Artıq dörd ildir ki, işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etmək üçün Qarabağda və Şərqi Zəngəzurda əsaslı bərpa-quruculuq işləri aparılır. 30 il müddətində daşı-daş üstdə qalmayan, uçurulub dağıdılan şəhərlərdə yeni yaşayış evləri, binalar, məktəblər, xəstəxanalar inşa olunur. Qarabağ tamamilə yenidən qurulur, sıfırdan ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları, kəndlər tikilir. Qarabağda aparılan tikinti-quruculuq işləri Prezident İlham Əliyevin nəzarətindədir. Prezident mütəmadi olaraq quruculuq işləri aparılan ərazilərdə olur, inşa olunacaq yeni yaşayış binalarının, xəstəxana, məktəb, bağça, digər mühüm obyektlərin təməlqoyma mərasimində iştirak edir. Əhalinin yaşayışı üçün tam hazır olan kənd və qəsəbələrin, bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edən obyektlərin açılışını edir. İnsanlar doğma yurd-yuvalarına fəxr və sevinc hissi ilə dönürlər.
Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə müraciətində əldə olunan uğurların yalnız bəzilərini sadaladı. İl ərzində görülən işlərin statistikasını sadalayan Prezident bəyan etdi ki, 2024-cü ili uğurla başa vururuq və qarşıya qoyulan bütün məsələlər öz həllini tapıb. Ən mühüm uğurlardan biri şübhəsiz ki, ötən il Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı işlərin uğurla getməsi ilə bağlı olub. “Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır”, - Prezident vurğulayıb.
2025-ci ildə işğaldan azad edilmiş torpaqlarda geniş bərpa-quruculuq işləri üçün 4 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. 2025-ci ilin dövlət büdcəsi zərfində qeyd olunub ki, 2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq məqsədləri üçün 17,5 mlrd. manata yaxın vəsait ayrılıb. Həmçinin 2026-cı ilin sonunadək Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda həmin ərazilərə köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 30 minə yaxın insan yaşayır.
Hazırda yeni yolların çəkilməsi, bölgədə müasir rabitə infrastrukturunun qurulması, ətraf mühitin qorunması, ekoloji cəhətdən təmiz enerji mənbələrinin yaradılması prosesi uğurla davam edir. Füzulidən Şuşaya çəkilən ilk yol dönüşün uğurlu simvoludur. Hazırda dövlət büdcəsindən ayrılan vəsait hesabına işğaldan azad olunan ərazilərdə 15 avtomobil yolunun tikintisi həyata keçirilir və bütün avtomobil yolu layihələrinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur. Nəqliyyat şəbəkəsi ilə yanaşı, paytaxtla işğaldan azad olunmuş ərazilər arasında əlaqələrin yaradılması, yükdaşımaların daha sürətli və səmərəli həyata keçirilməsi üçün“Qarabağın hava qapısı” adlandırılan Füzuli və Zəngilan Beynəlxalq Hava limanları artıq istifadəyə verilmişdir. Hazırda üçüncü hava limanı Laçın şəhərində tikilməkdədir. Bunlar quru yol, hava yolu, dəmir yolu ilə bağlı işlərin ilkin qismidir. Əlbəttə ki, Dövlət Proqramlarına uyğun olaraq bu proses davamlı şəkildə gedəcək.
İşğal dönəmində ərazilərimizdəki təbii resurslardan qeyri-insani istifadə və ətraf mühitin qəsdən çirkləndirilməsi ölkəmizin iqtisadiyyatına ciddi ziyan vurub. Torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması, əkilib becərilməsi, heyvandarlıq təsərrüfatlarının bərpa olunması üçün su anbarlarının gələcək istismarı, hidroehtiyatların ölkənin su təsərrüfatı sisteminə inteqrasiyası da bərpa prosesinin və Böyük Qayıdışın tərkib hissəsidir. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə də xüsusi əhəmiyyət verilir. Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl enerji zonası” elan edilməsi, bu ərazilərin bərpası və inkişafında strateji hədəflərdəndir. Artıq alternativ enerji mənbələrinin istifadəsi üçün dünyanın önəmli enerji şirkətləri ilə müqavilələr imzalanır. Qarabağ və Şərqi Zəngəzurun işğaldan sonra Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir. Qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun aparılan, “yaşıl” texnologiyaların və "ağıllı'' sistemlərin tətbiqi vasitəsi ilə həm külək, həm Günəş enerjisindən istifadə edilərək, hərbi obyektlərin, yeni yaradılan sosial-iqtisadi infrastrukturun fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatı təşkil ediləcəkdir. İşğaldan azad edilmiş ərazilərdə qaz, istilik təchizatı ilə təminat, eyni zamanda, yerləşən tarixi abidələrin bərpası işinin təşkili, abidələrin inventarlaşdırılması, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması işləri gələcəkdə sürətli məskunlaşmaya şərait yaradacaqdır.
Sevinc Azadi, “İki sahil”