08 yanvar 2025 11:30
147

“Konstitusiya və Suverenlik İli”: Milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi addım

Prezident İlham Əliyev, yeni başa vurduğumuz ilin son günlərində - 28 dekabr 2024-cü il tarixində daha bir  əhəmiyyətli Sərəncam imzaladı. Cənab Prezidentin Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu sərəncam özündə ötən tarixi, eyni zamanda gələcəyi biraraya gətirən bir çox əhəmiyyətli məqamları ehtiva etməklə bərabər, müstəqillik, suverenlik və dövlətçilik dəyərlərinin qorunması və möhkəmləndirilməsi baxımından olduqca dəyərli bir sənəddir 

Müstəqil Azərbaycan Respublikasının ilk  Konstitusiyasının qəbulundan tam 30 il keçir. Dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən biri olan Ana Qanunumuz məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində və bir başa onun rəhbərliyi ilə hazırlandı.

1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə Azərbaycan Respublikası Konstitusiyası qəbul edildi və bununla da ölkəmizdə genişmiqyaslı qanunvericilik aktlarının, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə zəmin yarandı. 

Müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edildi, dövlət hakimiyyət orqanlarının demokratik  əsaslarla formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmləri, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapdı.

Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan  1996-cı ilin 1 noyabrında imzalanan Fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir. Ulu Öndərin Azərbaycanda rəhbərliyi dövründə  hüquq sistemi, insan hüquqlarının təminatı və dövlət idarəetməsinin müasirləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə edildi.  Daha sonrakı illərdə isə  bu nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə davam və inkişaf  etdirildi,  konstitusional prinsiplərin dərinləşdirilməsi üçün ardıcıl islahatlar həyata keçirildi. Ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Prezident İlham Əliyevin təşəbbüsü ilə 2009-cu və  2016-cı illərdə Konstitusiyaya əlavə və dəyişikliklər edildi. Ana Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırıldı. 

2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər yalnız hərbi deyil, həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərimizi  möhkəmləndirdi. Xalqımız artıq beşinci ildir Xilaskar  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır.

Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Bu qərar, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır. Cənab Prezident tərəfindən elan edilən "Konstitusiya  və Suverenlik İli"nin  təməlində birmənalı olaraq  güclü dövlətçilik prinsiplərimiz  dayanır. 

"Konstitusiya və Suverenlik İli"nin məhz Şanlı Zəfərimizin beşinci ildönümündə qeyd edilməsi hər birimiz üçün, hər bir Azərbaycanlı üçün ikiqat sevinc və qürur qaynağıdır. 

Jalə Əliyeva
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini