25 dekabr 2024 23:58
433

Radikal müxalifətin iyrənc təxribatları, böhtançı təbliğatı iflasa məhkumdur

Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycan dövlətinin gücünü, ölkə rəhbərliyinin siyasi iradəsini və xalqımızın əzmini göstərir. Bu gün nəhəng tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələrin uğurla reallaşdırılması, tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq misilsiz işlər görməsi hər birimizin köksünü qabardır.

İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazanan, ekspertlərin də bildirdiyi kimi, dünyadakı mövcud geosiyasi böhranı öz lehinə çevirərək, ən ağrılı problemini həll edərək ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycana qarşı aparılan çirkin oyunlarda, qarayaxma kampaniyasında erməni lobbisi, eyni zamanda, məkrli düşmən qüvvələr kifayət qədər fəallıq nümayiş etdirirlər.  Tarixi Qələbəmiz başda məğlub Ermənistan olmaqla xarici anti-Azərbaycan dairələr, onların ölkəmizdəki ruporu rolunu oynayan başda AXCP və “Milli Şura” adlı antimilli qurum olmaqla radikal müxalifət zümrəsini, marginal qrupları ciddi narahat edir, yuxularına haram qatır.

Dağıdıcı, anarxist düşüncəli müxalifət qaragüruhçuları sosial şəbəkə platformalarında, özlərinə bağlı olan internet tv-lərdə işğaldan azad edilmiş ərazilərdə görülən işlərə riyakarcasına kölgə salır, məsuliyyətsiz, həqiqəti təhrif edən “şərhlər” verir, cəmiyyətdə yanlış fikir formalaşdırmaq üçün qərəzli, yalan informasiyalar yayırlar.

Yaxşı bilirik ki, Qərbdəki ağalarına, erməni lobbisinin təsiri altında olan bəzi media orqanlarına və beynəlxalq qeyri-hökumət təşkilatlarının anti-Azərbaycan fəaliyyətinə züy tutan bu dönüklər bütün güclərini COP29-a qarşı qarayaxma kampaniyasına sərf etsələr də istədikləri nəticəni əldə edə bilmədilər. Çünki Azərbaycan dövləti bu mötəbər tədbirə yüksək səviyyədə evsahibliyi edərək möhtəşəm uğurlara imza atdı. Bütün bunlardan ciddi narahat olaraq daha da aqressivləşən dağıdıcı müxalifət təmsilçiləri-AXCP sədri Əli Kərimli və onun yaxın ətrafı xaricdəki havadarlarının tapşırığı ilə Böyük Qayıdış prosesinə qarşı iyrənc təxribata, böhtançı təbliğata əl ataraq görülən işlərə qarşı qarayaxma kampaniyası apararaq əsl mənəviyyatsızlıq və siyasi əxlaqsızlıq nümayiş etdirirlər.

Xaricdəki anti-Azərbaycan mərkəzlərin maliyyəsi və sifarişi ilə sosial şəbəkələrdəki çıxışlarında Böyük Qayıdışa zəhər-zəmbərək iftiralar, şər-böhtan, əsassız ittihamlar yağdıran antimilli qaragürühçulardan fərqli olaraq bu proses bir çox nüfuzlu və populyar xarici mətbuat orqanlarında daha geniş, hərtərəfli, obyektiv təhlil olunaraq yüksək qiymətləndirilir. Məsələn, dünyanın ən məşhur media orqanlarından olan “Forbes” jurnalında bu yaxınlarda dərc olunan məqalədə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərin mina sahələrindən məhsuldar torpaqlara çevrilməsi və kənd təsərrüfatının indiki inkişafına geniş yer verilib.

“Mina sahələrindən məhsuldar torpaqlara”, “Qarabağın potensialı: qədim tarixdən müasir dövrə”, “Mina problemi: insan həyatı və təhlükəsizlik”, “Yeni ümid toxumları: “Mina sahələrindən üzüm bağlarına”, “İqtisadi və sosial bərpa”, “Gələcəyə baxış” adlı yarımbaşlıqlarla təqdim edilən mətndə göstərilir ki, Qarabağda mina sahələrinin təmizlənməsi və bu torpaqların məhsuldar əkin sahələrinə çevrilməsi yalnız iqtisadi dirçəliş üçün deyil, həm də müharibənin dağıntılarını silmək və icmaların gələcəyini təmin etmək üçün böyük bir addımdır. Qeyd olunur ki, bu təşəbbüs Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə təqdimatı və regional əməkdaşlığa töhfə verməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Buyurun, bu, hər şeyə mız qoyan inkarçı müxalifətin “başbiləni” Ə.Kərimlinin və onun başıpozuq dəstəsinin  işğaldan azad edilmiş ərazilərdə görülən işlər barəsində şər-şəbədəsi, yalanları, bu da dünyaca məşhur “Forbes” jurnalının Böyük Qaydış prosesi haqqında əsl həqiqətləri əks etdirən məqaləsi. Hər ikisinə indi özünüz qiymət verin…

Zahid Rza, “İki sahil”