07 yanvar 2025 00:27
157

Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciət edən, Azərbaycanın sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşaması üçün bütün tədbirlərin görüləcəyini, Cənubi Qafqazın sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olacağını bildirən Prezident İlham Əliyev antiAzərbaycan dairələrə xəbərdarlıqlarını da çatdırdı

2003-cü ildə Azərbaycan xalqının yekdil səsi ilə Prezident seçilən, dövlət başçısı kimi mətbuata ilk müsahibəsində «Mən məsuliyyətə də çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam» söyləyən cənab İlham Əliyevin verdiyi vədlər həyatda təsdiqini tapdı. Sonrakı illərdə keçirilən prezident seçkilərində də Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev siyasətini davam etdirən Lider İlham Əliyevə inam və etimadnın əbədi olduğunu yekdilliklə təsdiqlədi. Arxada qalan 21 ildə ölkəmizin adının dünya birliyində ön sıralarda yer alması üçün həyati əhəmiyyətli islahatlar aparan, yeniliklərə imza atan cənab İlham Əliyev vədinə sadiq qalaraq hər bir vətəndaşın Prezidenti olduğunu əməli fəaliyyəti, diqqət və qayğısı ilə sübut edir. Çevik və qarşılıqlı əməkdaşlığa əsaslanan Azərbaycan dövlətlərarası münasibətlər sistemində böyük zirvələrə yüksəlir. Qlobal problemlərin həlli ilə məşğul olan ölkəmizin mövqeyi, qazandığı nüfuz qüdrətli dövlətlər üçün belə örnək göstərilir.

Etnik, dini, mədəni müxtəliflik kimi bəşəri dəyərlərə sadiq qalan Azərbaycanın siyasi, iqtisadi, humanitar platforma kimi tanınması, sivilizasiyalar arası körpü rolunu oynaması çəkilən zəhmətin, siyasi iradənin, qətiyyətin, düşünülmüş daxili və xarici siyasətin məntiqi nəticəsidir. Hərbi qüdrəti ilə seçilən Azərbaycanın «ADEX» kimi mötəbər beynəlxalq müdafiə sərgilərinə ev sahibliyi etməsi ölkəmizin təhlükəsizliyinin etibarlı təminatının göstəricisidir. Şaxələndirmə siyasəti əsasında formalaşan Azərbaycanın enerji diplomatiyası, nəqliyyat infrastruktur layihələri dövlətlərarası qarşılıqlı əməkdaşlığı gücləndirməklə dünyada və bölgədə sabitliyin qorunmasının etibarlı qarantıdır. Azərbaycanı xarici sərmayələr üzrə açıq elan edən, Xəzər dənizindən Aralıq və Qara dənizə dəhliz yaradan, qlobal layihələri ilə maraq doğuran, beynəlxalq əhəmiyyətli çağırışları, təşəbbüsləri dəstəklənən Prezident İlham Əliyevin Qoşulmama Hərakatına sədrliyi dövründə müəllifi olduğu təşəbbüslərin və layihələrin dəstəklənməsi diplomatik uğurlarımıza əlavə dividendlər qazandırdı. Azərbaycanın dünyanın enerji xəritəsini yeniləyən, artıq reallaşan Cənub Qaz Dəhlizinin seqmentlərinin nəzərdə tutulduğu vaxtda istifadəyə verilməsi ölkəmizə sonsuz etimadı daha da gücləndirdi. Enerji və nəqliyyat layihələrinin reallaşması ilə ölkəmizə investisiya axınının mexanizmi təkmilləşdirildi, soğrafiyası genişləndi. Demokratiya yolu ilə dünya birliyinə inteqrasiya edən respublikamızda həyata keçirilən sosial islahatlar ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanır. Təhsil, səhiyyə, mədəniyyət sahələrində tətbiq olunan yeniliklər ölkəmizdə insan amilinə verilən dəyər olmaqla daim diqqət göstərilən sahələrdəndir.

Son illərin ən böyük uğuru isə 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad olunması, Qarabağ və Şərqi Zəngəzur rayonları daxil olmaqla Azərbaycan Bayrağı dalğalanan bütün ərazilərimizdə aparılan bərpa- quruculuq işlərinin sürətlənməsi, keçmiş məcburi köçkünlərin yurd yerlərinə qayıtmasıdır. 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər və Qarabağda aparılan qısamüddətli antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpası Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətinin, xalqımıza verdiyi vədə sadiqliyin ifadəsi olmaqla Azərbaycanın dünya birliyində mövqeyini daha da möhkəmləndirdi. Ermənistan üzərində Zəfərimizin qazanılmasında böyük şücaətlər göstərən Silahlı Qüvvələrimizin döyüş təcrübəsi bu gün də dünyanın tanınmış hərbi məktəblərində tədris edilir. Prezident İlham Əliyevin Sərəncamına əsasən 2025-ci ilin «Konstitusiya və Suverenlik İli» elan olunması Vətən müharibəsinin və lokal xarakterli antiterror tədbirinin məntiqi nəticəsinə verilən qiymətdir.

Yola saldığımız 2024-cü il ölkəmizin siyasi həyatında da uğurlu olmuşdur. Ötən il respublikamızda keçirilən prezident seçkilərində Azərbaycan xalqının yekdil rəyi ilə cənab İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi xalq-iqtidar birliyinin sarsılmazlıq nümunəsi kimi yaddaşlarda qaldı. Bu yüksək etimad siyasi, iqtisadi, hərbi qüdrəti ilə seçilən Azərbaycanı dünyada qüdrətli dövlət kimi tanıdan, daim irəliyə aparan Prezident İlham Əliyevlə həmrəylik nümunəsi idi.

Ölkə vətəndaşları 21 il ərzində ölkədə yaranan siyasi sabitliyi dəstəkləməklə, bütün çətinliklərə siyasi iradəsi, qətiyyəti ilə qalib gələn, ərazi bütovlüyümüzü bərpa edən Liderləri ilə qoşa addımlamağa üstünlük verdilər. Uğurlarımıza qısqanclıqla yanaşanlara, ölkəmizə qarşı təxribat kampaniyası aparanlara bu birlik sayəsində dərs verildi. Əsassız ittihamlara qarşı həmrəylik nümayiş etdirildi, xalqımız bütün sınaqlardan mətinliklə çıxdı. Dünya güclərinin arxa planda saxladıqları beynəlxalq qanunlara ədalət prinsipləri əsasında dəyər verən Azərbaycan xalqı Liderinin qətiyyəti sayəsində ayağımıza dolaşmaq istəyənlərin qarşısını «dəmir yumruq» ətrafında birləşərək aldı.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ölkəmiz və xalqımız üçün önəmli olan hadisələri xatırlatmaqla dünyada baş verən və müharibələrin, qarşıdurmaların, münaqişələrin artdığı gərgin, mürəkkəb bir zamanda Azərbaycanın sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşaması üçün bütün tədbirlərin görüləcəyini bildirən Prezident İlham Əliyev anti –Azərbaycan dairələrə xəbərdarlıqlarını da çatdırdı. Önəmli hadisələri ilə yadda qalan 2024-cü ildə baş verən mühüm hadisələri ölkəmizin daxili və xarici siyasətinin, müdafiə qüdrətinin məntiqi nəticəsi adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının inamlı və ardıcıl həlli xalq- iqtidar birliyinin təzahürü idi: «Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib.»

Bölgədə sülhün qorunması, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün ən böyük təhlükə olan rəsmi İrəvanın silahlandırılmasını, separatçıların, revanşistlərin yeni müharibəyə təhrik edilməsini region üçün ən ciddi təhlükə adlandıran Prezident İlham Əliyev təhdidlərə baxmayaraq ölkəmizin təzyiqlərə cavab verməyə hazır olduğunu Lider qətiyyəti ilə bildirdi. Siyasi, iqtisadi böhran bataqlığında çabalayan Ermənistanın havadarlarının təhriki ilə sülh sazişini imzalamaqdan yayınmasını rəsmi İrəvanın özü üçün böyük təhlükə olduğunu bir daha xatırladan Prezident İlham Əliyevin vurğuladığı kimi, bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz: «Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz bunu heç vaxt unutmayacağıq. Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil.»

Azərbaycanın hərbi büdcəsinin rekord həddə- 8,4 milyard manat səviyyəsinə qalxması başqalarının dilənçi payına arxayın olan rəsmi İrəvanı bir daha düşündürməlidir. Təbiidir ki, bütünlükdə Cənubi Qafqaz üçün ciddi risk olan Ermənistanın davamlı silahlandırılması Azərbaycanın alternativ tədbirlər görməsini zəruri edir. Dövlət başçımızın vurğuladığı kimi, əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı yarısı digər sahələrə, Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə yönəldiləcəkdi.

Yaranan belə mürəkkəb şəraitə baxmayaraq Qarabağın və Şərqi Zəngəzurun, işğaldan azad edilmiş bütün ərazilərini bərpası, yol-nəqliyyat infrastrukturunun, enerji ilə təminatın bərpası uğurla davam edir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, bərpa-quruculuq işlərində fəallıq göstərir. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. «Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır» sözləri ilə ölkə iqtisadiyyatının, sənayemizin uğurlu inkişafından bəhs edən dövlət başçımızın statistik rəqəmlər əsasında sadaladığı uğurlarımız daha çox ürəkaçandır. Bu il ümumi daxili məhsul 4 , qeyri-neft sektorunda ümumi daxili məhsul 6, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən artım olub. Ölkəmizin valyuta ehtiyatları 72 milyard dollardan çoxdur. Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni, başqa sözlə desək, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. «İndi əgər bu rəqəmlərə yaxın olan rəqəm hər hansı bir inkişaf etmiş ölkədə varsa, onu mənə göstərsinlər» söyləyən Prezident İlham Əliyev ölkəmizdəki davamlı inkişafın alternativinin olmadığını qazanılan uğurlara istinad etməklə bildirir. Qarabağın və Şərqi Zəngəzurun bərpası, hərbi gücümüzün möhkəmləndirilməsi, sosial layihələrin icra edilməsi ilə yanaşı, makroiqtisadi imkanların artması inkişaf konsepsiyamızın uğurlu nəticələridir. Yaranan maliyyə imkanlarının nəticəsidir ki, son illərdə dörd sosial paket layihəsi, proqramı icra edilmişdir. Gələn il beşinci paket icra ediləcək. Bu layihələrə ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq. «Sosial sahəyə gəldikdə, onu da bildirməliyəm ki, 2025-ci ildən başlayaraq minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılacaq. Artım təxminən 14-15 faizdir. Yəni, yenə də bütün bu böyük investisiya, sərmayə qoyuluşu layihələrinin icrasına baxmayaraq, sosial sahə, insanların güzəranı, insanların sosial müdafiəsi daim diqqət mərkəzində olacaqdır» sözləri ilə verilən bütün vədlər kimi, bu ildə də nəzərdə tutulan islahatların, layihələrin gerçəkləşməsi üçün etibarlı zəmin formalaşdırıldığını diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizin ev sahibliyi etdiyi mühüm tədbirlər nəticəsində beynəlxalq səviyyədə qazanılan uğurlarımızın, Azərbaycanın dünyada möhkəmlənən mövqeyinin daha da güclənməsinə təsir imkanlarının da ürəkaçan olduğunu bildirir.

Müstəqillik tariximizdə Azərbaycanın ev sahibliyi etdiyi ən böyük tədbirdə - COP29 iqlim konfransında bütünlükdə planetimiz üçün həlli vacib məsələlərin müzakirə olunması, problemlərin həlli yollarının ölkəmizdə müəyyənləşdirilməsi önəmli hadisə kimi tarixi əhəmiyyəti ilə seçildi. Prezident İlham Əliyev sözü gedən müraciətində bununla bağlı bildirdi: «Deyə bilərəm ki, bu, bizim müstəqillik tariximizdə ən böyük beynəlxalq tədbirdir və hesab edirəm ki, dünya müstəvisində ən böyük və mötəbər beynəlxalq konfransdır. Cəmi on bir ay ərzində biz bu böyük tədbiri uğurla keçirdik. Qeydiyyatdan keçmiş 76 min iştirakçı öz gözləri ilə Azərbaycanın potensialını bir daha gördü. 197 ölkə, 80 dövlət və hökumət başçısı və vitse-prezident iştirak edib. Bu, bir daha göstərir ki, COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının - onların bütün səyləri əbəs oldu on bir ay ərzində. Bu, hələ də davam edir. COP-dan sonra da artıq iki aya yaxındır davam edir, bizə qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyası aparılır - Azərbaycanı qaralamaq, Azərbaycanın imicinə zərbə vurmaq. Onun arxasında duran ölkələrin adlarını mən heç çəkmək də istəmirəm. Azərbaycan xalqı o ölkələri yaxşı tanıyır. Qeyri-hökumət təşkilatları hansı mənbədən vəsait alır, hansı paytaxtdan göstəriş alır, onu da Azərbaycan xalqı yaxşı bilir. Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür.»

Prezident İlham Əliyevin perspektiv üçün yol xəritəsi olan xalqa bu müraciəti də təsdiqləyir ki, ümidlər sonsuz, siyasi iradə tükənməz, qətiyyət yenilməzdir. «Dəmir yumruq» ətrafında birləşən, sınaqlardan alnı açıq çıxan xalqımız üçün 2025-ci il də zəfərlərlə, qələbələrlə zəngin olacaq.

Xuraman İsmayılqızı, «İki sahil»