17 yanvar 2025 12:00
345

Türkiyə regional qaz təchizatında təhlükəsiz və etibarlı tərəfdaşdır

Türkiyənin təbii qaz bazarı 37 ildən artıq bir dövrdə böyük inkişaf prosesindən keçib. Lakin ötən müddətdə bu gün də davam edən bəzi problemlərlə üzləşib. Son zamanlar Rusiya və Ukrayna arasında mövcud qarşıdurma ilə başlayan enerji böhranı qlobal miqyasda olduğu kimi, Türkiyənin təbii qaz bazarına da öz təsirini göstərib. Enerji böhranı ilə tarixi yüksək səviyyələrə çatan təbii qaz qiymətləri, artan enerji təhlükəsizliyi riskləri kimi təhdidlər, o cümlədən dekarbonizasiya tendensiyalarının sürətlənməsini dəstəkləyən imkanlar Türkiyənin regional qaz mərkəzi olma hədəflərini ortaya çıxarır. Bundan əlavə, 2020-ci ildə Sakarya təbii qaz yatağının kəşfi Türkiyənin idxala əsaslanan təbii qaz bazarında görünməmiş bir uğur olduğunu nümayiş etdirdi.

BOTAŞ-ın (Neft Boru Kəməri Nəqliyyatı Anonim Şirkəti) uzunmüddətli müqavilələrinin əhəmiyyətli bir hissəsinin 2026-cı ilə qədər başa çatması faktı da BOTAŞ-ın dövrün tələblərinə uyğun yenidən qurulması, proqnozlaşdırıla bilən xərclərə əsaslanan qiymət siyasətinin qurulması və islahatların həyata keçirilməsi üçün uyğun şərtləri təmin edə bilər. Ona görə də Türkiyənin təbii qaz bazarı mühüm dönüş nöqtəsindədir və uzun müddətdir gündəmdə olan problemlərin həlli istiqamətində daxili və xarici dinamikanı nəzərə alan yeni baxış və yanaşma ilə Türkiyənin potensialını reallaşdıracaq bazar islahatının həyata keçirilməsi üçün tarixi fürsətə çevrilə bilər.

1987-ci ildən bəri təbii qaz Türkiyə iqtisadiyyatının inkişafına töhfə verib və artan enerji tələbatının ödənilməsində mühüm rol oynayıb. Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatına görə, Türkiyə 2023-cü ildə 50,2 milyard kubmetr təbii qaz istehlak edib. Türkiyə Almaniya, Böyük Britaniya və İtaliyadan sonra Avropanın 4-cü ən böyük təbii qaz bazarıdır. EPDK-nın məlumatına görə, 2026-cı ilə qədər təbii qaz şəbəkəsinin ümumilikdə 1000 yaşayış məntəqəsinə çatacağı gözlənilir. Şəbəkənin genişləndirilməsi sərmayələri ilə aktiv təbii qaz istifadəçisi əhalisinin 2026-cı ildə 71,5 milyon nəfərə çatacağı və Türkiyə Statistika Təşkilatının (TÜİK) 2026-cı ildəki əhali hesablamalarına görə, bu rəqəmin 80%-ə bərabər olacağı gözlənilir.

Türkiyə Milli Enerji Planı (TUEP) təbii qaz istehlakının 2025-ci ildə 52 milyard kubmetr, 2030-cu ildə 58 milyard kubmetr və 2035-ci ildə 56 milyard milyard kubmetr olacağını nəzərdə tutur. Bir sözlə, TUEP-in gələcək proqnozları Türkiyə qaz bazarının yetişmə mərhələsinə yaxınlaşdığını göstərir. TUEP, həmçinin təbii qazı hidrogen və sintetik metan kimi təmiz yanacaqlarla qarışdırmaqla gələcəkdə emissiyaların azaldılmasını nəzərdə tutur.

“SOCAR Türkiyə”nin baş icraçı direktorunun müşaviri İbrahim Said Arınçın mövzu ilə bağlı “Enerjimiz bir” jurnalında yer alan “Türkiyənin təbii qaz bazarı potensialını kəşf etmək” adlı məqaləsində qeyd olunur ki, 2018-ci ildə TANAP və 2020-ci ildə TAP-ın istismara verilməsi ilə Türkiyə Cənub Qaz Dəhlizinin həyata keçirilməsində mühüm rol oynayıb. Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında 2022-ci ilin iyul ayında Avropaya əlavə olaraq 10 milyard kubmetr qaz ixracına dair saziş imzalanıb. Bundan əlavə, 2020-ci ildə fəaliyyətə başlayan “Türk axını” layihəsi ilə Türkiyə Rusiya qazının Avropaya nəqli üçün mühüm tranzit ölkəyə çevrilib. Rusiya ilə Ukrayna arasında tranzit müqaviləsi uzadılmasa, Rusiyanın Avropaya təbii qaz nəqli üçün yeganə marşrutu Türkiyə olacaq. Bütün bu hadisələr Türkiyənin regional təchizat təhlükəsizliyinin etibarlı marşrutu rolunu gücləndirir.

Bundan əlavə, Türkiyə son on ildə təbii qaz təchizatının təhlükəsizliyi çərçivəsində böyük infrastruktur investisiyaları həyata keçirib. Türkiyənin texniki təbii qaz infrastrukturu anbar tutumu, böyük LNG (Mayeləşdirilmiş Təbii Qaz) qazlaşdırma qabiliyyəti, son kəşflərlə yerli təbii qaz hasilatının artması, mövcud boru kəmərləri və təbii qazın Avropa bazarına, xüsusilə Yunanıstan və Bolqarıstana ixrac imkanlarını nəzərə alan qardaş ölkə regional mərkəzə çevrilmək imkanına malikdir. Türkiyə son illərdə böyük təbii qaz infrastrukturu sərmayələri və hüquqi tənzimləmələri ilə mərkəzə çevrilmək üçün əhəmiyyətli irəliləyişlər əldə etsə də, Avropa Enerji Tacirləri Federasiyasının (EFET) 2023-cü il üzrə hesabatına görə, Türkiyənin hələ də Avropa standartlarında regional mərkəzə çevrilməsi üçün inkişaf sahələri var.

Məqalədə qeyd olunur ki, Türkiyə təbii qazın böyük bir hissəsini (72%) boru kəmərləri ilə idxal edir, qalan hissəsini isə LNG qazlaşdırma terminalları vasitəsilə təmin edir. Təbii qaz bazarının yaranmasından bəri Rusiya Federasiyası əsas təchizatçıdır. Azərbaycan son illərdə Türkiyəyə verdiyi təbii qazın həcmini artırsa da, İran uzun müddətdir sabit təchizatçı profilinə malikdir. LNG terminalları vasitəsilə həyata keçirilən idxallar da tələb-təklif balanssızlığı hallarında sistemin çevikliyinin təmin edilməsinə və buna görə də enerji təhlükəsizliyinin yaradılmasına töhfə verir. 2026-cı ilin sonuna qədər BOTAŞ-ın Rusiya Federasiyası və İran ilə uzun və qısamüddətli idxal müqavilələrinin müddəti başa çatacaq ki, bu müqavilələr də cari idxal müqavilələrinin 55%-ni təşkil edir.

“Sakarya” qaz yatağının kəşfindən əvvəl Türkiyə 99% təbii qaz idxalından asılı idi. Qlobal miqyasda böyük uğur hesab edilən “Sakarya” yatağının kəşfi idxaldan asılılığın azaldılması istiqamətində tarixi addımdır. Bununla belə, Türkiyə qlobal miqyasda böyük təbii qaz bazarıdır və hətta “Sakarya” yatağından hasilat 2030-cu illərdə müəyyən üst səviyyəyə çatsa belə, idxaldan asılılıq ən azı 75% olacağı gözlənilir.

İbrahim Said Arınç məqaləsində 2023-cü ilin aprel ayında BOTAŞ və qaz bazarının yenidən qurulması üçün 4646 saylı Qanuna dəyişikliklər edildiyini diqqətə çatdırıb: “Türkiyə Böyük Millət Məclisinə təqdim edilən qanun layihəsinin əsaslandırmasında millət vəkilləri BOTAŞ-ın milli maraqlara ən uyğun şəkildə yenidən qurulması ilə bağlı məsələləri vurğulayaraq, enerji təhlükəsizliyinin təmin edilməsi, qaz bazarında rəqabətin və proqnozlaşdırıla bilənliyin yaradılması məsələlərini vurğuladılar. Lakin Türkiyənin qaz bazarında keçmiş təcrübələr göstərir ki, çoxölçülü xroniki problemləri yalnız bazar hüququnda tənzimləməklə həll etmək mümkün deyil və bir çox müvafiq hüquqi tənzimləmələrin keçmişdə həyata keçirilə bilmədiyi göz qabağındadır. Bu səbəblə siyasətçilər təbii qaz bazarında keçmiş təcrübələri, yeni qlobal dinamikanı, milli maraqları, özəl sektordan gözləntilərini və qlobal reallıqları nəzərə alaraq, çoxşaxəli baxışla daha əhatəli və effektiv strategiya çərçivəsində məsələni həll etməlidirlər. Bu yeni çoxşaxəli yanaşma siyasətçilər tərəfindən hazırlanacaq Təbii Qaz Strategiya Sənədi vasitəsilə bütün maraqlı tərəflərə təqdim edilə bilər.”

“SOCAR Türkiyə”nin baş icraçı direktorunun müşaviri məqaləsində bu sənədin bəzi əsas faydalarını əsaslandırıb: “Təbii qazın satış qiymət siyasəti aydın, bazara/maya dəyərinə əsaslanan və bütün sektorlar üçün proqnozlaşdırıla bilən olmalıdır. Ev təsərrüfatları və kiçik orta sahibkarlıq subyektləri üçün mövcud subsidiya siyasəti ləğv edilməli, milli sərvətin vətəndaşlar arasında ədalətli bölüşdürülməsi prinsiplərinə əsaslanan, yalnız aztəminatlı qrupdakı müştəriləri əhatə edən müasir dəstək mexanizmi həyata keçirilməlidir. Təbii qaz təchizatının təhlükəsizliyini təmin etmək və proqnozlaşdırıla bilən bazar şəraiti yaratmaq üçün dövlət və özəl sektorlar arasında rol və vəzifələri aydın şəkildə müəyyən etmək lazımdır. BOTAŞ dövlət şirkəti olmaq səlahiyyəti ilə mövcud müqavilələri uzada və ya yeni təşəbbüslərlə çıxış edə bilər. Bununla belə, BOTAŞ-ın qaz idxalı və satışı siyasəti özəl sahibkarların idxal müqavilələri imzalamasına və daxili bazarda öz müştərilərini qazla təmin etməsinə mane olmamalıdır. Bu, Türkiyə təbii qaz bazarında likvidliyi və rəqabəti artıracaq və bazarın dərinliyinə töhfə verəcək. Türkiyə regional bazarlar üçün istinad mərkəzi olmağı bacararsa, bu, daha rəqabətli şərtlər altında gələcək müqavilələrin yenilənməsinə imkan verəcək. Təbii qazın səmərəli istehlakı Türkiyənin 2053-cü ildə xalis sıfır hədəflərinə çatması üçün əsas məqsəd olmalıdır. Bu baxış, ilk növbədə, təbii qazın idxal xərclərini azaldacaq və milli resursların optimal istifadəsinə töhfə verəcək. Qaz bazarını karbonsuzlaşdırmaq üçün bərpaolunan qaz alternativləri güclü mexanizmlərlə dəstəklənməlidir. Bərpaolunan qaz siyasətində Aİ-nin Sərhəd Karbon Tənzimləmə Mexanizminin (SKDM) risklərinə məruz qalma ehtimalı olan təbii qaz istehlak edən, ixrac edən sənaye sektorlarına üstünlük verilməsi bazar dinamikası baxımından daha faydalı olardı. Nəhayət, Türkiyənin biometan potensialı bərpaolunan qaz vizyonu çərçivəsində inkişaf sahəsi kimi qəbul edilməlidir.”

Orxan Vahidoğlu, “İki sahil”