07 yanvar 2025 00:58
159

Ursula Fon der Lyayenin bitib tükənməyən maxinasiyaları

Bu günlərdə Avropa İttifaqı (Aİ) ətrafında növbəti korrupsiya qalmaqalı yaranıb. Belə ki, Belçikada Lyej məhkəməsi, Avropa Komissiyasının (AK) sədri Ursula Fon der Lyayenin 35 milyard avrodan çox dəyərində COVID-19 peyvəndlərinin satın alınmasında aşkarlanan korrupsiya işində qanuni toxunulmazlığının olub-olmadığını aydınlaşdrımaq üçün dinləmə keçirəcək. Bu barədə belçikalı fəal Frederik Baldan məlumat verib. “Baş tutacaq məhkəmə iclası Avropa İttifaqı qurumlarında korrupsiya aktlarını araşdırmalı olan Aİ prokurorluğunun tələbi ilə keçiriləcək. Avropa Prokurorluğu iddia edir ki, klinik sınaqdan keçməmiş COVID-19 vaksinlərinin satın alınmasında aşkarlanan korrupsiya ittihamında Ursula Fon der Lyayen təqib edilə bilməz. Çünki onun qanuni toxunulmazlığı mövcuddur və məhz bunu əsas gətirərək məhkəməyə müraciət ediblər”, - deyə o vurğulayıb. Frederik Baldan bildirib ki, Ursula Fon der Lyayenin belə toxunulmazlığı ola bilməz, çünki o, səlahiyyətlərinin hüdudlarından çox kənara çıxıb. Öz növbəsində, Baldanın vəkili Dian Prota bildirib ki, məhkəmə Aİ prokurorluğunun Lyayenin bu işdə toxunulmazlığa malik olduğu mövqeyini bölüşsə belə, iddiaçılar toxunulmazlığın ləğvi edilməsini məhkəmə yolu ilə axtaracaqlar: “Artıq belə presedentlər olub. Beləliklə, 1999-cu ildə Jak Santerlə birlikdə Avropa Komissiyasının rəsmiləri korrupsiya qalmaqalına görə vəzifələrindən gediblər”.

Qeyd edək ki bir neçə ay öncə adı korrupsiya və digər qalmaqallarda hallanan Ursula Fon der Lyayen sərt ittihamlarla üzləşmişdi. İttihamlar isə kifayət qədər ciddi xarakter daşıyır. Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo Avropa Komissiyasının sədrini korrupsiya sxemi yaratmaqda, dələduzluqda ittiham edib. F.Filippo konkret olaraq onun bu sxem üzrə yol verdiyi qanunsuzluqları sadalayıb. Məlumat üçün bildirək ki, bundan az əvvəl “Liberation” nəşri də sensasion sayıla biləcək ittihamlarla çıxış etmişdi və yazmışdı ki, Lyayen partiyadaşı Markus Piperi Avropa Komissiyasında kiçik və orta müəssisələr üzrə müşavir postuna təyin edib. Qəzetin yazdığına görə, AK sədri bu postu öz korrupsiya əməllərini reallaşdırmaq üçün təsis edib. Yaxın adamını bu posta təyin etməklə yanaşı, ona aya 20 min avro maaş təyin edilməsinə də nail olub. Qeyd olunur ki, bu, ilk belə hal deyil. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen öz yaxın dostlarının, xüsusən də alman soydaşlarının komissiyada rəhbər postlara təyin edilməsinə çalışıb. Görünən odur ki, Avropa Komissiyası mahiyyət etibarilə korrupsiyaya uğramış bir sistemdir. Çünki böyük məbləğdə vəsait alır, genişmiqyaslı səlahiyyətlərə malikdir.

Beləliklə, Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaq kampaniyasında əsas rollardan birini oynayan Avropa Komissiyasının rəhbərinin özünün başı dərddədir. Bildirək ki, Fon der Lyayenlə bağlı araşdırmalar bir neçə ay əvvəl başlayıb. Söhbət AK rəhbəri ilə əczaçılıq şirkətinin baş direktoru Albert Bour arasında “Pfizer” vaksinlərinin alınması ilə bağlı danışıqlardan gedir. Sənədlərə əsasən, hüquq-mühafizə orqanları “dövlət funksiyalarına müdaxilə, SMS-lərin silinməsi, korrupsiya və maraqların toqquşması” kimi sübutları yoxlayır. “Politico” qeyd edir ki, Macarıstan da işə qoşularaq AK rəhbərinin vaksin danışıqlarındakı rolu ilə bağlı şikayət verib. Macarıstanın xarici işlər naziri Peter Siyarto Aİ təsisatlarının acizlik və zəiflik nümayiş etdirdiyini, ittifaqın rəqabət qabiliyyətinin zədələndiyini bildirib. Məqalədə qeyd edilir ki, Polşa 2023-cü ildə analoji şikayətlə müraciət edib, lakin Baş nazir Donald Tusk hökuməti hakimiyyətə gəldikdən sonra şikayəti geri götürüb. Bundan əlavə, 2023-cü ilin fevralında ABŞ-ın "New York Times" qəzeti Avropa Komissiyasının sədri ilə “Pfizer” şirkətinin baş direktoru arasında COVID-19 vaksinlərinin alınması ilə bağlı yazışmaları dərc etməkdən imtina etdiyinə görə quruma qarşı iddia qaldırıb. Əksər qərbli müşahidəçilər hesab edirlər ki, AK-yə rəhbərlik müddətində Ursula Fon der Lyayen vəzifələrini yerinə yetirə bilmədi. Əksinə, o, özünü sadə insanların taleyinə əhəmiyyət verməyən biganə Avropa bürokratı kimi göstərdi. Yeri gəlmişkən, xüsusi vurğulamaq lazımdır ki, bundan əvvəl aralarında Avropa Parlamentinin sədr müavini Eva Kailinin də olduğu dörd nəfər həbs edilib. KİV-in məlumatına görə, istintaqa cəlb edilən bütün müttəhimlər rüşvət almaqda ittiham olunublar. Ümumilikdə, Avropa Parlamentindəki korrupsiya qalmaqalında 70-ə yaxın deputatın adı hallanır. Müşahidəçilər də bildirirlər ki, əgər Avropa Parlamentində bu səviyyədə korrupsiya mexanizmi yaradılıbsa, yerli parlamentlərdə də vəziyyətin eyni olduğu şübhəsizdir. Azərbaycan əleyhinə fəaliyyət göstərən Avropa Parlamentinin deputatlarının əksəriyyətinin Fransadan olması da təsadüf deyil.

Bir məsələni də xatırladaq ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen 2024-cü ilin noyabrın 11-dən etibarən Bakıda keçirilən COP29 iqlim sammitinə qatılmaqdan imtina etmişdi. Lyayenin bu mühüm beynəlxalq tədbirdə iştirak etməməsi, Avropa İttifaqının bu məsuliyyətləri gözardı etdiyini, onun və rəhbərlik etdiyi qurumun, bəşəriyyətin gələcəyini təhlükəyə ata biləcək iqlim dəyişikliyi kimi ciddi problemləri ciddiyə almadığını göstərdi. Lakin qaz lazım olanda, maraqlar tələb edəndə Ursula xanım özünü tez Bakıya çatdırmışdı. 2022-ci ildə o, qaz sazişi imzalamaq üçün Azərbaycana səfəri zamani demişdi: “Aİ daha etibarlı enerji təchizatçılarına müraciət edir. Bu gün mən Azərbaycana yeni saziş imzalamaq üçün gəlmişəm. Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan tədarük təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş olacaq”. Maraqlıdır, Azərbaycan son iki il ərzində etibarlı tərəfdaş olduğunu sübut etdi və Avropaya "mavi yanacaq" verilməsini ildən-ilə artırır. Bəs bunun qarşılığında Avropa Azərbaycana qarşı nələri edir? Əlbəttə ki, riyakarlıq və ikiüzlülük.

Sevinc Azadi, “İki sahil”