13 yanvar 2025 18:31
156

Qarabağ və Şərqi Zəngəzurda infrastruktur yüksək səviyyədə yenidən qurulur

Deputat: Növbəti dövrdə 10 milyard manatdan artıq yeni dəyərin formalaşmasını müşahidə edə bilərik

Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşaması üçün  həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir. Bu ərazilərdə həyata keçirilən genişmiqyaslı işlər çərçivəsində infrastruktur layihələri mühüm əhəmiyyət kəsb edir. Çünki infrastrukturun yüksək səviyyədə yenidən qurulması həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də oraya qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq. 

Milli Məclisin deputatı Vüqar Bayramov sözügedən məsələ bağlı “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun formalaşması və bütövlükdə həmin ərazilərimizin bərpa və yenidənqurma prosesi davam edir: ”Bütövlükdə Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra azad olunmuş ərazilərimizin bərpasına artıq 19 milyard manat vəsait ayrılıb. Eyni zamanda, 2025-ci ilin dövlət büdcəsindən bu istiqamətə əlavə 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu da nəticə etibarilə ondan xəbər verir ki, 2025-ci il daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidənqurulmasına 23 milyard manat vəsait ayrılması həyata keçirilir. Bu, təbii ki, Azərbaycanın iqtisadi gücünü göstərən faktorlardan biridir. Çünki Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın daxili maliyyə mənbələri hesabına qurulur və bərpa olunur. Bu isə ondan xəbər verir ki, Azərbaycan hər hansı bir xarici dəstək olmadan Qarabağ və Şərqi Zəngəzurun bərpasının, infrastrukturunun formalaşdırılmasını həyata keçirir. Cənab Prezidentin qeyd etdiyi kimi, dost ölkələr tərəfindən bu istiqamətdə bir sıra humanitar yardımlar göstərilir. Bütövlükdə isə Azərbaycan məhz öz daxili mənbələrindən istifadə etməklə Qarabağ və Şərqi Zəngəzurun infrastrukturunu beynəlxalq standartlara uyğun olaraq yüksək səviyyədə  qurur və formalaşdırır”.

İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpaolunan enerji potensialından səmərəli istifadə çərçivəsində sistemli tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda xüsusən bu ərazilərin yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. 

Vüqar Bayramov qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda yaşıl zonanın formalaşdırılması, onun digər ərazilərimizə transferi vacib istiqamətdir. Eyni zamanda, bu, bir daha təsdiq edir ki, Azərbaycan yaşıl iqtisadiyyatın prinsiplərinə uyğun olaraq infrastrukturun formalaşdırılmasına xüsusi dəstək verir: “Enerji infrastrukturu formalaşdırılan zaman məhz yaşıl iqtisadiyyat prinsipləri nəzərə  alınır. Artıq bp tərəfindən alternativ mənbələrdən enerji istehsalı, elektrik  stansiyalarının qurulması ilə bağlı işlər gedir. Artıq sənayenin formalaşması da həyata keçirilir. Çünki Ağdamda  formalaşan Sənaye Parkına ciddi maraq var. Təbii ki, bu, eyni zamanda, iqtisadiyyatın, sənayenin formalaşmasına və reinteqrasiyasına zəmin yaradan məsələlərdən biridir. Bu baxımdan, Qarabağa daha çox sərmayənin cəlb edilməsi həm də nəticə etibarilə həmin ərazilərimizdə iqtisadiyyatın daha qısa zamanda formalaşmasına və reinteqrasiyasına imkan yaradacaq. Ona görə bu istiqamətdə xüsusən da yerli və xarici sərmayələrin cəlb edilməsi bağlı görülən işlər davam edir. Xüsusən nəzərə alsaq ki, Qarabağ  və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatının təxminən 10 faizini formalaşdırmaq potensialına malikdir, bu da ondan xəbər verir ki, növbəti dövrdə bütövlükdə bu bölgələrdə 10 milyard manatdan artıq yeni dəyərin formalaşmasını müşahidə edə bilərik. Yeni dəyərin formalaşması və ölkə iqtisadiyyatına reinteqrasiyası Azərbaycan iqtisadiyyatının, xüsusən qeyri-neft sektronun inkişafı baxımından yeni imkanlar yaradan faktorlardan biridir. Ona görə də bu istiqamətdə həyata keçirilən işlər bütövlükdə ölkə iqtisadiyyatının inkişafı baxımından da yeni imkanlar yaradır”.

Vurğulamaq yerinə düşər ki, Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin bərpası, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur.

İqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında vurğuladı ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərə yatırdığı sərmayələr, reallaşdırdığı investisiyalar xeyli dərəcədə dövlət kapital qoyuluşları ilə bağlıdır. Burada əsas rolu dövlətimiz oynayır, özəl sektorun iştirakı hələ lazım olan səviyyədə deyil. Bu da anlaşılandır. Çünki infrastruktur layihələrinin icrasına hər bir iqtisadi sistemdə ilk növbədə məhz dövlət öhdəlik daşıyır, öz üzərinə bu tip layihələrin reallaşdırılmasını götürür. Sonra isə özəl sektor da proseslərə aktiv şəkildə qoşularaq, artıq dövlət tərəfindən yaradılmış strukturu əsas götürərək öz biznes fəaliyyətini qurur.

İqtisadçı-analitikin sözlərinə görə, dövlətimiz azad olunmuş ərazilərdə kifayət qədər böyük işlər gördüyü üçün biznes sektorunun özəl investisiya institutunun  həmin bölgədə aktiv şəkildə fəaliyyətə keçməsinə ehtiyac var “Zənnimcə, bu zəruridir. Çünki bazar iqtisadiyyatı şəraitində işgüzar fəallıq ilk növbədə daxili özəl investisiyalar hesabına həyata keçirilməlidir. Görünən odur ki, Qarabağın və Şərqin Zəngəzurun dirçəlməsi ilə bağlı müvafiq prioritetlər dövlət başçısı tərəfindən müəyyən edilib. Bu, həmin ərazilərin bərpası ilə, regiondakı sənayeləşmə, regionun xüsusi ilə su potensialının enerji generasiyasında rolu ilə bağlıdır. Bütün bunlar bir tərəfdən ekoloji cəhətdən təmiz, digər tərəfdən isə ölkədə sənayeləşmiş yüksək texnoloji tutumlu məhsulları istehsal edə bilən bir iqtisadi sistemin bütövlükdə dövlətimizdə inkişaf etməsinə şərait yaratmalıdır. Bu baxımdan, həmin bölgələrin iqtisadiyyatın təkanverici mərkəzlərindən biri kimi çıxış etməsi düşünürəm ki, bir məqsəd olaraq formalaşmışdır. Ona görə də həmin ərazilərdə sənayeləşmə ilə bağlı reallaşdırılan məsələlər sənaye parklarının, azad iqtisadi zonaların yaradılması olduqca mühümdür. Bu, həm yerli bazarın yerli  məhsulla təminatı nöqteyi-nəzərindən, həm də  idxalın əvəz olunması baxımından vacibdir”.

Həmsöhbətimiz əlavə etdi ki, digər tərəfdən biz ixracatımızı da şaxələndirməliyik. Bu baxımdan, işğaldan azad olunmuş ərazilərimizin böyük potensialı var.  O sahə qeyri-xammal sektorunun ixrac göstəriciləri baxımından ölkəmizin xarici ticarətində mühüm rol oynamalıdır. Bununla yanaşı, enerji sektorunda alternativ enerji generasiyasının payının artımı ilə bağlı çağırışlar var. Zənnimcə, həmin regionlarda reallaşdırılan layihələrə nəzər yetirsək görərik ki, həm su generasiyası ilə bağlı xüsusilə həmin bölgələrin dağ çaylarının potensialını nəzərə aldıqda, həmdəki günəş və külək enerjisi generasiyasının payının artımına imkanlar mövcuddur. Zənnimcə, reallaşdırılan investisiya proqramları həmin potensialın reallaşdırılmasında mühüm rol oynayacaq və müvafiq dövlət sənədlərində formalaşmış hədəflərin reallaşdırılması istiqamətində müvafiq işlər görüləcək.

Hazırda Qarabağ və Şərqi Zəngəzur yeni - bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrünü yaşayır. İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu bu yerlər indi geniş tikinti meydanına çevrilərək öz sakinlərini qoynuna alır. 

Yaqut Ağaşahqızı, “İki sahil”