11 dekabr 2024 00:12
456

Blinkenin yeni vasitəçilik cəhdi niyə baş tutmadı?..

Bu günlərdə ABŞ Dövlət katibi Antoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin  görüşünün keçirilməsinə nail olmaq istədi. Amma rəsmi Bakı Bayden administrasiyasının bu vasitəçilik təşəbbüsünü qəbul etmədi. Bununla da Azərbaycan Ermənistanla heç bir vasitəçi olmadan bölgədə sülhə nail olmaq əzmini ortaya qoydu. Daha doğrusu, rəsmi Bakı bu addımı ilə öz gücünə güvəndiyini,  milli maraqlarını qorumaq üçün kənar təsirlərdən asılı olmadığını, Ermənistanla birbaşa danışıqları daha səmərəli hesab etdiyini bir daha əyani şəkildə göstərdi. Şübhəsiz, bu da ölkəmizin müstəqil siyasət yürütməsindən, konseptual diplomatiya kursunu seçməsindən irəli gəlir.

Yeri gəlmişkən qeyd edək ki, ötən il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında heç bir vasitəçi olmadan aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub. Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edib. Daha sonra Qazax rayonunun erməni işğalı altında olan 4 kəndi (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı) Azərbaycana qaytarılıb. Ermənistan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürüb və Azərbaycanın namizədliyini dəstəkləyib. Üstəlik, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində ikili təmaslar müstəvisində müəyyən nəticələr əldə edilib. Hətta 12 kilometrdən artıq sərhəd xətti nəinki delimitasiya olunub, demarkasiyası həyata keçirilib.

Göründüyü kimi, artıq hansısa vasitəçiyə ehtiyac qalmayıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik.

 

Sülh müqaviləsinin mətninin də xeyli hissəsi razılaşdırılıb. Sazişin imzalanması yolunda ən böyük maneə Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiasıdır ki, o da hələ  təcavüzkar ölkənin daxili siyasətinin tam prioritetinə çevrilməyib. Şübhəsiz, təcavüzkar ölkənin havadarlarının təhriki ilə vasitəçilər, zəmanətçilər axtarışında olması da sülh sazişinin imzalanmasını ləngidir. Amma  Azərbaycan ötən 30 il ərzində olduğu kimi, bu gün də beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək Ermənistanı ədalətli sülhə dəvət etməkdədir. İnşallah, buna da nail olacaq.  Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun dünən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" mövzusunda keçirilən beynəlxalq konfransda deyib ki, Azərbaycana qarşı aqressiyalara baxmayaraq, Ermənistanla razılığa gəlmək mümkündür: “İnanıram ki, qarşı tərəf səsimizi eşidəcək, Qafqazda sülhə və tərəqqiyə nail olacağıq". Bütün bunlar bir daha göstərir ki, kənar vasitəçilərin iştirakı olmadan Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması da reallığa çevrilə bilər.

Qayıdaq Blinkenin istəyinə… Bəri başdan qeyd edək ki, onun bu istəyi Azərbaycanın maraqlarına köklənməyib. Yəni, Blinkenin ATƏT çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək cəhdi artıq Ağ Evi tərk etməyə hazırlaşan Bayden administrasiyasının beynəlxalq arenada nüfuzunu bərpa etmək məqsədi daşıyır. Yəni, yorğanı öz tərəfinə çəkmək istəyir. Bir məsələni də vurğulayaq ki, Co Bayden administrasiyasının Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasəti, ermənipərəsət addımları nəticəsində Bakı-Vaşinqton münasibətlərində əgər belə demək mümkünsə, bir qədər soyuqluq yaranıb. Onlardan bir neçəsini qeyd edək. ABŞ Konqresi tərəfindən 2024-cü ilin sentyabrında Azərbaycanı "təcavüzdə" ittiham edən qanun  qəbul olunub. 907-ci düzəlişi yenidən aktivləşdirilərək ölkəmizə birbaşa yardımın qarşısını alıb. Hətta ABŞ Dövlət Departamenti anti-Azərbaycan dairələrə qoşularaq Bakıda keçirilən COP29 öncəsi və tədbirin davam etdiyi günlərdə çirkin kampaniyalarını davam etdirib. Şübhəsiz, bütün bunlar  ədalətsiz və ikiüzlü siyasətin nəticəsidir.

Digər tərəfdən, son iki ildə, daha doğrusu, Azərbaycan və Ermənistan arasında sülh istiqamətində danışıqların getdiyi vaxtda Bayden administrasiyası  Makron Fransası ilə birgə "İrəvanın təhlükəsizliyini gücləndirmək cəhdi" adı altında Ermənistana yalnız iqtisadi dəstək verməklə kifayətlənmir, onun  silahlanmasında fəal iştirak edir, Cənubi Qafqazda gərginliyi daha da artırmağa çalışır. Bu günlərdə Ermənistan müdafiə naziri Suren Papikyanın Pentaqon rəhbəri Lloyd Ostinlə görüşündə bir daha bu kimi məsələlər gündəmə gətirilib.  Bu da Baydenin Ermənistanın  maraqları ilə oturub-durmasından bir daha xəbər verir.

Son vaxtlar Blinkenin rəhbərlik etdiyi qurumun nümayəndələri də Ermənistana mütəmadi səfərlər edir, müəyyən görüşlər keçirirlər. Amma həmin görüşlərin heç birində sülh üçün önəmli olan məsələdən, daha doğrusu, Ermənistanın Azərbaycan torpaqlarını işğal və ilhaq etməsini nəzərdə tutan konstitusiyasına əl gəzdirməyin vacibliyindən söz açılmır. Sadəcə, ümumi şəkildə sülhdən danışmaqla kifayətlənirlər. Şübhəsiz, bütün bunlardan ABŞ Dövlət katibi Antoni Blinken də xəbərdardır. Belə bir administrasiyanın vasitəçilik istəyindən nə gözləmək olar? Sonda Prezident İlham Əliyevin bu sözlərini də xatırlatmaq istərdik: “Mən ümumiyyətlə, istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin”.

Qvami Məhəbbətoğlu, “İki sahil”