04 fevral 2025 12:34
152

Azərbaycan konstitusion və suveren dövlətdir

Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il respublikamızda “Konstitusiya və Suverenlik İli” elan olunub. Milli dövlətçilik dəyərlərimizə, siyasi tariximizə ali ehtiramın təcəssümü olan bu qərar siyasi irsimizin, müstəqillik salnaməmizin, suverenlik mübarizəmizin, torpaqlarımızın azad edilməsi nəticəsində konstitusion hüquqlarımızın tam bərpasının dərindən öyrənilməsi və təbliği, bu istiqamətlərdə yeni siyasi-elmi araşdırmaların aparılması, yeni inkişaf mərhələsində qarşımızda dayanan ideoloji vəzifələrin müəyyən edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Müstəqilliyimizə gedən yol

Qeyd etmək lazımdır ki, suverenlik və ya suverenitet ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə,  Konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir. Hər bir xalq üçün öz suverenliyinə sahib olmaq, hər bir insan üçün müstəqil dövlətin vətəndaşı olmaq ən böyük milli sərvətdir.

Azərbaycanın zəngin dövlətçilik irsi, tarixən mövcud olmuş müstəqil dövlətlərimiz həm də xalqımızın suverenlik irsidir. Suverenlik həm də elə bir irsdir ki, hətta əsarət altında olanda belə insanların hafizələrindən, yaddaşlarından silinmir, nəsildən nəsilə ötürülərək yaşadılır. Təsadüfi deyil ki, tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın suverenlik və müstəqil dövlətçilik əzmini sarsıda bilməyib. Bu baxımdan hələ 1918-ci ildə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın çoxəsrlik siyasi-ictimai fikrindən irəli gələn milli oyanışa və dirçəlişə əsaslanmışdı. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisində dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Cümhuriyyətin müstəqil və suveren dövlətə xas olan təsisatları - parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Azərbaycan bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren respublikamızıq ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və xalqımızın çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu. Bunun ardınca Azərbaycan 1806-1828-ci illərdə olduğu kimi, yenidən Rusiya tərəfindən ilhaq edildi.

Əlbəttə, müstəqillik və suverenlik hissini və arzusunu Azərbaycan xalqının milli yaddaşından silib atmaq mümkün deyildi. Təsadüfi deyil ki, Azərbaycan xalqı hələ sovet dövlətinin mövcud olduğu dövrdə öz azadlığı uğrunda mübarizəyə başlamışdı. Bu mənada 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası yalnız SSRİ-nin çöküşünün və mövcudiyyətinə son qoymasının nəticəsi deyildi. Azərbaycanın dövlət müstəqilliyinin bərpası həm də xalqımızın apardığı milli-azadlıq mücadiləsi prosesinin məntiqi nəticəsi idi.  

1918-ci il mayın 28-də Milli Şuranın qəbul etdiyi İstiqlal Bəyannaməsini, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq, Ali Sovet tərəfindən 1991-ci il oktyabrın 18-də qəbul olunan "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə müasir Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini və suverenliyini elan etdi. 1991-ci il dekabrın 29-da isə respublikamızda ümumxalq referendumu keçirildi və əhalinin 95 faizi bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi. Bununla da Azərbaycan Respublikasının müstəqillik haqqında Konstitusiya Aktı qüvvəyə mindi və XX əsrin sonlarında, SSRİ-nin süqutu ilə başlanan yeni geosiyasi dövrdə ölkəmiz öz istiqlaliyyətini Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa etdi.

Lakin Azərbaycanın müasir müstəqilliyinə gedən yol öz başlanğıcını yalnız 80-ci illərin sonunda baş qaldıran xalq hərəkatından götürməmişdi. Bu istiqamətdə milli-ideoloji proseslər hələ 70-ci illərdən özünü göstərməyə başlamışdı. Belə ki, o dövrdə Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı işlər, nail olduğu inkişaf tendensiyası birbaşa və ya açıq şəkildə dövlət müstəqilliyinin bərpası fikrini bəyan etməsə də, bütün bunların alt qatında Azərbaycanın dövlət müstəqilliyi ideyalarının formalaşmasına xidmət edən gerçəkliklər vardı. Məhz həmin dövrdən etibarən Azərbaycanın  gələcək müstəqilliyinin strateji əsaslarının hazırlanması prosesi başlanmışdı. Bu gün həmin tarixi analiz edəndə, araşdıranda başqa nəticəyə gəlmək ümumiyyətlə qeyri-mümkündür.

Beləliklə Azərbaycanda sovet hakimiyyəti illərində Heydər Əliyevin böyük səyi və gərgin fəaliyyəti ilə yaradılmış güclü iqtisadi potensialın mövcudluğu və milli oyanışdan irəli gələn müstəqil dövlətçilik əzmi ötən əsrin 80-ci illərinin sonlarından etibarən xalqımızın müstəqillik uğrunda mübarizəsini şərtləndirən tarixi amillər kimi özünü göstərmişdi. Onu da xüsusilə qeyd etməliyik ki, həmin dövrdə başlayan milli-azadlıq mücadiləsini yeni mərhələyə yüksəldən, onu dönməz edən, bu prosesə qoşulan insanları daha da cəsarətləndirən, vahid ideya ətrafında sıx birləşdirən də Heydər Əliyevin dahiliyi, xarizması, yüksək siyasi liderlik  keyfiyyətləri idi. Belə ki, SSRİ rəhbərliyinin fəaliyyətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verən Ulu Öndər Heydər Əliyevin 1990-cı ilin iyul ayında Naxçıvana gəlişindən sonra respublikamızda başlanmış dövlət müstəqilliyimizin bərpası uğrunda  mücadilə tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoydu.  Bu dövrün əsas xüsusiyyətləri ondan ibarətdir ki, 1990-1991-ci illərdə məhz Naxçıvanda xalqımızın müstəqillik və milli suverenlik mübarizəsinə əhəmiyyətli dərəcədə təsir edən praktik siyasi qərarlar qəbul edildi. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və ölkəmizdə sovet hakimiyyətinin qurulmasından sonra üçrəngli bayrağımız birinci dəfə 1990-cı ilin noyabrında məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda rəsmi şəkildə ucaldılmış və Muxtar Respublikanın bayrağı elan olunmuşdu. Muxtar respublikada Komunist partiyasının bütün dayaqlarının fəaliyyətinə son qoyan Ulu Öndərin başqa bir təşəbbüsü ilə Naxçıvanın rəsmi adından «sovet» və «sosialist» sözlərinin çıxarılması da sıradan bir siyasi hadisə deyildi. Bu, hələ sovet dövlətinin mövcud olduğu bir vaxtda öz dövlətinin və öz xalqının maraqları uğrunda qətiyyətlə mübarizə aparmağın, cəsarətin, milli fədakarlığın  ən böyük nümunəsi idi.

Azərbaycanın o vaxtkı rəhbərliyi susqunluq nümayiş etdirdiyi bir vaxtda yenə də Heydər Əliyevin sayəsində Naxçıvan Ali Məclisində 20 yanvar faciəsinə siyasi-hüquqi qiymət verilmişdi. 1991-ci ildə isə sovet dövlətinin gələcək taleyi ilə bağlı referendum Naxçıvan Muxtar Respublikasında ümumiyyətlə keçirilməmişdi. Bütün bunların hər biri Azərbaycan xalqının müstəqillik mübarizəsinə, öz suverenliyi uğrunda mücadiləyə təkan verən, onu yeni mərhələyə yüksəldən siyasi qərarlar idi. Odur ki, bu qərarların hər biri Azərbaycanın müstəqillik və suverenlik yolunun mühüm hadisələri kimi tariximizə həkk olunub. Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən əsrin 90-cı illərində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirləri dövlət müstəqilliyi üçün mühüm şərt kimi qiymətləndirərək deyib: “1990-cı illərdə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Məhz o sessiyada Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. O vaxt Azərbaycanda hələ Sovet Azərbaycanının bayrağı dalğalanırdı. O vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. O ağır, o çətin anlarda bu qətiyyətli qərarlar həm Naxçıvanı qorudu, həm də Azərbaycanın gələcək müstəqilliyini şərtləndirdi”.

1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərən xalqımızın böyük oğlu həqiqi dövlət müstəqilliyinin bünövrəsini bu torpaqda qoyub, onun rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası xalqımızın suveren hüquqlarının və dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilib. Bu baxımdan Ulu Öndərin Naxçıvanda 1990-1993-cü illəri əhatə edən fəaliyyəti müstəqillik və suverenlik tariximizin hər zaman öyrənilməli, tədqiq olunmalı mərhələsidir.

Böyük  xilaskar, hüquqi dövlət quruculuğunun banisi

Dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratdı. Bu baxımdan 1991-ci il oktyabrın 18-də qəbul edilən "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı" mütərəqqi və tarixi bir sənəddir. Bu çərçivə sənədində müstəqillik və suverenliklə bağlı məsələlər öz əksini tapıb, habelə Azərbaycanın yeni Konstitusiyasının hazırlanması üçün əsas olduğu qeyd edilib.

Lakin məlum olduğu kimi Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələrin səbatsızlığı nəticəsində xalqımız çoxsaylı təhlükələrlə üzləşdi, ağır sınaqlardan keçdi. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirmiş, onun gələcək taleyini sual altına qoymuşdu. Bütün bunların səbəbkarı olan Mütəllibov və AXC-Müsavat iqtidarları Konstitusiya Aktından irəli gələn vəzifələrin yerinə yetirilməsini, müstəqil dövlətçiliyin hüquqi və siyasi əsaslarının formalaşdırılmasını təmin etmədilər.

Eyni zamanda 1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalmışdı. Təəssüflə qeyd etməliyik ki, məhz hakimiyyətdə olan qüvvələrin bu məsələ ilə bağlı düzgün və qətiyyətli fəaliyyət ortaya qoymamalarının nəticəsi olaraq Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı üçün əlverişli zəmin yarandı. Məhz Mütəllibov və AXC-Müsavat iqtidarlarının yarıtmaz, eləcə də xəyanətkar idarəçilikləri nəticəsində ərazilərimiz işğal olunaraq, ərazi suverenliyimizə qəsd edildi.

Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycana rəhbərliyə başlamasından sonra aparılan müdrik siyasət nəticəsində ölkədə siyasi-iqtisadi böhranlara, separatçılıq meyillərinə və vətəndaş qarşıdurmasına son qoyulduğu kimi, ərazilərimizin işğalının, milli suverenliyimizə qəsd olunmasının da qarşısı alındı. Cəbhə xəttində atəşkəsin elan edilməsi, ictimai-siyasi sabitliyin tam bərqərar olunması və “Əsrin müqaviləsi”nin imzalanması respublikada bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına, hüquqi dövlət quruculuğunun həyata keçirilməsinə zəmin yaratdı. Ulu Öndər Heydər Əliyev Azərbaycanı müstəqilliyini qorudu, dövlətçiliyimizi xilas etdi, öz əməlləri ilə müasir Azərbaycan dövlətini banisinə, xalqımızın Ümummilli Liderinə çevrildi.

Qeyd etmək lazımdır ki, hələ müstəqilliymiz bərpa olunan zaman demokratik quruluşu və qanununun alililiyini özünün başlıca məqsədi elan edən respublikamızda qarşıda duran əsas vəzifələrdən biri yeni Konstitusiyanın hazırlanması idi. Əvvəldə qeyd etdiyim kimi bu məsələ "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"nda öz əksini tapıb. Lakin müstəqilliyimizin ilk illərində bir-birini əvəz edən siyasi qaragüruhçular bu barədə düşünmək belə istəməyiblər.

Dövlətçiliyimiz və müstəqilliyimiz üçün bütün təhlükələri aradan qaldırdıqdan, siyasi-ictimai sabitliyini təmin etdikdən sonra hüquqi dövlət quruculuğuna başlayan Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi ilk tədbirlərdən biri  yeni Konstitusiyanın hazırlanması oldu.

Konstitusiya hər bir sivil ölkənin əsas qanunu kimi ən ali hüquqi qüvvəyə malikdir. Bu sənəd dövlətin quruluşunun və təməlinin prinsiplərini, cəmiyyətin siyasi, hüquqi və iqtisadi əsaslarını təsbit etməklə, həm də vətəndaş hüquqlarını özündə əks etdirir, ölkənin inkişaf prioritetlərini müəyyən edir. Konstitusiya özünün ali hüquqi xüsusiyyətləri  ilə hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanmasına məsul olan xüsusi komissiyanın fəaliyyətə başlaması qərara alındı. Bu Konstitusiya yeni dövrün çağırış və tələblərinə cavab verməli, müstəqil Azərbaycan dövlətinin və onun xalqının milli maraqlarını, ölkənin özünəməxsus xüsusiyyətlərini, milli-mənəvi dəyərləri unikal formada özündə əks etdirən hüquqi sənəd olmalı idi. Bu ali sənədin müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf edən Ulu Öndər layihənin hazırlanması zamanı onun hər bir müddəasını şəxsən nəzərdən keçirdi, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşdı. Bu məqsədlə Heydər Əliyev dəfələrlə layihənin açıq müzakirəsini təşkil etdi.

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının qəuluna səs verdi. Tariximizə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunun qəbulu demokratik, dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu əsasında dövlətimizin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində ilk mərhələ oldu. Odur ki, müstəqil Azərbaycanın ilk Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisələrindən biri olmaqla Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır. Azərbaycanda belə bir yüksək səviyyəli konstitusiyanın qəbul olunması təsadüfi hal olmayıb, çoxəsrlik dövlətçilik ənənələrinin, xalqımızın keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsi idi. Bununla ölkəmizin və xalqımızın dövlətçilik tarixinə yeni bir şanlı səhifə yazıldı. Uzunmüddətli gərgin əməyin məhsulu olan bu Konstitusiya öz demokratikliyi, humanistliyi və dolğunluğu ilə seçilərək ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi və müstəqil dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratdı. Xalqımızın demokratik dövlət qurmaq və dünya birliyində layiqli yer tutmaq istəyini nümayiş etdirdi.

Azərbaycan Konstitusiyası dövlət və cəmiyyətin təşkilinin demokratik prinsiplərini ehtiva etməklə ictimai həyatın bütün sferalarında, o cümlədən siyasi, iqtisadi, sosial-mədəni və mənəvi sferalarda yeni məzmunlu münasibətlərin formalaşmasını, insan və cəmiyyət, vətəndaş və dövlət münasibətlərində insan və vətəndaşın fərqli üstün mövqeyini və bununla da insanın cəmiyyət və dövlət həyatında aparıcı rolunu müəyyən etdi. Sovet hüquq doktrinasından fərqli olaraq artıq insan, onun hüquq və azadlıqları ali dəyərlər kimi tanınmağa, dövlət tərəfindən onlara dəyər verilməyə başlandı. Azərbaycanın yeni Konstitusiyası hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun əsaslarını müəyyən etdi, yeni siyasi və hüquqi sistemin yaradılmasına yol açdı. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncamda deyildiyi kimi bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.

Beş bölmədən ibarət olan ibarət olan Azərbaycan  Konstitusiyası dövlətin əsas hüquqi sənədidir və burada aşağıdakı əsas prinsiplər əhatə olunub:

1. Dövlət Suverenliyi və Müstəqillik: Konstitusiyada Azərbaycanın müstəqil, demokratik və hüquqi dövlət olduğu təsbit edilir. Dövlətin suverenliyi və müstəqilliyi təmin edilir.

2. Hüquqi Dövlət Prinsipi: Azərbaycan Konstitusiyası hüquqi dövlət prinsipini əsas götürür, yəni hüquqi normaların və qanunların ali olması və hər kəsin qanun qarşısında bərabər olması.

3. İnsan Hüquqları və Azadlıqları: Konstitusiya insan hüquqları və əsas azadlıqları, o cümlədən sərbəst hərəkət etmək, söz azadlığı, din azadlığı, mətbuat azadlığı kimi azadlıqları qoruyur. Konstitusiyada hər bir vətəndaşın təhsil, səhiyyə və sosial təminat hüquqları təmin edilir.

4. Dövlət Hakimiyyətinin Bölünməsi: Azərbaycan Konstitusiyasında dövlət hakimiyyəti üç qol üzrə bölünür: qanunverici (Milli Məclis), icra (Prezident) və məhkəmə. Bu prinsipin məqsədi hər bir hakimiyyət qolu arasında balans və qarşılıqlı nəzarətin təmin edilməsidir.

Azərbaycanda Konstitusiyasının qəbul edildiyi 1995-ci ildən sonra bir neçə dəfə dəyişiklik və əlavələr edilib. Bu dəyişikliklər dövlətin və cəmiyyətin tələbatlarına uyğun olaraq həyata keçirilmiş və ölkənin demokratik inkişafına töhfə vermişdir. Əsas dəyişikliklər 2002, 2009, 2016 illərdə keçirilən referendumlar vasitəsilə baş tutub. Konstitusiyadakı dəyişikliklərə baxmayaraq sabit qalması onun etibarlı və müasir dövlət quruculuğuna uyğunlaşdırılmasının əsas göstəricisidir.

Bütün torpaqlarımız üzərində milli suverenliyimiz və konstitusion hüquqlarımız bərqərar edilib

Azərbaycan Konstitusiyasında xalqımızın təntənəli surətdə bəyan etdiyi niyyətlərdən biri dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasıdır. Konstitusiyamızın 11-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Lakin Ermənistanın 90-cı illərin əvvələrindən etibarən Azərbaycana qarşı hərbi təcavüz etməsinin və torpaqlarımızın işğal olunması nəticəsində dövlətimizin və xalqımızın suveren və konstitusion hüquqları kobud şəkildə pozulmuşdu. İşğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza qarşı hərbi və insanlıq əleyhinə cinayətlər törədilmiş, şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, Azərbaycan vətəndaşlarının mülkiyyət, yaşamaq, o cümlədən  təhlükəsiz yaşamaq hüquqları tapdalanmışdı.

Ona görə Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi hər zaman Azərbaycan dövlətinin prioritet məqsədlərindən biri kimi özünü göstərib. Dünya Qarabağı Azərbaycan torpağı kimi tanısa da, artıq keçmişdə qalmış Qarabağ probleminin həllində vasitəçilik edənlər təəssüf ki, hər zaman ikili standartlardan çıxış etdilər, işğalçını öz adı ilə çağırmaqdan, BMT qətnamələrinin Ermənistandan icrasını tələb etməkdən uzaq oldular. Bu mənada torpaqlarımızın işğaldan azad olunmasından sonra ortaya çıxan gerçəkliklərdən biri budur ki, Minsk qrupunun həmsədrləri əslində problemin ədalətli həlli deyil, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına cəhd göstəriblər. Düşünüblər ki, xalq zamanla işğalla barışacaq.

Xalqımız isə işğalla  nəinki barışmadı, həm də hər bir azərbaycanlı əmin idi ki, torpaqlarımız mütləq azad olunacaq. Bu əminliyi gücləndirən həm Ümummilli Lider Heydər Əliyevin və onun siyasi davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət idi. Möhtərəm İlham Əliyev hələ ilk dəfə Azərbaycan Prezidenti seçildiyi 2003-cü ildə keçirilən andiçmə mərasimində bununla bağlı mövqeyini belə ifadə etmişdi: «Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir».

2003-cü ildən sonra Azərbaycanın nail olduğu sürətli inkişaf siyasəti həm də torpaqlarımızın azad ediləcəyi, bütün ərazilərimiz üzərində milli suverenliyimizin bərqərar ediləcəyi tarixi yaxınlaşdırdı. Eyni zamanda 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn siyasi qüvvələrin mövqeyi sülh danışıqlarının mənasız olduğunu ortaya qoydu. 2020-ci ilin sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi növbəti hərbi təxribat isə artıq müharibəni qaçılmaz etdi. Həmin gün öz tarixi missiyasına başlayan Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Ermənistanın məğlubiyyətinin siyasi-hüquqi təsdiqi oldu.

Azərbaycanın 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirdiyi və 23 saat çəkən lokal antiterror tədbirləri nəticəsində isə torpaqlarımızdakı erməni separatçılığına birdəfəlik son qoyuldu. Qəhrəman ordumuzun möhtəşəm zəfəri ilə yekunlaşan bu əməliyyatla bütün torpaqlarımız üzərində dövlətimizin milli suverenliyi təmin edildi, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq kimi sərsəm ideya həmişəlik tarixin zibilliyinə atıldı. Bu tarixi hadisə ilə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlətçilik və suverenlik salnaməsinin növbəti şərəfli səhifəsi yazıldı.

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncamda qeyd olunduğu kimi «2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur».

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında 19 sentyabr 2024-cü il tarixli sərəncamına əsasən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bu əlamətdar günün təsis edilməsi xalqımızın özünün ərazi bütövlüyü uğrunda apardığı milli mübarizəsinin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun yazdığı qəhrəmanlıq salnaməsinin gələcəyə və yeni nəsillərə çatdırılması, onlara aşılanması baxımından müstəsna əhəmiyyətə malikdir. Ərazi suverenliyimizin tam təmin olunması həm də dövlətçilik maraqlarına və xalqımızın həmrəyliyinə, xidmət edən yeni milli ideoloji prinsipləri meydana çıxarır.

Azərbaycanın əsil müstəqilliyini, hüquqi dövlət quruculuğunu və milli suverenliyinin tam bərqərar olunmasını Ulu Öndər Heydər Əliyevin başladaraq həyata keçirdiyi və cənab Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasi kurs təmin etdi. Bu gün şanlı üçrəngli bayrağımız bütün ərazilərimizdə əzəmətlə dalğalanaraq, Azərbaycanın milli suverenliyini bütün dünyaya vüqarla bəyan etməkdədir. Azəraycanın müstəqilliyi daimidir və sarsılmazdır. Heç bir qüvvə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın  müstəqilliyinə və suverenliyinə təhdid yarada bilməz.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini