30 dekabr 2024 01:25
887

Azərbaycan “Konstitusiya və Suverenlik İli”ni tarixi uğurlarla qarşılayır

Ölkəmiz üçün çox uğurlu və əlamətdar hadisələrlə zəngin olan, Vətən tarixinə yeni nailiyyətlər səhifəsi kimi yazılan 2024-cü ili yola salırıq. Ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” kimi qeyd olunan bu ildə Azərbaycanın daxili və xarici siyasətinin uğurları respublikamızın gücünə güc qatdı. 2024-cü ildə Azərbaycanın ictimai-siyasi həyatına xüsusi hərflərlə həkk olunan tarixi günlər yaşadıq.

Azərbaycan qırx dörd günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında qəhrəman ordumuzun həyata keçirdiyi 24 saatlıq lokal antiterror tədbirləri ilə suverenliyini bərpa etdi. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olundu. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü elan edildi. 30 illik erməni işğalına son qoyaraq ərazi bütövlüyünü və süverenliyini bərpa edən Azərbaycanda 2024-cü il fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində prezident, sentyabrın 1-də isə parlament seçkiləri keçirildi.

Son 21 ildə sürətli və dinamik inkişaf yolu keçən, tarixi nailiyyətlər əldə edən Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ilk dəfə bütün ölkə ərazisində keçirilən prezident seçkiləri çox mühüm tarixi məqamları ilə yadda qaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdilər. Xəyalları gerçəyə çevirən qalib Sərkərdəmizin-Azərbaycanın Liderinin seçkilər zamanı Xankəndidə səsverməsi Ermənistana və onun havadarlarına tarixi mesaj idi: Qarabağ məsələsi birdəfəlik bitib. Bu səhifə birdəfəlik qapadılıb. Bu torpaqların həqiqi sahibi Azərbaycandır və bu əbədi belə olacaq.

Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində 2024-cü ildə Qarabağ Zəfəri siyasi-diplomatik müstəvidə daha da möhkəmləndirildi, əsas hədəflərə nail olundu. Azərbaycanın hərbi qüdrəti artırıldı. Bu il də Böyük Qayıdış Konsepsiyasını uğurla həyata keçirən ölkəmiz işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri daha da sürətləndirildi. Zəngilana, Füzuliyə, Laçına, Şuşaya və Xocalıya keçmiş məcburi köçkünlərin mərhələli qayıdışının təmin olunması istiqamətində işlər uğurla davam etdirildi. Kəlbəcər, Cəbrayıl, Ağdam və digər rayonlarda insanların doğma yurdlarına qayıdışı ilə bağlı intensiv işlər davam etdirildi.

Azərbaycanla Ermənistan arasında sülh prosesi özünün mürəkkəb mahiyyətinə, çətinliklərinə baxmayaraq bu il də davam etdirildi. Bölgədə dayanıqlı sülhün, əməkdaşlığın, təhlükəsizliyin bərqərar olmasını istəyən Azərbaycan tərəfindən sülh danışıqlarını irəli aparmaq istiqamətində ciddi addımlar atıldı.

Qarabağ Zəfəri ilə Cənubi Qafqazda yeni realıqlar yaradan, dayanıqlı inkişafını etibarlı şəkildə təmin edən irimiqyaslı qlobal layihələrin mərkəzinə, regionun liderinə çevrilən, beynəlxalq arenada mövqelərini gündən-günə möhkəmləndirən Azərbaycan 2024-cü ildə COP29-a ev sahibliyi etməklə daha bir möhtəşəm uğura imza atdı. Prezident İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bildirmişdir: “Bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”. 

2024-cü il Azərbaycan tarixinə növbəti uğurlu dövr kimi yazıldı. Azərbaycan 2025-ci ilə böyük nailiyyətlərlə qədəm qoyur. Gələn il qalib xalqımız müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunun 30-cu ildönümünü Zəfər sevinci və xoş bayram ovqatı ilə qeyd edəcək. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, gələn il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alan Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarxili Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Sərəncamda bildirilir ki, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.

1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.

Uzun illər Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.

Bu gün Azərbaycan dövləti xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Bəli, öz ərazi bötüvlüyünü və suverenliyini bərpa edən, beynəlxalq aləmdə mövqelərini gündən-günə möhkəmləndirən, davamlı və dinamik inkişaf edən, qlobal proseslərdə aktiv mövqeyi ilə seçilən Azərbaycan 2025-ci ili - “Konstitusiya və Suverenlik İli”ni böyük nailiyyətlərlə qarşılayır.

Zahid Rza, “İki sahil”