01 mart 2025 13:18
89

Qadın dini ayinlərin icraçısı üçün imtahanda 35 namizəddən 13-ü uğur qazanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün keçirilən müsahibə prosesi başa çatıb.

Komitədən “İki sahil”ə verilən məlumata görə, 20-28 fevral tarixlərində baş tutan müsahibədə 114 nəfər iştirak edib.

Belə ki, qadın dini ayinlərin icraçısı vəzifəsi üçün bir vakant yer üzrə imtahanda iştirak edən 35 namizəddən 13-ü, üç imam və imam müavini vakansiyası üzrə isə 79 nəfərdən 32-si müsahibədə uğur qazanıb.

Ümumilikdə 69 namizəd isə keçid balını toplaya bilməyib. Namizədlərdən beş nəfəri ümumiyyətlə imtahanda iştirak etməyib.

Qeyd edək ki, 2024-cü il 15 avqust – 1 sentyabrda elan edilən müsahibəyə qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə bir vakant yer üçün 36 namizədin, imam və imam müavini vəzifəsinə üç vakansiya üzrə 83 namizədin müraciəti qeydə alınıb.

Qeyd edək ki, müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scara.gov.az) elan edilib. Uğur qazanmış namizədlər təsdiq edilmiş qaydalara əsasən Komitə sədrinin əmri ilə məscidlərdə vakant vəzifələrə təyin olunacaqlar.