20 yanvar 2025 23:09
112

Aktauda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Azərbaycan Respublikasının Aktaudakı baş konsulluğunda 20 Yanvar 1990-cı il faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib.

 “İki sahil” xəbər verir ki, mərasimdə baş konsulluğun əməkdaşları, şəhərin Azərbaycan diasporunun nümayəndələri, Türkiyənin, Türkmənistanın, Özbəkistanın və İranın Aktaudakı baş konsulları iştirak ediblər.

Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı çıxışında həmin faciəli gecənin hadisələri barədə ətraflı məlumat verib.

Diplomat xüsusilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində Azərbaycan xalqına qarşı törədilmiş bu cinayəti qətiyyətlə pisləyən tarixi çıxışını xüsusi qeyd edib.

Tədbirdə Türkiyənin Aktaudakı baş konsulu Səbri Alptəkin, diaspor nümayəndəsi, professor Yusif Quliyev, "Dostluq" Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov çıxış ediblər. Onlar 20 Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi əbədi qalacağını qeyd ediblər.

Tədbir iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Eyni gündə Azərbaycan icmasının iştirakı ilə ikinci tədbir keçirilib.

Tədbirdə baş konsul Ayxan Süleymanlı Yanvar faciəsindən əvvəl baş verən hadisələr və ermənilərin ərazi iddiaları barədə danışıb. O, Azərbaycan xalqının öz ölkəsinin ərazi bütövlüyünü və suverenliyini qorumaq əzmini qeyd edib.