03 oktyabr 2017 21:54
582

“Star” neft emalı zavodunda layihə işlərinin 95 faizi görülüb

SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyədə tikintisini həyata keçirdiyi “Star” neft emalı zavodunda layihə işlərinin 95 faizi görülüb.

AZƏRTAC “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ) istinadla xəbər verir ki, bu barədə “Star” neft emalı zavodunun baş direktoru Mesut İlter Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatının (EPDK) rəhbəri Mustafa Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib. Bildirilib ki, zavodun gələn il istismara verilməsi planlaşdırılır.

Qeyd edək ki, “Star” neft emalı zavodundan ilk 5 ildə hər il Azərbaycan iqtisadiyyatına 614 milyon dollar gəlir gələcək. Növbəti 10 il ərzində isə “Star”dan hər il 864 milyon dollar əməliyyat gəliri gələcəyi gözlənilir.

Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodun tikintisi “Petkim” neft-kimya holdinqinin ərazisində həyata keçirilib.

SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.