Yeni illə bağlı istirahət günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) 1 775 reys həyata keçirilib, 50 600-dən çox sərnişin rahat, təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
“İki sahil” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadla xəbər verir.
"Əgər adi günlərdə BBAK-dan reysə 200-ə yaxın avtobus çıxırsa, qeyd edilən tarixlərdə xətlərə əlavə 100-dən çox avtobus buraxılıb.
Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 30 dekabr – 5 yanvar tarixlərində gücləndirilmiş iş rejimində çalışıb.
Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Qeyd edilən tarixlərdə 15 239 onlayn bilet alınıb. Bu da ümumi bilet satışın 30 %-ni təşkil edir. Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb", - deyə məlumatda qeyd olunub.