20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları (TGT) tərəfindən yanvarın 13-dən 20-dək “Qanlı və Şanlı Tariximiz!” həftəsi çərçivəsində silsilə tədbirlər keçirilib.
“İki sahil” xəbər verir ki, keçirilən bədii tədbirlər, konfranslar, görüşlər və bu qəbildən olan digər fəaliyyətlər çərçivəsində tələbə gənclər müstəqillik yolunda atılan ən inamlı addımın bariz nümunəsi olan 20 Yanvar Qəhrəmanlarının xatirəsini ehtiramla yad ediblər.
Bakıda və regionda fəaliyyət göstərən 70-dən çox ali və orta ixtisas təhsili müəssisələrində TGT-lər tərəfindən həftə ərzində “Unudulmaz tarix”, “Keçmişdən gələcəyə”, 20 Yanvar - Qanlı qətl”, “Şəhidlik zirvəsi”, “Qanlı cümədən şanlı müstəqilliyə”, “Qan yaddaşı” və “Hüzn və şərəf günü” adlı görüşlər keçirilib, gənclərə faciə haqqında ətraflı məlumat verərək şəhidlərin xatirəsi əbədiləşdirilib.
Həftə çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə 4000-dən çox TGT fəalının iştirak etdiyi Panorama çarxı ətrafında “#20 JANUARY” adlı fləşmob, Gəncə Dövlət Universitetinin tələbələrindən ibarət Gəncə şəhərində “35 YEARS” adlı fləşmob, Qarabağ Universitetinin tələbələrindən ibarət Xankəndi şəhərində “20 YANVAR” adlı fləşmob keçirilib. Azərbaycan Milli Konservatoriyasında isə “Qanlı və şanlı tariximiz!” adlı ədəbi-bədii kompozisiya təşkil olunub.