07 yanvar 2025 01:57
178

Mollalar ağızlarına yiyəlik edə bilmirlər…

Dövlətin başındakılar isə onların axmaq çıxışlarına qadağa qoymurlar

İran İslam Respublikasının prezidentindən başlamış aşağı ranqlı dövlət məmurlarınadək təmsilçiləri ayrı-ayrı vaxtlarda mütəmadi olaraq Azərbaycan Respublikasına qarşı sərt fikirlər ifadə etmişlər. Onlardan bəziləri hətta ölkəmizə dil uzadaraq müharibə ilə hədə-qorxu da gəlmişlər. Tehrandakı səfirliyimizə silahlı hücum, bir nəfərin öldürülməsi və bir nəfərin yaralanması Azərbaycana olan düşmən münasibətin nəticəsi idi. Araz çayı sahilinə qoşun cəmlənməsi, panton körpülər daşınması, hərbi təlimlər keçirilməsi, bəzi hərbçilərin müharibədən danışmaları heç də Azərbaycana xoş niyyətdən xəbər vermirdi. Ən acınacaqlısı odur ki, şantajlardan, hədələrdən, böhtanlardan sonra molla rejiminiin səlahiyyət sahibləri  bildirirlər ki, guya bunlar hakimiyyətin mövqeyini əks etdirmir. Belə alçaq və namərd tendensiya illərdir ki, davam edir. Hələ otuz il müddətində fars rejiminin təmayülçülərinin qan qardaşları erməni işğalçılarına göstərdikləri qayğı və dəstəyi demirik. Azərbaycanın dünyadakı nüfuzu yüksəldikcə, beynəlxalq dairələrdə mövqeyi möhkəmləndikcə sanki  farsların “kürkünə birə daraşır”, aranı qarışdırmağa bəhanə axtarırlar. Ancaq bəhanələrin özünün də quraşdırma olduğu ovuc içi kimi aydın görünür. Bu günlərdə təşkil edilən yeni çirkin kampaniya buna bir sübutdur.

2025-ci ilin ilk günü İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın Xarici İşlər Nazirliyinə çağrılması qarşı tərəfin təqsiri ucbatından iki ölkə arasındakı münasibətlərin xoşagəlməz xarakterindən irəli gəlir.

Azərbaycan Xarici İşlər Nazirliyi İranın ali dini rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amilinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycanın və dövlət başçısının ünvanına təhqiramiz ifadələrə görə İran diplomatına sərt etirazını bildirib.

Bu, həmin yaramaz, iblissifət Amilidir ki, Azərbaycana qarşı dəfələrlə həyasız çıxışlar edib, ölkəmizə böhtan atıb, şantaj edib. Bu nadürüst molla iki dövlət arasında düşmənçiliyi qızışdırdığına görə cəzalandırılmadığını görüncə “ipini” daha da uzadıb. Amili İranda Türkiyəyə və Azərbaycana qarşı hər cür iyrənc təbliğatı ilə fərqlənənlərdən biri kimi tanınıb. İİR qoşunlarının Suriyadan qovulmasını sinirə bilməyən Amili kimilərinin böhtan, təhqir, qarğış yağdırmaqdan başqa təsəlliləri yoxdur.

Beləliklə, İranın mühafizəkar və dini dairələri düşdükləri ağır regional vəziyyətə baxmayaraq, iyrənc anti-Azərbaycan siyasətlərindən əl çəkmək istəmirlər. İran prezidenti və Xarici İşlər Nazirliyi qonşu Azərbaycanla normal tərəfdaşlıq münasibətləri istəyirlərsə, SEPAH generallarını və din xadimlərini açıqlamalarında diqqətli olmağa çağırmalıdırlar. Bunu etməyəcəkləri halda iki ölkə arasındakı münasibətlərdə müsbətə doğru irəliləyiş olmayacaq.

Təəccüblüdür ki, İran rəhbərliyi tabeliyindəki məmurların, SEPAH generallarının, polkovniklərinin özbaşınalıqlarına, məsuliyyətsiz çıxışlarına nəzarət etmir. Çox güman ki, bunlar fikir ortağı olduqları üçün, necə deyərlər, bir-birlərini “yola verirlər.”

Vəli İlyasov, “İki sahil”