Bu ilin əvvəlindən sonuncu günlərinə qədər ölkəmiz bir çox sahələrdə sanballı uğurlar qazanıb. Beynəlxalq yarışlarda idmançılarımızın qələbələrinə sevinmişik, Formula-1 Bakı Qran-Prisini maraqla izləmişik, ölkəmizin iqtisadi-siyasi sahələrdəki nailiyyətləri ilə fəxr etmişik. Bunların hamısının fövqündə Bakıda noyabr ayında keçirilən ən böyük beynəlxalq tədbir olan COP29 konfransı dayanıb. Bu konfrans elə böyük iqtisadi-siyasi potensial tələb edir ki, hər dövlətin onu təşkil etməyə imkanı çatmaz. Məsələn, Ermənistan onu keçirə bilmədi. Ancaq Azərbaycan COP29-u elə yüksək səviyyədə keçirdi ki, bir şox dövlətlərin təmsilçiləri tədbirin təşkilindən və keçirilməsindən böyük razılıqla danışdılar. Bununla da Azərbaycan göstərdi ki, Cənubi Qafqazda söz sahibidir. Dünya ölkələrinin əksəriyyəti bu mövqeyi qəbul etdi. Ölkəmiz bu nəhəng tədbirlə dünyada özünə çoxlu dost qazandı, mütəfiqlərimizin sayını xeyli artırdı. Onlar konfransdan öz ölkələrinə zəngin təəssüratlarla qayıtdılar. Azərbaycanlıların qonaqpərvərliyi, Bakının gözəlliyi, adət-ənənələrimiz və s. barədə ətraflı təəssüratlarını bölüşdülər. Əlbəttə, bu da bizim uğurumuzdur.
Bu günərdə Prezident İlham Əliyev çıxışlarından birində qeyd etdi ki, Azərbaycan sıradan dövlət deyil, qlobal problemlərin həllində biz də iştirak edirik. Təbii ki, bu sözlər hər bir azərbaycanlını qürurlandırır.
Təəssüf ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramını qeyd etməyə hazırlaşdıdığımız məqamda Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəmiz qəzaya uğradı. Qəzada 38 nəfər həlak oldu. Belə üzücü hadisə ilə əlaqədar olaraq Azərbaycan Prezidenti dekabrın 26-da ölkədə bir günlük matəm elan etdi. Xalq dərin hüzn içində aviaqəzada həlak olanlara matəm saxladı.
Bununla bərabər, əzmimizi sındırmamalı, gələcəyə nikbin baxmalıyıq. Türk qardaşlarımız demişkənn, keçmiş olsun. Arzu edək ki, 2025-ci ili yeni iqtisadi-siyasi nailiyyətlərlə, ağrısız-acısız, əsl bayram əhval-ruhiyyəsi ilə yola salaq.
Vəli İlyasov, “İki sahil”