27 dekabr 2024 12:21
123

İdman həmrəyliyi Azərbaycanı davamlı inkişafa səsləyir

Bu gün Azərbaycan dünyada qədim idman ənənələri ilə seçilən az ölkələrdən biri olaraq tanınır. Heç kəsə sirr deyil ki, bu sahənin inkişaf strategiyasının təməli məhz Ümumilli Lider Heydər Əliyev tərəfindən atılıb. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirilib, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsinə qayğı ilə yanaşılıb. Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması ölkədə idmanın inkişafına güclü təkan verdi. Məhz bu dövrdən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirildi.

Azərbaycanda Milli Olimpiya Komitəsinin 1992-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, yalnız 1997-ci ildən etibarən bu sahədə əhəmiyyətli inkişafa nail olundu. Belə ki, həmin il Azərbaycanda Milli Olimpiya Komitəsinin yenidən təşkil olunması, İlham Əliyevin yekdilliklə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi Azərbaycanın idman siyasətinin və Olimpiya hərəkatının yeni müstəvidə müstəqil inkişafında mühüm rol oynadı. O zaman məhz İlham Əliyev idmanın və olimpiya hərəkatının inkişafına yönəlik təşəbbüsləri ilə ölkənin beynəlxalq idman arenasında daha da tanınmasına və uğurlar əldə etməsinə əhəmiyyətli töhfələr verdi.

Ümumiyyətlə, Azərbaycan ilk dəfə 1998-ci ildə Yaponiyada keçirilən Qış Olimpiya oyunlarında təmsil olunsa da, 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Olimpiya oyunları ölkəmizin olimpiya hərəkatı tarixində ən böyük uğuru idi. O zaman Ulu Öndər Heydər Əliyevin Sidney Olimpiya Oyunlarına Azərbaycan idmançılarını şəxsən yola salarkən göstərdiyi diqqət və dəstək, idmanın inkişafı üçün yeni bir dövrün başlanğıcını qoydu. Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu.

Təbii ki, o zamandan bu günə qədər Azərbaycanda idman siyasəti davamlı olaraq inkişaf etdi, görülən işlər nəticəsində idmançılarımızın beynəlxalq arenada daha yüksək nəticələr əldə etməsinə və Azərbaycan idmanının beynəlxalq səviyyədə tanınmasına xüsusi təkan verdi.

Təsadüfi deyil ki, 2024-cü ildə ölkəmizi ləyaqətlə təmsil edən Azərbaycan idmançıları müxtəlif yarışlarda 1700-ə yaxın medal qazanıblar. 24 dekabr 2024-cü il tarixində ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.”

Bu göstəricilər bundan sonra da Azərbaycanın idman sahəsində uğurlarının bol olacağını, vətənpərvər idmançılarımızın qədirbilən Azərbaycan xalqını əldə etdikləri yüksək nəticələrlə sevindirəcəyini deməyə əsas verir. Xüsusilə, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda ölkəni təmsil edərkən əldə etdikləri qələbələr, Bayrağımızın qaldırılması və himnimizin səslənməsi gənc nəsil üçün nümunə olmaqla onların vətənpərvərlik hissini gücləndirir. Bu, öz növbəsində, Azərbaycanda yetişməkdə olan gənc nəslin idmana marağının, fiziki-hərbi hazırlığının, Vətənə və Azərbaycan Bayrağına olan məhəbbətinin artmasında əməli rol oynayır.

Bu baxımdan, bu gün Azərbaycanın hər bir regionunda idmanın hərtərəfli inkişafına şərait yaradılıb. Bu iş davamlı olaraq inkişaf etdirilir və hal-hazırda vətənpərvər Azərbaycan gəncliyinin şücaəti ilə işğaldan azad edilmiş doğma Qarabağımızda da həyata keçirilir. Ağdam şəhərində yeni stadionun inşa edilməsi, Xankəndi şəhər stadionunun əsaslı təmiri, Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməlinin qoyulması həm öz dədə-baba yurdlarına qayıdan insanlarımızın idmana əlçatanlığını təmin edəcək, eləcə də gələcəkdə işğaldan azad edilmiş ərazilərdə mötəbər beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün etibarlı zəmin olacaqdır.

Xüsusilə, Azərbaycanın idman ictimaiyyətinin iştirakı ilə 30 ildən sonra ilk dəfə Xankəndi şəhər stadionunda Qarabağ futbol klubumuzun tarixi yoldaşlıq oyununun keçirilməsi, bir daha idmanın, o cümlədən idman ictimaiyyətinin yalnız sülhə və davamlı inkişafa kökləndiyni ortaya qoyur.

Qeyd edim ki, Azərbaycan növbəti il daha bir böyük idman yarışına ev sahbliyi edəcək. Belə ki, Respublikamızın 14 şəhərində təqribən yeddi min idmançının iştirak edəcəyi Üçüncü MDB Oyunlarının yarışları baş tutacaq. Bu Oyunlarda MDB-yə üzv dövlətlərin idmançıları bayram abu-havası ilə qarşılıqlı hörmət, dostluq, sağlam rəqabət, təhlükəsizlik və dayanıqlı sülhə əsaslanan həmrəyliyi nümayiş etdirəcəklər. Əminəm ki, bu yarışlarda da idmançılarımız Azərbaycanı yüksək səviyyədə, ləyaqətlə təmsil edəcək və bundan sonra bu sahədə əldə edəcəyimiz qələbələr yeni dövrün çağırışlarına cavab verən idman növlərinin inkişaf etdirilməsi üçün şərait yaradacaqdır.

Məzahir Əfəndiyev,

Milli Məclisin deputatı