Prezident İlham Əliyev Qobustan və Şamaxı rayonlarına səfəri çərçivəsində yol, içməli su infrastrukturu obyektlərinin, 100 yerlik uşaq bağçasının, Şamaxı Safari Parkının açılışında iştirak etməklə yanaşı, Şamaxı rayonunda “Az-Granata” MMC-yə məxsus üzüm bağları ilə də tanış olub.
Qeyd etmək lazımdır ki, bu üzüm bağlarından təkcə ötən il 3 min ton məhsul tədarük edilib. “Az-Granata” MMC Şamaxıda üzüm bağları salmağa 2009-cu ildə 25 hektar sahədə bu işi yerinə yetirməklə başlamasına baxmayaraq, hazırda plantasiyaların sahəsi 375 hektara çatdırılıb. Onun 309 hektarı texniki üzüm növləri, 66 hektarı isə süfrə üzümü bağıdır. Buradakı üzüm tingləri Fransa, Türkiyə və Gürcüstandan gətirilən ən yaxşı növlərdən ibarətdir. Texniki növlərdən “Şardane”, “Cabarne”, “Cabarne Frans”, süfrə növlərindən “Prima”, “Cardinal”, “Sultaniye”, “Alfonz Lavalle”, “Danuta” və s. kimi növləri misal göstərmək olar. 2016-2017-ci illərin əkin mövsümündə “Superrior Seedeless”, “Crimson Seedles”, “Red Globe” kimi yeni növlər gətirilərək cavan bağlar salınıb. Bağda kişmiş və əla şərab üzümü olan “Mədrəsə” kimi yerli növlər də bağda yetişdirilərək məhsul istehsalı ildən-ilə artırılır.
Bağların Şamaxı rayonunda salınması təsadüfi deyil. Bu ərazinin dəniz səviyyəsindən yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, temperatur göstəriciləri və bu yerlərdən götürülən torpaq nümunələrinin laboratoriyalarda aparılan analizləri Şamaxıda yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir.
Bundan başqa, Şamaxının tarixən üzümçülüyün geniş yayıldığı rayonlardan olması amili hazırda burada bu sahənin təşəkkül tapmasında əhəmiyyətli rol oynayır. Rayon üzümlükləri vaxtilə böyük şöhrət qazanıb. Belə ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə - ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilib. Sonradan bədnam M.Qorbaçovun Sovet İttifaqında başlatdığı alkoqolizmlə mübarizə tədbirləri, eyni zamanda, 1990-cı illərin əvvəllərində ölkədə yaşanan gərginlik, baxımsızlıq iqtisadiyyatın digər sahələri kimi, üzümçülüyü də demək olar ki, sıradan çıxarmışdı. Lakin hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu sahənin yenidən dirçəldilməsində mühüm rol oynayır. Bu Dövlət Proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini də gücləndirib, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına müsbət təsir göstərib. Təsadüfi deyil ki, Şamaxıda da son illər təsərrüfatın bu gəlirli sahəsinin sürətlə inkişafı nəticəsində artıq üzüm bağlarının sahəsi 1650 hektara çatdırılıb ki, bunun da 1550 hektarı məhsul verir. Mütəxəssislər cari mövsümdə rayonda 14 min tondan çox üzüm istehsal olunacağını proqnozlaşdırırlar.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Pənahov qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri çərçivəsində üzümçülüyə xüsusi diqqət ayırması “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” istiqamətində aidiyyatı qurumlar tərəfindən görülən tədbirləri daha da sürətləndirəcək. T.Pənahov dövlətimizin başçısının AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı nitqini xatırladaraq kənd təsərrüfatının digər sahələrində olduğu kimi, üzümçülüyün də elmi əsaslar üzərində inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb və ölkə başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən sözügedən Dövlət Proqramının bu sahənin inkişafında misilsiz rola malik olduğunu qeyd edib.
Direktor, həmçinin, “Az-Granata” MMC-yə məxsus bağlarda yetişdirilən üzüm növlərinə toxunaraq onların arasında ən tez yetişən (“Prima”), nəqliyyata davamlı (“Cardinal”), süfrə üzümləri ilə yanaşı, bir çoxunun olduqca məhsuldar texniki sortlar olduğunu bildirib.
Bütün bunlar onu deməyə imkan verir ki, Prezident İlham Əliyevin hazırda intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti, bu sahənin inkişafına göstərilən dövlət dəstəyi tədbirləri uğurlu nəticəsini verir. Bu da kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, daxili tələbatı ödəmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Elə üzümçülüklə bağlı həyata keçirilən tədbirlər də bunun əyani göstəricisidir.
Ceyhun Piriyev, “İki sahil”