Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 28 yanvar 2025-ci il tarixində nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında qarşıdakı illərdə iqtisadi sahədə reallaşdırılması nəzərdə tutulan bir sıra proqram və layihələr haqqında geniş məlumat verdi. Dövlət başçımız bildirdi ki, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrasturukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur. Bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir. Son illər ərzində vacib layihələrdən biri də yeni Dəniz Ticarət Limanının inşasıdır. Köhnə limanı biz şəhərin mərkəzindən çıxardıq. İndi o ərazidə abadlıq işləri aparılacaq, istirahət zonaları, müxtəlif obyektlər inşa ediləcək. Bu zona şəhərimizin ümumi inkişafına əlavə töhfə verəcək və vətəndaşlar da bundan faydalanacaqlar. Bundan əlavə vətəndaşlarımızın rahat hərəkəti üçün yeni on metro stansiyasının tikintisi nəzərdə tutulur.
Daha sonra Cənab İlham Əliyev əlavə etdi ki, Bakı şəhəri və onun ətrafında yerləşən ərazilərdə nəqliyyat infrasturukturunu inkişaf etdirmək üçün yeni dövlət proqramı qəbul ediləcək. Bakıda gəmiqayırma zavodunun inşa edilməsi olduqca uğurlu layihələrimizdən biridir. Bununla yanaşı işğaldan azad edilmiş ərazilərdə də nəqliyyat layihələri sürətlə həyata keçirilir. Qeyd etmək lazımdır ki, reallaşdırılması nəzərdə tutulan ən böyük nəqliyyat-logistika layihələrindən biri də Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti var. Bu dəhlizin açılması eyni zamanda Cənubi Qafqazda qalıcı sülhün bərqərar olmasına əvəzsiz töhfələr vermiş olar.
Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən başladılan və Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin yeni müasir və qlobal çağırışlara uyğun yüksək səviyyədə davam etdirdiyi müdrik və uzaqgörən milli inkişaf strategiyası son 20 ildə Azərbaycanın böyük tarixi uğurlara, möhtəşəm Zəfərə, eyni zamanda mühüm sosial irəliləyişlərə nail olmasını təmin edib. Bu müdrik və uzaqgörən siyasət bundan sonra da ölkəmizi dinamik inkişaf yolunda hər zaman qələbələrə, yeni-yeni zirvələrə doğru aparacaq.
Elvin Əlizadə,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi