10 yanvar 2025 11:30
93

Bakıda velosiped yollarının uzunluğu 100 km-ə çatdırılacaq

Bakıda 31 küçə və prospekt üzrə 35 km uzunluğunda velosiped yolları yaradılıb, bu rəqəmin mərhələlərlə təxminən 100 km-ə çatdırılması nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib.

Onun sözlərinə görə, ölkədə mikromobillik sahəsində qanunvericilik təkmilləşdiriib, "kiçik elektrik nəqliyyat vasitəsi" və "kiçik elektrik nəqliyyat vasitəsinin operatoru" anlayışları qanunvericiliyə daxil edilib, bu sahədə nəzarət tədbirləri təkmilləşdirilib.

"Hazırda Bakıda icarəyə verilən mikromobillik vasitələrinin sayı 476-dır. Bunun 77 %-ni kiçik elektrik nəqliyyat vasitələri (skuter), 18 %-ni velosiped, 5%-ni elektrik velosipedi təşkil edir. Ötən ilin sentyabr-dekabr aylarında mikromobillik operatorları 850 944 sifariş qəbul edib, 2 244 302 km məsafə qət edilib. Bundan başqa, ötən il avqustun 24-də velosipedlərin icarəsi üzrə "Apar" xidməti və mobil tətbiqi istifadəyə verilib. Bu xidmət çərçivəsində indiyə qədər 215 800 km məsafə qət edilib".