Azərbaycanın müəllifi olduğu enerji layihələri ölkəmizlə bərabər, region, o cümlədən tranzit ölkələr üçün də böyük əhəmiyyət daşıyır. Bu əhəmiyyət region üçün əsasən sülh və sabitlik vəd edirsə, tranzit ölkələr üçün bununla yanaşı, həm də böyük gəlir və siyasi üstünlüklər deməkdir. Bu mənada “Cənub Qaz Dəhlizi”nin əsas tərkib hissəsindən biri olan TANAP layihəsinin də Azərbaycanla bərabər, ərazisindən keçdiyi yeganə ölkə olan Türkiyə üçün də böyük siyasi-iqtisadi dividendlər qazandıracağı şübhəsizdir.
Təkcə bu il ərzində TANAP-ın Sosial və Ekoloji Sərmayə proqramları çərçivəsində Türkiyədə 20-dək müxtəlif kənd təsərrüfatı layihəsi, eyni zamanda, 91 kəndin içməli su layihəsi maliyyələşdirilib. Bu tip layihələr gələcəkdə də davam etdiriləcək. Eyni zamanda, tranzit gəlirləri və Azərbaycandan idxal olunan təbii qazın həcminin iki dəfə artması sayəsində daxili bazarda rəqabətin yaranması Türkiyəyə böyük iqtisadi fayda verəcək.
Lakin TANAP Türkiyə üçün sosial və iqtisadi tərəflərindən başqa siyasi cəhəti ilə də maraqlıdır. Yaxın gələcəkdə enerji qovşağına çevrilməyi hədəfləyən qardaş ölkə ərazisindən daha çox sayda neft-qaz kəmərlərinin keçməsində maraqlıdır. Bu minvalla Türkiyə ilə bərabər, Avropaya da təbii qaz nəqlini nəzərdə tutan “Türk axını” da bu ölkə üçün eyni mahiyyət daşıyır. Bu isə Avropa ilə münasibətlərdə Türkiyənin siyasi çəkisini xeyli artırmış olur. Nəticə olaraq bu amil Türkiyəyə ərazisindən keçən enerji kəmərləri üzərində bir növ “söz haqqı” yaradır. Belə üstünlük isə 60 ildir ki, Avropa İttifaqına (Aİ) üzv olmağa çalışan və bu yolda əsassız maneələrlə qarşılaşan Türkiyə üçün az qala “hava-su” kimi lazımdır.
Söhbət ondan gedir ki, Aİ-də “Cənub Qaz Dəhlizi”ni dəstəkləyir və layihənin qitənin enerji təhlükəsizliyində yeni marşrut olmaqla bərabər, həm də yeni mənbə olduğunu bəyan edir. Əslində Türkiyənin sözügedən layihə çərçivəsində Avropa üçün əhəmiyyəti də buradan qaynaqlanır. Hərçənd ki, “Türk axını” da bu ölkə ərazisindən keçəcəyi nəzərdə tutulsa da , Aİ layihəni dəstəkləmir və bu da potensial alıcının olub-olmayacağını da sual altında qoyur. Çünki “köhnə qitə”ni hazırda enerji marşrutlarından da çox mənbələrin şaxələndirilməsi maraqlandırır. Odur ki, “Cənub Qaz Dəhlizi”ndən və tərkib hissəsi olan TANAP-dan bəhs edərkən qeyd etmək lazımdır ki, layihənin Avropa üçün əhəmiyyəti də elə bundan ibarətdir.
Məsələ də burasındadır ki, sözügedən layihənin əhəmiyyəti qitənin təbii qaza olan tələbatının ödənilməsindən çox, mənbənin şaxələndirilməsinin təmin edilməsidir. Belə olan halda “Türk axını” ən yaxşı halda Türkiyəni rus qazı ilə təmin edən kəmərə çevrilə bilər. Bunu isə heç Türkiyə də özü-özünə arzulamır. Məsələ burasındadır ki, qardaş ölkə də müxtəlif yollarla enerji mənbələrinin şaxələndirilməsinə, Rusiya qazından asılılığın aradan qaldırılmasına çalışır. Elə ötən il tələbin artmasına baxmayaraq, Türkiyənin Rusiya və İrandan təbii qaz nəqlini azaltmasını, Azərbaycandan idxalın artırmasını bu siyasətin bariz nümunəsi hesab etmək olar. Əlbəttə ki, bu siyasət gələcəkdə də davam edəcək və buraya TANAP vasitəsilə ilkin mərhələdə Azərbaycandan idxal olunan təbii qazın həcminin iki dəfə çoxalması, eyni zamanda, Qətərdən alınan mayeləşdirilmiş təbii qazın həcmini artırmaqla ümumi təbii qaz idxalında bu yanacaq növünün faiz nisbətini yüksəltmək, təbii qaz anbarlarının tutumunun yaxın illərdə 4 dəfəyə qədər artırılması kimi tədbirləri göstərmək olar.
Bütün bunlar isə bir daha onu deməyə imkan verir ki, TANAP Türkiyənin Avropa üçün əhəmiyyətini artırır.Bununla da Türkiyə xeyli gəlir əldə etmək, enerji təhlükəsizliyinə nail olmaqla yanaşı, Aİ ilə münasibətlərdə də yeni manevr imkanları qazanır.
Ceyhun Piriyev, “İki sahil”