Cari il fevral ayının 28-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Vəkillər Kollegiyasının dəvəti ilə Avropa Vəkillər Kollegiyaları rəhbərlərinin 53-cü konfransında iştirak edib.
Vəkillər Kollegiyasından “İki sahil”ə verilən məlumata görə, geniş və çoxşaxəli proqramı ilə qeyd olunan konfrans yarım əsrdən artıqdır ki, Avropanın aparıcı hüquq təşkilatlarının rəhbərləri üçün mühüm təcrübə mübadiləsi və dialoq platforması rolunu oynayır.
Bu il “Tənzimləmələrin azaldılması və qanunun aliliyi: fürsət, yoxsa təhdid?” mövzusuna həsr olunan konfrans Vyanada tarixi “Palais Ferstel” binasında baş tutub.
Konfrans çərçivəsində iştirakçılar Avstriya Federal Kanslerinin və Avstriya federal ədliyyə nazirinin qəbulunda olublar.
Tədbirin sonunda iştirakçılar üçün tarixi Palais Niederösterreich binasında rəsmi ziyafət təşkil edilib.
Bundan əlavə, fevral ayının 27-də nümayəndə heyəti Vyana səfəri çərçivəsində Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) Daimi Komitələrinin iclaslarında iştirak edib. İclas zamanı Komitə üzvləri gündəlikdə olan və səsverməyə çıxarılan məsələlərlə bağlı müzakirələr aparıb və CCBE-nin gələcək fəaliyyət istiqamətlərinə dair qərarlar qəbul ediblər.
Səfər çərçivəsində ARVK-nın nümayəndələri müxtəlif ölkələrin vəkillər kollegiyalarının rəhbərləri ilə görüşlər keçirib, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və hüquqi islahatlar sahəsində təcrübə mübadiləsi aparıblar.