05 fevral 2025 14:19
114

USAID-in bağlanması cığırların təmizlənməsi deməkdir - EKSPERT

Bütün dünyada QHT-lərə ən böyük donor olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin 60 ildən artıqdır davam edən fəaliyyətinə son qoyulur.
USAID, humanizm deyil, əslində, həyata keçirdiyi fəaliyyətlə anti-Amerika əhval-ruhiyyəsi oyadırdı.

Bu təsisat vasitəsilə dövlət resursları bir qrup insan tərəfindən inhisara alınaraq öz fürsətçi məqsədləri üçün istifadə edilirdi.  “Amerika birinci” şüarına zərbə vuran istənilən yeyintinin aradan qaldırılması mövcud administrasiyanın prioritet məqsədidir. USAID-in bağlanması da bu cür strukturları müəyyən etmək məqsədinə xidmət edirdi ki, ABŞ-ın 47-ci prezidenti Donald Tramp beynəlxalq təşkilatlarda və müqavilələrdə iştirakın auditini apara bilsin. 

Donald Trampdan başqa onun federal xərclərin və proqramların azaldılması proqramını həyata keçirən milyarder İlon Mask da bildirdi ki, USAID vergi vəsaitlərindən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla biosilah tədqiqatlarını maliyyələşdirib. 

Siyasətçilərə kompromotlar qurmaq məqsədilə qonorarların ayrılması, heroinin yetişdirilməsinə maliyyə dəstəyinin verilməsi, Soros tərəfindən maliyyələşən müxtəlif təyinatlı şəxslərə və qruplara yardım edən, müstəqil, milli maraqlar üzərindən siyasət yürüdən dövlətlərdə inqilablara dəstək verən, guya müxtəlif xəstəliklərin qarşısının alınması məqsədilə seminarlar təşkil edən, həqiqətdə isə pul silməklə məşğul olan USAID-in mövcud aqibəti çox yüksək dəyərləndirilməlidir. Hər nə qədər Trampın Konqresdəki rəqibləri bildirsə də ki, prezidentin fəaliyyəti ayrıca qanunla tənzimlənən agentliyi bağlamaq səlahiyyətinə malik deyil, Tramp bu məsələdə çox qətiyyətli davranır. 

USAID illər ərzində Azərbaycan cəmiyyətinə zəhərli və zərərli toxumlar səpirdi. İstənilən belə mənfi meyil və addım ölümə məhkumdur. Cənab Prezident İlham Əliyev ötən ilin dekabrında rusiyalı telejurnalist Dmitri Kiselyova müsahibəsində də bu təşkilatla bağlı fikirlərini aydın ifadə etmişdi. Heç bir tərəf, qurum, aktor cəmiyyətimizi manipulyasiya edə bilməz.  

Mahiyyətində qərəz, birtərəfli, haqsız yanaşma dayanan, ən təhlükəlisi dövlətləri, cəmiyyətləri pulla ələ almaq yolunu tutaraq bu vasitə ilə də onların boynuna nəzarət, diktə ipi dolamağa çalışan, qarşılarında borcluya, boyundurağa çevirməyə çalışan istənilən aktorun, təsisatın çöküşü yalnız müsbət dəyərləndirilməlidir. USAID-in bağlanması ABŞ-Azərbaycan münasibətlərinə vurulmağa cəhd edilən maneələrdən birinin aradan qaldırılması da olduğundan cığırların təmizlənməsi deməkdir. 

Şəbnəm HƏSƏNOVA
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq