11 mart 2025 23:35
138

ABŞ Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatların verilməsini bərpa edir

Amerika Birləşmiş Ştatları dərhal kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni aradan qaldırır və Ukraynaya hərbi yardımı bərpa edir. Martın 11-də Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda tərəflər bununla bağlı razılığa gəliblər.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna və ABŞ nümayəndə heyətlərinin Ciddə görüşünün yekunlarına dair birgə bəyanatda qeyd olunur.

“Birləşmiş Ştatlar kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni dərhal aradan qaldırır və Ukraynaya təhlükəsizlik yardımını bərpa edir”, - deyə bəyanatda vurğulanır.

Nümayəndə heyətləri, həmçinin sülh prosesinin bir hissəsi kimi humanitar səylərin əhəmiyyətini, xüsusilə atəşkəs dövründə, o cümlədən hərbi əsirlərin mübadiləsi, saxlanılan mülki şəxslərin azad edilməsi və məcburi köçkün olan ukraynalı uşaqların geri qaytarılmasının vacibliyini müzakirə ediblər.

Xatırladaq ki, martın 11-də Ciddədə (Səudiyyə Ərəbistanı) Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar baş tutub. 5 saatdan artıq davam edən danışıqlar zamanı Ukrayna 30 günlük atəşkəsə razılıq verib.