Ümummilli Lider Heydər Əliyev hamımızın bir Vətəni olduğunu önə çəkərək Azərbaycanın daha da qüdrətlənməsinə, güclənməsinə, beynəlxalq aləmdə təqdimatına öz töhfələrimizi verməyə çağırdı. Vahid amal-azərbaycançılıq ideyası ətrafında sıx birliyimiz müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılmasında öz sözünü dedi. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik Gününü, eyni zamanda, milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər. Azərbaycançılıq, ölkəmizdə sülh, əmin-amanlıq, dostluq şəraitində yaşayan millətlərin, xalqların əməkdaşlığı, milli birlik Azərbaycanın hədəflərə doğru inamla irəliləməsində mühüm rol oynayır. 44 günlük İkinci Qarabağ müharibəsi, bir günlük antiterror tədbirləri bunun bir daha təqdimatı oldu.
Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın birliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu. Qurultaydakı çıxışında Ümummilli Lider Azərbaycan diasporunun qarşısında dayanan vəzifələri açıqlayaraq növbəti dövr üçün fəaliyyətlərinin yol xəritəsini təqdim etdi. Əsas hədəf erməni yalanlarının ifşa edilməsi, hazırda tarixə qovuşmuş Qarabağ münaqişəsinin əsl mahiyyətinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması idi. Dövlət başçısı İlham Əliyevin son 21 ildə imzaladığı sərncamlar əsasında keçirilən Dünya Azərbaycanlılarının II, III, IV, böyük qürurla bəhs etdiyimiz V qurultayı ötən dövrlərdə Azərbaycanın qazandığı uğurların beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyev qurultaylardakı çıxışlarında güclü, qüdrətli Azərbaycanın bütün dünya azərbaycanlılarının qürur mənbəyi olduğunu bildirdi. Zəfər Qurultayı tamamilə fərqli ab-havada qeyd edildi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı bir araya gətirən məkan paytaxt Bakı deyil, Azərbaycanın döyünən ürəyi, türk dünyasının mədəniyyət paytaxtı Şuşa oldu. Dövlət başçısı İlham Əliyev 65 ölkədən 400-dən çox diaspor nümayəndəsinin və qonağın qatıldığı Zəfər Qurultayındakı çıxışında bu fikirləri böyük qürur hissi ilə bildirdi: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır”.
Azərbaycan tarixi Zəfərimizin və suverenliyimizin yaratdığı reallıqların təqdimatı, qəbul etdirilməsi istiqamətində mühüm uğurlar qazanıb. Dünyanın əksər gücləri yeni reallıqları qəbul edərək bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanla Azərbaycan arasında münasibətlərdə yeni səhifənin açılmasına, sülh müqaviləsinin imzalanmasına dəstək göstərməyə hazır olduqlarını bildirdilər. Azərbaycanın sülh gündəliyinin, yeni əməkdaşlıq formatının müəllifi kimi mövqeyi möhkələndi. Ölkəmiz türk dünyasının birliyinə töhfələri ilə diqqətdədir. 44 günlük İkinci Qarabağ müharibəsində və bir günlük anterror tədbirlərində göstərdiyimiz birlik əsasında şanlı Zəfərə necə imza atdıqsa, soydaşlarımızın Böyük Qayıdışının tam şəkildə reallığa çevrilməsində də eyni həmrəyliyi nümayiş etdiririk.
Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında birliyimizin, həmrəyliyimizin uğurlarımızda rolu təqdir edilir. Cənab İlham Əliyev bu günlərdə idman yekunlarına həsr olunan mərasimdə də Azərbaycanın tarixi Zəfərindən, azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən geniş bəhs etdi. Bildirdi ki, biz tarixi ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik və bununla qürur duyuruq. Bu şanlı Qələbəmiz hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Biz döyüş meydanındakı Zəfərimizə idman qələbələrini də əlavə etdik və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Çünki idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir, onu əks etdirir. Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir.
Bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi, bütün bunları Azərbaycanda görmürük və görməyəcəyik. Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və əminəm ki, bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri