13 yanvar 2025 23:57
109

Paşinyan “Titanik”ə bilet alır, Cəmil Həsənli də bizə “moizə” oxuyur...

Bugünlərdə Ermənistan hökuməti bu ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlnması ilə bağlı qərar layihəsini təsdiq edib. Sənəddə ayrıca vurğulanır ki, Ermənistan Aİ-yə üzvlük prosesinin başladığını elan edir. Rəsmi İrəvanın Aİ-yə üzvlük prosesini başlatmaq istiqamətində atdığı addımlar həm ölkə daxilində, həm də xaricdə, xüsusilə də Rusiyada geniş müzakirələrə səbəb olub. Təbii ki, bütün bunlar gözlənilən idi.

Bizim ölkəmizin media orqanlarında da məsələ ilə bağlı məqalələr dərc olunub, firkirlər, rəylər səsləndirilib. Təbii ki, burada qeyri-adi heç nə yoxdur. İşin qəribə tərəfi isə odur ki,  bütün bunlar radikal müxalifət düşərgəsinin əsas təmsilçilərindən olan, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlini narahat edib. Həşəmətli “baş” milli şuraçı bu zat həmin narahatçılıqla da “İki gün əvvəl Ermənistan hökuməti “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlülk prosesinə başlanması” haqqında qanun layihəsini bəyənərək parlamentin müzakirəsinə təqdim edib. Nədənsə Ermənistanın Avropa İttifaqına üzv olmaq istəyi ilə bağlı Rusiya və Azərbaycanın  informasiya vasitələri həşir qaldırıb” adlı əndrabadi bir cızma-qara edib.

Gəlin, məsələ ilə bağlı bəzi faktlara, mütəxəssis rəylərinə, rəsmi açıqlamalara diqqət edək. Məsələn, Ermənistan Dövlət Gəlirləri Komitəsinin keşmiş sədri David Ananyan Rusiya ilə münasibətlərin kəsilməsinin iqtisadi nəticələrini qiymətləndirərək bildirib ki, bu gün birbaşa xarici investisiyaların təxminən 70 faizi Rusiya kapitalıdır. Keçmiş komitə sədri vurğulayıb ki, Ermənistan iqtisadiyyatı Rusiya iqtisadiyyatına bağlıdır.

Heç kimə sirr deyil ki, Ermənistanın qaz və elektrik infrastrukturu Rusiya kapitalı sahəsində fəaliyyət göstərir. Bu, o deməkdir ki, birbaşa xarici investisiyaların həcminə görə Rusiya birinci yerdədir. Ermənistanın kənd təsərrüfatı məhsullarının  əsas bazarı Rusiyadır. Yəni, bu ölkənin aqrar sektoru da birbaşa Rusiya ilə bağlıdır.

D.Ananyana görə, hökumət başqa geosiyasi qütbə meyillənirsə ilk növbədə Rusiyadan asılı olan sahələri şaxələndirməli idi: “Bunun üçün, məsələn, kənd təsərrüfatı məhsullarını Avropa standartlarına uyğunlaşdırmalı, istehsal həcmini artırmalı idi. Bütün bunlar edilməyib”. O qeyd edib ki, bu sahələrin əvvəlcədən şaxələndirilmədən xarici siyasətdə kəskin dönüş real problemlərə, eləcə də iqtisadiyyat üçün təhlükələrə gətirib çıxaracaq.

Məsələ burasındadır ki, yanlız energi, kənd təsərrüfatı deyil, Ermənistanın ərzaq təhlükəszliyinin təmin edilməsində və digər sahələrdə Rusiya önəmli rola malikdir. Bu ölkənin dəmir yolları şirkəti də tamamilə Rusiya Dəmir Yolları şirkətinə bağlıdır. Hələ 2008-ci ildə bu şirkətin Rusiya Dəmir Yollarına tamamilə transfer olunması üçün iki ölkə arasında 30 illik müqavilə imzalanmışdır.

Gələk idxal məsələsinə. Burada da rəsmi İrəvan demək olar ki, Rusiyadan asılıdır. Belə ki, Ermənistan əsas strateji məhsullarının hamısını Rusiyadan idaxl edir. Ən əsası isə odur ki, Ermənistan bu gün də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Müstəqil Dövlətlər Birliyinin, həmçinin Avrasiya İqtisadi Birliyinin (Aİİ) üzvüdür. Digər bir reallıq ondan ibarətdir ki, Rusiya Ermənistan iqtisadiyyatının əsas sərmayəçisidir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi yüksək səviyyəyə çataraq 14 milyard dolları keçib. Birmənalı demək lazımdır ki, bu artımların əsas səbəbi Rusiyaya ilə yaxın iqtisadi əlaqələrdir. Çünki Ermənistan iqtisadiyyatının hazırkı vəziyyəti Rusiya ilə ticarət dövriyyəsini bu miqyasda artırmaq gücündə deyil. Danılmaz faktdır ki, Ermənistanın xarici ticarət dövrüyyəsindəki artımı sanksiyalardan yayınmaq nəticəsində yaranan süni, müvəqqəti artımdır. Bunu Vaşinqton və Brüsseldəkilər yaxşı bilsələr də, görməzlikdən gəlirlər.

Yeri gəlmişkən, bir sıra beynəlxalq təşkilatlar ciddi təhlillərə əsaslanaraq öz hesabatlarında göstərirlər ki, Ermənistan iqtisadiyyatı yaxın gələcəkdə Rusiyadan ciddi şəkildə asılı olaraq qalacaq. “Fitch” kredit reytinq agentliyi xüsusilə qeyd edir: “Ermənistan iqtisadiyyatı ticarət və enerji baxımından Rusiyadan çox asılıdır və “Fitch” yaxın perspektivdə Rusiyadan əhəmiyyətli dərəcədə diversifikasiya gözləmir”.

O da qeyd edilib ki, 2021-ci ildən bəri Rusiyaya mal ixracı təxminən 300 faiz artıb və 2023-cü ilin ilk doqquz ayında ixracın 51faizi, idxalın isə 30 faizi Rusiyanın payına düşüb. Əsl reallıq budur.

Bütün bunlar bir daha göstərir ki, Nikol Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya barədə səsləndirdiyi fikirlər reallıqdan uzaqdır və manipulyasiyadan başqa bir şey deyil.

Şübhəsiz, Paşinyan hökumətinin bu addımı Rusiya tərəfindən xoş qarşılanmayıb. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Aİ-yə üzvlüyünü “Titanik” gəmisinə bilet” almaqla müqayisə edib.

Rusiyalı politoloq Sergey Markov isə məsələ ilə bağlı bildirib ki, Ermənistan Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq üçün suverenliyinin bir hissəsindən vaz keçməli olacaq. Çünki Aİ təmənnasız heç nə vermir: “Ermənistan isə özünü böyük bir diasporun təmsilçisi kimi təqdim edərək, siyasi manevrlərlə nəticə əldə etməyə çalışır. Ermənilər tarixi təcrübələrinə əsaslanaraq düşünürlər ki, Osmanlı və ya Çar Rusiyasını aldada bildikləri kimi, Aİ bürokratiyasını da aldada bilərlər. Lakin Aİ çalışacaq ki, Ermənistanı çox şey ödəmədən Aİİ üzvlüyündən çəkindirsin... Buna görə də İrəvan Aİİ-dən çıxmaq istəməyəcək, amma eyni zamanda Avropa Komissiyası ilə danışıqlar aparacaq. Eyni zamanda Aİİ-ni şantaj edərək güzəştlərin artırılmasına çalışacaq”.

Bizcə hər şey açıq-aşkar ortadadır. Əslində bütün bunları C.Həsənli də  yaxşı bilir. Ancaq nədənsə gəlib bizə “moizə” oxuyur...

Zahid Rza, “İki sahil”