30 dekabr 2024 02:27
619

Ermənistan: Yeni ilə yeni borclarla…

Təkcə faiz ödənişi 2025-ci ildə 1 milyard dollar təşkil edəcək

Ermənistanın İkinci Qarabağ savaşındakı məğlubiyyətindən xeyli vaxt keçməsinə baxmayaraq bu ölkə hələ də özünə gəlmək iqtidarında deyil və sosial-iqtisadi, hərbi-siyasi böhran içərisində çabalayır. Nəticədə Ermənistan vətəndaşlarının arasında hökumətə qarşı ciddi inamsızlıq hökm sürür. Xüsusilə ölkənin xarici dövlət borcları hər il artmaqda davam edir. Artıq Ermənistanın dövlət borcu illik dövlət büdcəsindən xeyli çoxdur. İstər borcun, istərsə də qiymətlərin xeyli artması nəticəsində borclara xidmət çətinləşib. Ermənistan hakimiyyətinin “səyləri” ucbatından ölkə dəhşətli maliyyə yükü altına düşüb. Məlumata görə, hər il Ermənistanın dövlət büdcəsindən borclara xidmət üçün yüz milyardlarla dram ayrılır. “2025-ci ildə dövlət borcunun ödənilməsi və borclara xidmət üçün 1117,1 milyard dram tələb olunacaq ki, bunun da 723,0 milyard dramı borc ödənişləri, 394,1 milyard dramı isə faiz ödənişləri olacaq”, - deyə bu yaxınlarda Ermənistan hökuməti gələn ilin dövlət büdcəsi layihəsində qeyd edib. Bunlar Ermənistan üçün fəlakətli dərəcədə böyük pullardır.

Son 6 ildə Ermənistan hökumətinin borcu təxminən iki dəfə artıb. Borc üzrə faiz dərəcəsi əvvəlki 4-4,5 faizdən 7,3 faiz təşkil edib. İlin sonuna kimi 7,6 faizə çatacağı gözlənilir. Gələn il təkcə Ermənistan hökumətinin borcunun faizlərini ödəmək üçün 394 milyard dram lazımdır ki, bu da bu illə müqayisədə 49 milyard çoxdur. Bugünkü məzənnə ilə bu, 1 milyard dollardan çox olacaq. Nümunə üçün deyək ki, Ermənistanın 2018-ci ilin dövlət büdcəsində borclara xidmət üçün cəmi 140 milyard dram ayrılıb. Gələn il isə 394 milyard dram ayrılacaq. Paşinyanın hakimiyyətinin 6 ilində təkcə borcun faizlərinin ödənilməsi 2,8 dəfə artaraq, 140 milyard dramdan 394 milyard drama çatıb. Məlumatlara görə, gələn il xarici borc faizlərini ödəmək üçün 108 milyard dramdan çox pul tələb olunacaq. Halbuki 2018-ci ilin büdcəsində xarici borcun ödənilməsi üçün nəzərdə tutulan məbləğ cəmi 47 milyard dram olub ki, bu da indikindən azı iki dəfə azdır. Amma borc xidməti yalnız faizlə məhdudlaşmır. Borcları ödəmək üçün daha böyük məbləğlər lazımdır.

Ermənistanın 2025-ci il dövlət büdcəsi layihəsinə əsasən, gələn il borcun ödənilməsi üçün 723 milyard dram tələb olunacaq: 408,5 milyard dram dövlət xəzinə istiqrazları, 132,3 milyard dram xarici valyutada dövlət istiqrazları, 182,1 milyard dram isə xarici kreditlərin ödənilməsi üçün nəzərdə tutulub. Bu məbləğlər çox vaxt yeni borclar cəlb etmək vasitəsilə ödənilir. Ermənistan hökuməti xarici valyuta istiqrazlarının borcunu belə bağlamaq niyyətindədir. Ermənistan hakimiyyətinin təmsilçiləri əvvəlki buraxılışın borcunu ödəmək üçün yeni avrobondlar buraxmağa hazırlaşırlar. Bu azmış kimi yeni buraxılışla əvvəlki buraxılışın borcunu ödəmək istəyirlər. Həm də daha çox borc götürməyə, əvvəlki buraxılışın qaytarılması üçün lazım olandan çox pul cəlb etməyə hazırlaşırlar. “Dövlət büdcəsi haqqında qanunla 2025-ci ildə qaytarılan, nominal dəyəri 313,2 milyon ABŞ dolları olan avrobondların yenidən maliyyələşdirilməsi məqsədilə 500 milyon ABŞ dolları həcmində yeni avrobondların yerləşdirilməsini həyata keçirmək nəzərdə tutulub. Lakin beynəlxalq maliyyə strukturlarından daha sərfəli şərtlərlə kreditlərin cəlb edilməsi imkanının mövcudluğu və ya daxili bazarda əlverşli şərtlərin mövcudluğu hallarında bu mənbələrdən hər biri və ya bunların birləşdirilməsi vasitəsilə 2025-ci ildə qaytarılan avrobondları yenidən maliyyələşdirməyin məqsədəuyğunluğu hökumət tərəfindən nəzərdən keçiriləcək”, - deyə Ermənistanın 2025-ci il dövlət büdcəsi layihəsində bildirilir.

Ermənistan hökumətinin proqnozlarına görə, cari ilin sonuna qədər borc 12 milyard 644 milyon dollar təşkil edəcək. 1,3 milyard dollardan çox artacaq. Gələn ilin sonuna qədər bu, 13 milyard 972 milyon dollara çatacaq. Yenidən 1,3 milyard dollar artacaq, icazə verilən həddi keçərək, ÜDM-in 53,3 faizinə yaxınlaşacaq. Ermənistan hökumətinin büdcə layihəsinə əsaslanan proqnozlarına əsasən, borcun orta çəkili faiz dərəcəsi 7,5 faiz təşkil edəcək. Onu da qeyd edək ki, xarici borcun 91 faizi Ermənistan hökumətinin, 9 faizi isə Mərkəzi Bankın borcudur. Xarici və hökumət kreditlərinin ən böyük hissəsi Dünya Bankının payına düşür. Ermənistanın ikinci ən böyük kreditoru 18,8 faizlə Asiya İnkişaf Bankıdır.

Beləliklə, Ermənistanın dövlət büdcəsi və xarici borclarının real mənzərəsi bir daha sübut edir ki, baş nazir ölkəni uçuruma sürükləyir. Artıq yerli iqtisadçılar və hakimiyyətyönlü müəyyən siyasi dairələr də məsələ ilə bağlı həyəcan təbili çalır. Vaxt daralır, amma problem getdikcə artır. Məsələnin həlli üçün isə “Mülki müqavilə”nin təklif etdiyi yeganə variant daha da çox borclanmaqdır. Büdcənin talanması, yerli icra hakimiyyəti orqanları və müəyyən iri ranqlı məmurlar tərəfindən həzm-rabedən keçirilməsi, xalqın günü-gündən yoxsullaşması fonunda Paşinyanın ağızdolusu sosial islahatlardan, proqramlardan danışması, pensiyaları iki dəfə artıracağı barədə vədləri artıq gülünc görünür.

Sevinc Azadi, “İki sahil”