21 sentyabr 2017 00:04
609

Əsas kapitala 9 milyard 868,5 milyon manat vəsait yönəldilib

Bu gün respublikamızda qeyri-neft sektorunun və regionların davamlı inkişafına nail olunmaqla iqtisadiyyatın şaxələnməsi sürətlənir, özəl sektorun inkişafı üçün əlverişli investisiya və rəqabət mühiti yaradılması istiqamətində tədbirlər uğurla davam etdirilir. Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə dövlət tərəfindən geniş spektrli tədbirlər həyata keçirilir. Dövlət siyasətinin tərkib elementi kimi regionların sosial-iqtisadi inkişafına yönəlmiş proqramlar hazırlanıb,  bu proqramlarda nəzərdə tutulan tədbirlər davamlı olaraq həyata keçirilməkdədir.

Dövlətimizin başçısı tərəfindən böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi, pambıq sahələrinin genişləndirilməsi, heyvandarlıq, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulub. Bu tapşırıqların icrası üçün sahibkarlara güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir, mütəmadi olaraq istehsalçılarla görüşlər təşkil edilir, qarşıya çıxan məsələlər operativ həllini tapır. Bununla yanaşı, dövlətimizin başçısının tapşırığına əsasən, suvarma işlərinin maksimum dərəcədə yüksək səviyyədə aparılması üçün layihələr həyata keçirilir.

Əlverişli investisiya mühiti və əcnəbi investorlar üçün çox etibarlı investisiya şəraiti şirkətlərə Azərbaycanda işləmək üçün yaxşı imkanlar yaradır. Ölkəyə qoyulan investisiyaların həcminin ildən-ilə artması dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bütün bu amillər onu deməyə əsas verir ki, dünyada etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanda əlverişli biznes mühiti formalaşıb. Əldə olunan nəticələr isə iqtisadiyyatın daha da güclənəcəyinə əlverişli zəmin yaradıb. Eyni zamanda iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, xaricə investisiya qoyuluşu sahəsində də ölkəmiz uğurlar qazanır. Azərbaycan şirkətlərinin xarici bazarlara çıxması dövlət siyasətinin əsasını təşkil edir.

2017-ci ildə ölkəmizdə əsas kapitala 10 milyard manata yaxın pul yönəldilib. Cari ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyard 868,5 milyon manat və ya əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 0,1 faiz çox vəsait yönəldilib.

Rəsmi statistik məlumatlara görə, cari ildə vəsaitin 5 milyard 969,9 milyon manatı neft sektoruna, 3 milyard 898,6 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib. Ümumi sərmayənin 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 78,7 faizi məhsul istehsalı obyektlərinin, 16 faizi xidmət sahələri üzrə obyektlərin, 5,3 faizi isə ümumi sahəsi 1117,2 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39 faizini təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 69,8 faiz, bank kreditləri 11,8 faiz, büdcə vəsaitləri 11,8 faiz, əhalinin şəxsi vəsaitləri 4,5 faiz, büdcədənkənar fondların vəsaitləri 1,4 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil edib.

Zahid Rza, “İki sahil”