Avropanın enerji təhlükəsizliyinin və mənbələrinin şaxələndirilməsinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan uğurla reallaşdırdığı müstəqil enerji siyasəti ilə beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməklə yanaşı, regional və beynəlxalq təhlükəsizliyə, qarşılıqlı ticari-iqtisadi əməkdaşlığa da böyük töhfələr verir.
Bu gün XXI əsrin layihəsi adlandırılan, Avrasiyanın enerji xəritəsinin zənginləşməsində strateji rol oynayan “Cənub Qaz Dəhlizi”nin uğurla reallaşdırılması bunun bariz nümunəsidir. 2006-cı ildə Brüsseldə imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” tərəflər arasında enerji əməkdaşlığının strateji xarakterini rəsmiləşdirərək bu tərəfdaşlığın daha da inkişaf etdirilməsinin konturlarını müəyyən edib. Avropanın enerji xəritəsinin zənginləşdirilməsində mühüm rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsi dövlətimizin başçısı İlham Əliyev ilə Avropa Komissiyasının sədri Manuel Barrozu arasında 2011-ci ilin yanvar ayında Bakıda “Cənub Qaz Dəhlizi” haqqında Birgə Bəyannamənin imzalanması ilə həyata vəsiqə qazanıb. 2012-ci ildə Türkiyə ilə TANAP-a dair saziş imzalanıb, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçilib, 2013-cü il dekabrın 17-də “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarı qəbul edilib və 2014-cü ildə “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimi keçirilib.
“Cənub Qaz Dəhlizi” marşrutunun mühüm seqmentlərindən biri olan TANAP layihəsini reallaşdırmaq məqsədilə 2012-ci il iyun ayının 26-da İstanbul şəhərində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” sazişə imza atılıb. TANAP layihəsi Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyi ölkələrinə xidmət edən bir neçə kəmərlə əlaqələndirəcək. Layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlkin dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr qazın 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.
Dünyanın aparıcı maliyyə qurumları bu nəhəng layihəyə maliyyə dəstəyini getdikcə gücləndirirlər. Bir müddət bundan əvvəl TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılmış kredit xətti üzrə 146,3 milyon ABŞ dolları məbləğində, habelə Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən ayrılmış kredit xətti üzrə 219,5 milyon ABŞ dolları məbləğində ikinci maliyyə tranşı baş tutub. Dünya Bankının Direktorlar Şurasının 2016-cı il 20 dekabr tarixli qərarına əsasən, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 400 milyon ABŞ dolları məbləğində kredit xətti ayrılıb. Bununla yanaşı, Asiya İnfrastruktur İnvestisiya Bankının Direktorlar Şurasının 2016-cı il 21 dekabr tarixli qərarına əsasən, kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 600 milyon ABŞ dolları məbləğində kredit ayrılıb. Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) tərəfindən 15 il müddətinə 750 milyon ABŞ dolları sindikatlasdırılmış kredit üzrə zəmanətin verilməsinə qərar verib. Bu günlərdə isə Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsində maraqlı olduğunu bildirib.
Zahid Rza, “İki sahil”