Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tərəfdaşlığı və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının, AzEdu Azərbaycan Təhsil Portalı ilə birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” adlı konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Gimnaziyada təşkil edilən konfransın məqsədi təcrübə və yenilik arasındakı tarazlığı təşviq etməkdir. Bu gün gənclərin təcrübəli insanların biliklərindən bəhrələnərək yenilikçi texnologiyaların və ideyaların tətbiqində daha böyük nailiyyətlər əldə etməsi əsas inkişaf istiqamətlərindən biri kimi dəyərləndirilir. Eyni zamanda, təcrübəli şəxslərin də gənclərin enerjisindən və yenilikçi baxışlarından ilhamlanaraq öz biliklərini yeni dövrün tələblərinə uyğun inkişaf etdirmələri üçün şərait yaradılması vacibdir. Bu yanaşma pedaqoji həmrəyliyin möhkəmləndirilməsi və müasir təhsil metodlarının daha geniş tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və Milli Məclisin deputatı Fazil Mustafa konfransda iştirak edən öz müəllimlərinə yaxınlaşıb, onlara hörmət əlaməti olaraq gül dəstələri təqdim edərək, salamlayıblar.
Konfransın rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov açılış nitqində təhsil sahəsindəki həmrəyliyin önəmindən danışıb.
Tədbirin digər iştirakçıları Milli Məclisin deputatı, Fazil Mustafa, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova və AzEdu.az təhsil portalının rəhbəri Tünzalə Abbasova çıxış edib.
Çıxışlarda müəllim peşəsinin cəmiyyətin inkişafındakı rolu və müasir tədris yanaşmalarının tətbiqinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə rəsmi hissə başa çatdıqdan sonra Heydər Əliyev adına tam orta məktəbin və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin şagirdləri tərəfindən hazırlanan bədii proqram təqdim edilib.
Tədbir Heydər Əliyev adına tam orta məktəbin şagirdləri Amil Mahmudov, Musa Babazadə və Uğur İsmayılovun “Dağların başı qışda qar olar” mahnısının ifası ilə başlayıb. İfa zamanı onlara “Xarı bülbül” ansamblı müşayiət edib. Ardınca Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin nağara dərnəyinin üzvləri “Azərbaycan ritmi” musiqisini təqdim ediblər.
Proqram IX b sinif şagirdi və “Xarı bülbül” ansamblının solisti Uğur İsmayılovun məktəb yoldaşları ilə birlikdə səsləndirdiyi “Bayatı-Şiraz” muğamı ilə davam edib. Bədii hissə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəqs dərnəyinin təqdim etdiyi “Cəngi rəqsi” ilə yekunlaşıb.
Konfransın əsas hissəsində müəllimlərin iştirakı ilə panel müzakirələri keçirilib.
Pərvinə Qədimovanın moderatorluğu ilə təşkil olunan müzakirələrdə bir sıra önəmli mövzulara toxunulub.
Çıxışın birinci hissəsində Rüstəmova Məlahət Oruc qızı – “Şagirdlərin dərsə cəlb edilməsi metodları” mövzusunda çıxış edib.
Sonra Tarverdiyeva Gülxara Budaq qızı – “Sinfin idarə edilməsi modelləri” haqqında məruzə edib.
Sonuncu çıxışda isə Məmmədova Rəxşəndə Mahmud qızı – “Zəif təhsil nəticəsi olan şagirdlərin göstəricilərinin yaxşılaşdırılması” mövzusundan danışıb.
Panel müzakirələri iştirakçılar arasında təcrübə və fikir mübadiləsi üçün geniş imkan yaradıb. Müəllimlərlə Milli Məclisinin deputatı Fazil Mustafa arasında keçirilən interaktiv sual-cavab sessiyası olub. Təhsil işçiləri özlərini maraqlandıran suallarla çıxış edib, müasir təhsil sisteminin inkişafı, təcrübənin tətbiqi və qanunvericilikdəki yeniliklər barədə deputatdan cavablar alıblar.
Tədbir mükafatlandırma və kollektiv xatirə fotosu ilə yekunlaşıb.