Və ya məkrli oyunların tərkib hissəsi...
“Azca təhrif olunmuş həqiqət ən təhlükəli yalandır”.
T. Lixtenberq
Azərbaycana qarşı şər, böhtan kampaniyasının miqyasını gündən-günə genişləndirən erməni lobbisinin nəzarətində olan bəzi beynəlxalq təşkilatlar, uzun illərdən bəri Qərbdəki ermənipərəst dairələrin çirkli pulları ilə bəslənən ölkəmizdəki antimilli şəbəkənin üzvləri ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq üçün hər cür çirkli əməllərə əl atırlar. Anti-Azərbaycan mərkəzlərdən sifariş və maliyyə dəstəyi alan bu ünsürlərin öncüllərindən olan AXCP sədri Əli Kərimlinin siyasi manipulyasiyaçı müavini Fuad Qəhrəmanlının bu günlərdə sosial şəbəkələrdə yer alan “Azərbaycan hakimiyyəti niyə erməni məsələsini bitirmək istəmir?” başlıqlı qərəzli çızma-qarasında Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzlamağa maraq göstərmədiyi fikrini irəli sürməsi bunun əyani göstəricisidir.
AXCP sədri Ə.Kərimlinin müridlərindən olan F.Qəhrəmanlının cəfəng iddialarla, yalan və qeybətlərlə dolu həmin cızma-qarasında Ermənistanın baş naziri Nikol Paşinyanı sülh tərəfdarı kim təqdim edib, Azərbaycanı nələrdəsə ittiham etməsi sözün əsl mənasında mənəvi-əxlaqi çürümənin pik nöqtəsidir.
Məşhur alman tənqidçisi T. Lixtenberq yazırdı: “Azca təhrif olunmuş həqiqət ən təhlükəli yalandır”. Əslində əllaməçi, siyasi riyakar və yalançı F.Qəhrəmanlı özü də çox yaxşı bilir ki, Azərbaycan ilə Ermənistan arasında beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülhün əldə olunması qaçılmazdır və ölkəmiz regional sülh gündəliyinə, davam edən danışıqlar prosesinə daim sadiqdir. Sülh sazişi üzrə danışıqlara başlanılmasının təşəbbüskarı da Azərbaycandır. Ancaq Ermənistan bəzi Qərb ölkələrinin, xüsusilə Fransanın təlimat, təzyiq və şirnikləndirmələri ilə danışıqlar prosesini əngəlləyir, gecikdirmə taktikasına əl atır, Üçtərəfli bəyanatlar üzrə öhdəliklərini ciddi şəkildə pozmaqda davam edir.
Azərbaycan tərəfinin mövqeyi belədir ki, torpaqlarımızın işğalda olduğu zamanlar qəbul edilmiş Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi regional geosiyası zərurətdir. Rəsmi İrəvan nəhayət anlamalıdır ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına münbit zəminin yaradılması Konstitusiyadakı dəyişikliklərdən, eləcə də ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verilməsindən keçir.
Gerçəklik odur ki, prosesin məntiqi sonluqla yekunlaşması üçün sülh müqaviləsi imzalanmalı, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Ermənistan Konstitusiyanı dəyişdirmədən, həmçinin Azərbaycana qarşı ərazi iddialarının yer aldığı normativ-hüquq sənədlərdə dəyişiklik etmədən rəsmi İrəvanla sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Sual oluna bilər: Niyə? Niyəsi odur ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsinə, ölkəmizin ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var. Məsələ orasındadır ki, Ermənistan Konstitusiyasında bu sənədə istinadlar öz əksini tapıb.
Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün Konstitusiyanı dəyişməli və ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verməlidir: “ Erməni tərəfinin etməli olduğu daha iki məqam var. Birinci məqam Konstitusiyanı dəyişməkdir. Çünki Konstitusiyada müstəqillik bəyannaməsinə istinad var ki, bu da öz növbəsində keçmiş Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistanın tərkibində elan edildiyi Azərbaycanın ərazi iddialarını ehtiva edir. Ona görə də konstitusiyanın dəyişdirilməsi bizim şıltaqlığımız deyil, bunlar sadəcə obyektiv şərtlərdir. Bakının ikinci şərti ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensus yolu ilə həll olunduğundan, Ermənistanın razılığı olmadan bunu etmək formal olaraq mümükün deyil, baxmayaraq ki, ATƏT-in Minsk qrupu uzun müddətdir fəaliyyət göstərməsə də, o formal olaraq mövcuddur. Və sualımız ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəi kimi tanıyıbsa və Minsk qrupu da Qarabağ məsələsini həll etmək üçün idi, o zaman bu, nəyə lazımdır? Ermənistanın ATƏT-in Minsk qrupunu ləğv etmək istəməməsi, bizimlə birlikdə ATƏT-in Minsk qrupunun ləğvi üçün ATƏT-ə müraciət etmək istəməməsi revanşistlərin planlarının kifayət qədər ciddi olduğunu deməyə əsas verir”.
Dövlətimizin başçısı Azərbaycanın məsələ ilə bağlı mövqeyini təmkinlə, sərrast və polad məntiqlə izah edir: Yalnız Ermənistan Konstitusiyasında və digər normativ aktlarda dəyişiklik edildiyi, eləcə də ATƏT-in Minsk qrupunun ləğv edilməsinə razılıq verildiyi halda iki ölkə arasında sülhə nail oluna bilər.
Yeri gəlmişkən, uzun illərdən bəri ermənilərin və ermənipərəst dairələrin dəyirmanına su tökməkdə davam edən antimilli ünsürlərin ön cərgəsində yer alan F.Qəhrəmanlıdan fərqli olaraq Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl ölkəsinin Konstitusiyasının dəyişdirilməsi haqqında çağırışlar edib, ölkədə konstitusion islahatlar aparılmasının zəruriliyini bildirib. Çürük zehniyyət sahibi F.Qəhrəmanlı kimilərin savadsız, qərəzli “təhlillərinin” əksinə olaraq artıq Paşinyan da başa düşür ki, Konstitusiyadakı məlum maddələr dəyişdirilmədən Azərbaycanla sülhə nail olunmayacaq.
Ermənidən daha çox ermənilik edən F.Qəhrəmanlı daha sonra Ermənistanın baş nazirinə qahmar çıxaraq sual edir ki, Paşinayan sülh müqaviləsini imzalamaq istəmirsə niyə Qazax rayonu ərazisində nəzarətlərində olduğu kəndləri Azərbaycana qaytarırdı. Əslində F.Qəhrəmanlı kimi qaragüruhçu ünsür özü də yaxşı bilir ki, həmin kəndləri N.Paşinyan xoşluqla qaytarmadı. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın gücü, Prezidentimizin qətiyyəti və haqlı tələbi ilə hesablaşaraq beynəlxalq hüquqla tanınan Azərbaycanın ötən əsrin 90-cı illərindən işğal altında olan 4 kəndini qaytarmağa məcbur oldu.
Göründüyü kimi, inkarolunmaz həqiqətlər açıq-aydın ortadadır. Ölkəmizin milli maraqlarını anti-Azərbaycan dairələrin beş-üç qəpik tulapayına satan F.Qəhrəmanlı kimi ünsürlərin qərəzli, yalançı-kamuflyajlı təbliğatları isə həqiqətin gücü, əzəməti qarşısında acizdir.
Zahid Rza, “İki sahil”