Ağsu rayonunda aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda doqquz ayın nəticələri bütün göstəricilər üzrə ötən ilin müvafiq dövrünə nisbətən uğurlu olub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, bölgədə heyvandarlıq sahəsi intensiv inkişaf edir. Belə ki, cari ilin doqquz ayında rayonda istər iribuynuzlu mal-qaranın, istərsə də davarların baş sayı artıb. Bu müddətdə diri çəkidə 3889 ton ət istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 ton çoxdur. Doqquz ayda süd istehsalı 195 ton artaraq 21 min 227 tona, yumurta istehsalı 150 min ədəd artaraq 6 milyon 75 min ədədə, yun istehsalı isə 3 ton artaraq 306 tona çatıb.
Qeyd edək ki, rayonda süni mayalama yolu ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində ardıcıl iş aparılır. Təkcə doqquz ayda bu yolla 209 baş cins bala alınıb.