KÖŞƏ

Taleh Turqut

Ordumuzun gücü Sarkisyanı yalvarmağa məcbur edir

30 sentyabr 2016 14:12
328

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli Ermənistanın separat davranışları üzündən yubanır. Belə olan halda münaqişənin həllində hərb variantı getdikcə aktuallaşmaqdadır. Lakin Azərbaycan Ordusunun düşmənin silahlı qüvvələrindən dəfələrlə və əzici üstünlüyə malik olması Ermənistanı güzəştə getməyə vadar edir. Bununla belə erməni siyasətçilər hələ də ikibaşlı və qərəzli bəyanatlar verməklə məşğuldurlar...

Bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın “Qarabağın təhlükəsizliyinə mane olmayan ərazilər qaytarılacaqdır” kimi açıqlama verməsi əsl sensasiya hesab edilir. Lakin vəziyyətin təhlili göstərir ki, bu bəyanat bir müddətdir Ermənistan cəmiyyətini çulğayan təslimçilik ruhunun təzahürü, eyni zamanda, Azərbaycanın apardığı siyasətin düşmən ölkəni dalana dirəməsi ilə bağlıdır. Ermənilər sonun yaxınlaşdığını hiss etməkdədirlər... 

Qeyd edək ki, “Aprel döyüşləri”ndən sonra prezidentlərin Vyana və Sankt-Peterburq görüşləri nəzərə alınmazsa, demək olar ki, danışıqlar prosesində elə bir ciddi hərəkətlənmə baş verməmişdi. Ermənistan tərəfi hər vəchlə danışıqlardan yayınmağa çalışsa da Azərbaycanın davamlı və qətiyyətli siyasi təzyiqləri nəticəsində vasitəçilərin də fəallığı artırılmış və proses əslində pərdə arxasında sürətlə davam etdirilmişdir. Nalbandyanın son bəyanatı da məhz bu təzyiqlərin nəticəsi kimi ortaya çıxmışdır.

Bəyanatın BMT-nin hazırkı sessiyası ərəfəsində səsləndirilməsi də diqqətçəkəndir. Xatırladaq ki, BMT-nin bu günlərdə davam edən 72-ci sessiyasında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşəcəyi ehtimalı realdır. Həm ATƏT-in Minsk qrupu həmsədrlərinin, həm də, ümumiyyətlə, beynəlxalq aləmin davranışları deməyə əsas verir ki, Azərbaycan öz məqsədinə xeyli yaxınlaşıb və Ermənistanın iç üzünü ifşa edə bilib. İndi Ermənistanı əvvəllər açıq şəkildə müdafiə edənlər də bu işlərinin öhdəsindən gələ və onun təcavüzkar davranışlarına haqq qazandıra bilmirlər. Hazırda BMT-nin davam edən sözügedən sessiyasında baş verənlər yuxarıda deyilənləri bir daha isbatlayır.

Sessiyada çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu yüksək tribunadan Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini bir daha xüsusi vurğulayıb. Ərdoğan bildirib ki, Cənubi Qafqazdakı münaqişələrin həll edilməsinin zamanı yetişib və bu baş verməsə münaqişələr qlobal miqyas daşıya bilər. 

Sessiya çərçivəsində baş verən digər bir hadisə də münaqişənin həllinə beynəlxalq diqqətin artmasını göstərir. Belə ki, Nyu-Yorkda sessiya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) məhz Dağlıq Qarabağla bağlı xüsusi toplantısı təşkil edilib. İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas qrupunun iclası keçirilib. İclasda xarici işlər naziri Elmar Məmmədyarov, həmçinin İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupa daxil olan digər üzv dövlətlərin nümayəndələri və İƏT-in Baş katibliyinin rəsmiləri çıxış ediblər. İclasın hesabatının nəzərə alınması və tədbirlər görülməsi üçün İƏT xarici işlər nazirlərinin koordinasiya iclasının gündəliyinə daxil edilərək üzv dövlətlərə təqdim olunması qərara alınıb.

Burada bir amili də vurğulamaq lazım gəlir ki, E. Nalbandyanın yuxarıda qeyd edilən bəyanatı həm də Ermənistanın təcavüzkar dövlət olmasını rəsmi olaraq etiraf etməsidir. Nalbandyan bu açıqlaması ilə təsdiq edib ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ərazisinə daxil olmayan torpaqlarını da işğal edib və ərazilərin ermənilərə heç bir aidiyyəti yoxdur. Bəyanatın verilmə zamanı da ekspertlər tərəfindən birmənalı qiymətləndirilmir. Məlumdur ki, Azərbaycan Ordusu sentyabrın 18-dən irimiqyaslı hərbi təlimlərə başlayıb. Bununla paralel, Azərbaycan və Türkiyə hərbi təyyarələri birgə təlimlər keçirirlər. Azərbaycan Ordusunun güclü hərbi texnika əldə etməsi isə ermənilər arasında daha ciddi təşvişə səbəb olub və ermənilər bunu gizlətmirlər. Onu da vurğulayaq ki, Ermənistan prezidenti S. Sarkisyan da BMT-nin 72-ci sessiyasında dünənki çıxışında Azərbaycanın hərbi gücündən qorxduqlarını dilə gətirib. Sarkisyan demək olar ki, dünyaya onları qorumaq üçün yalvarıb.

Görünən odur ki, Ermənistan tərəfi artıq kompromisdən başqa çıxış yolunun qalmadığını və yalanların tükəndiyini anlayır. Danışıqların ədalətli nəticəsi olmasa, Ermənistanın sonu olacağı həqiqəti ortadadır.