10 yanvar 2025 17:33
104

Bu gün “Bakı” qəzetinin yaradılmasından 67 il ötür

Bir nəfərdə o vaxt təpər tapılmadı ki, soruşsun: balam, əhalisi əksəriyyət təşkil edən xalqın ana dilində çıxan qəzetinin günahı nədir? – bu sualı heç vaxt, heç kəsə verən olmadı.

“Yeni yol” qəzeti gözlənilmədən bağlandı. “Vışka” qəzeti Mərkəzi Komitənin orqanı kimi fəaliyyətini davam etdirdi. Bir nəfərdə o vaxt təpər tapılmadı ki, soruşsun: balam, əhalisi əksəriyyət təşkil edən xalqın ana dilində çıxan qəzetinin günahı nədir? – bu sualı heç vaxt, heç kəsə verən olmadı. Lakin mən qəzetdən uzaqlaşdıqdan sonra, uzun müddət müxtəlif yerlərdə çalışmağımdan asılı olmayaraq bu suala cavab axtarırdım. Nəhayət, bir gün topladığım faktlardan, gəldiyim qənaətlərdən sonra bir məktub hazırladım. O vaxt Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırov idi. Mənim məktubumu yuxarılara çatdırırlar. Baxılıb qərar çıxarıldı. Onda belə idi ki, bizim Mərkəzi Komitənin hər hansı bir qərarı mütləq Moskvaya göndərilməli idi. Belə də oldu. Sov.İKP-dən xahiş olunurdu ki, Azərbaycanın paytaxtı Bakı şəhərində qəzet çıxarılmağa icazə verilsin.

Aradan xeyli keçmiş məni Mərkəzi Komitəyə çağırdılar. O zaman Mərkəzi Komitənin katibi Şıxəli Qurbanov idi. Şıxəli Qurbanov stolunun gözündən bir qərar çıxarıb göstərdi və dedi:

– Moskva yeni qəzet çıxarmaq barədəki qərarımızı təsdiqləyib. İstəyirəm işin ilk təşəbbüskarı olduğum üçün məsuliyyəti də, sənin üzərinə qoyaq, universitetdəki dərslərini demək şərti ilə…

Qəzet əvvəlcə kiçik formatda fəaliyyətə başladı. Sonradan oxucu marağını nəzərə alıb həcmini genişləndirdik, eyni zamanda rus oxucularını da nəzərə alıb “Baku” qəzetinin də paralel nəşrinə başladıq. Bakı Şəhər Sovetinin yeni orqanı olan “Bakı” və “Baku” axşam qəzetlərinin təməli belə qoyuldu…

Nəsir İmanquliyev

Qeyd: Bu gün “Bakı” qəzeti Bakı Şəhər İcra hakimiyyətinin dəstəyi ilə dövrün tələbinə uyğun olaraq Baki-Baku.az adı ilə onlayn formatda fəaliyyətini davam etdirir. Məqsədimiz, şəhərimizin ictimai, mədəni və sosial həyatını əhatə edərək, Bakıya dair dolğun məlumat mənbəyi olmaqdır.