30 dekabr 2024 02:59
651

Beynəlxalq aləmdə yeni platformamız - D-8-ə üzvlük

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq Prezident İlham Əliyev dünya ölkələri və müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıqlara xüsusi önəm verir. Hətta demək olar ki, beynəlxalq təşkilatlarda aktiv iştirak Azərbaycanın xarici siyasətində son illərdə əsas prioritetlərdən birinə çevrilib. Yola salmağa hazırlaşdığımız ildə ölkəmizin daha bir mötəbər beynəlxalq təşkilatın, daha doğrusu, inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) tamhüquqlu üzvü olması bunu sübut edir. Şübhəsiz, bu, hər şeydən əvvəl Prezident İlham Əliyevin effektli xarici siyasətinin məntiqi nəticəsi olmaqla bərabər, həm də dövlətimizin çoxtərəfli və güclü diplomatiyasının uğurudur. Elə bu səbəbdən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və bir sıra nüfuzlu təşkilatların üzvü olan Azərbaycanın dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammiti çərçivəsində D-8 təşkilatına yekdilliklə üzv qəbul edilməsi 2024-cü ilin ən əlamətdar hadisələrindən biri kimi dəyərləndirilir.

Məlumat üçün bildirək ki, üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollardan artıq ÜDM-ə malik, 130 milyard ticarət dövriyyəsi həyata keçirən, əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edən (ümumi əhali 1,2 milliardan artıqdır) və böyük iqtisadi potensiala malik “İslam Səkkizliyi” adlanan D-8-in sıralarına inkişaf etməkdə olan səkkiz müsəlman dövləti (Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin) daxildir. Qeyd edək ki, Azərbaycan 1997-ci ildə İstanbulda keçirilən dövlət və hökumət başçılarının Zirvə görüşündə təsis edilmiş D-8-in 9-cu üzvü olmaqla yanaşı, yarandıqdan sonra bu təşkilata üzv olan yeganə ölkədir. Bəli, yeganə dövlət! Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev Misir Prezidentinə bu münasibətlə ünvanladığı təbrik məktubunda qeyd edib ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatının ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etməsi Azərbaycana beynəlxalq etimadın göstəricisidir və bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.

Şübhəsiz, D-8-in BMT-dən sonra dünyanın ən böyük təsisatı olan Qoşulmama Hərəkatına 4 illik sədrlik edən, eləcə də dünyada ən mötəbər tədbirlərdən biri sayılan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) keçirən Azərbaycanla əməkdaşlıq coğrafiyasını genişləndirməsinin əsas səbəbləri ölkəmizin re­gional lider kimi yeni inkişaf dinamikası səviyyəsinə yüksəlməsi, müstəqil siyasət aparması, üzv olduğu təşkilatlarda konkret və real proqramlar üzrə işləməsi, həm də qlobal miqyaslı problemlərin həllində fəallıq göstərməsidir.

Əminliklə demək olar ki, Azərbaycanın D-8-ə üzvlüyü dövlətimizin İslam coğrafiyasındakı yeri və mövqeyinin daha da möhkəmlənməsi, müsəlman dünyasında baş verən hadisələrdə oynadığı rolun bir o qədər də təsirli və keçərli olması anlamından irəli gəlir. Bu mənada Azərbaycanın təşkilata üzv seçilməsi həm də İslam həmrəyliyinin bariz göstəricisidir. Xatırladaq ki, rəsmi Bakının xarici siyasət kursunun prioritet istiqamətlərindən birini İslam həmrəyliyi təşkil edir. Bu mənada Şərq ilə Qərb arasında körpü rolunu oynayan, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri sayılan Azərbaycanın D-8-ə üzvlüyü, eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsinə böyük töhfə olacaq.

Bir məsələni də vurğulayaq. Doğrudur, Azərbaycan ölkəmizin dövlət müstəqilliyini tanıyan, həmişə haqq səsimiz dəstək verən Türkiyə və Pakistanın da təmsil olunduğu İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Amma unutmayaq ki, bu siyasi təşkilatın üzvü olmaq heç də İslam dünyası ilə tam inteqrasiya olmaq demək deyil. Amma Azərbaycan dünya ölkələri içərisində böyük iqtisadi potensiala malik olan D-8-ə qoşulmaqla həm də iqtisadi cəhətdən güclü müsəlman dövlətləri ilə iqtisadi əməkdaşlığa geniş rəvac verəcək. Yəni, bu, ölkəmizin iqtisadi cəhətdən daha da güclənməsinə, iqtisadiyyatımızın əsas prioritetlərindən biri olan qeyri-neft sektorunun inkişafına, həmçinin regionda strateji mövqeyini möhkəmləndirməyə yeni təkan olacaq. İqtisadçıların fikrincə, təşkilat çərçivəsində Azərbaycan iqtisadiyyatına hər il 5-10 milyard dollar həcmində sərmayə cəlb oluna bilər. Bu, həm də digər böyük iqtisadi qüvvələrlə əməkdaşlıq potensialını genişləndirməsindən xəbər verir. Bir sözlə, bundan qazanan həm Azərbaycan, həm D-8-də təmsil olunan dövlətlər, bütövlükdə isə İslam ölkələri olacaqlar. Bütün bunlar isə Azərbaycanın D-8 təşkilatına üzv seçilməsinin təkcə diplomatik uğur deyil, ölkəmiz, eləcə də digər dövlətlər üçün yeni əməkdaşlıq qapısının açılması deməkdir. Şübhəsiz, bu istiqamətdə fəaliyyət, daha doğrusu, yeni qapıların açılması 2025-ci ildə də ölkəmizin xarici siyasətində prioritet olaraq qalacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”