinə tamaşa etməyə getmişdi. Dəməşqdə isə Əsədin taleyi həll olunurdu. Hətta öldürülmək təhlükəsi vardı. Görünür, diktator qardaşının siyasi karyerasının axırının çatdığını görən Paşinyan nəinki dəstək üçün yanına getməyi, heç onun barəsində düşünməyi belə lazım bilməyib. Hayların etibarsızlığını acı taleyində hiss edən Əsəd görəsən ayılıb başına-dizinə döyəcəkmi? Bundan sonra yad ölkədə, hər an ölüm təhlükəsi altında kölgəsindən belə qorxan yelbeyin Bəşərin dostunu, düşmənini tanımaq üçün kifayət qədər düşünməyə vaxtı olacaq.
Vəli İlyasov, "İki sahil"