Cənub Qaz Dəhlizi — Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərini genişləndirilməsi üzrə layihədir. Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının tam miqyaslı işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK) və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır. Azərbaycan Respublikasının Prezidentinin 29.10.2013-cü il tarixində “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” 15 nömrəli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. 25.02.2014-cü il tarixində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 287 nömrəli Sərəncam imzalanıb. Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Energetika Nazirliyinə həvalə edilib.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı 2021-ci il fevralın 11-də, səkkizinci toplantı 2022-ci il fevralın 4-də, doqquzuncu toplantı, 2023-cü ilin fevralın 3-də, onuncu toplantısı isə 2024-cü il martın 1-də Bakı şəhərində keçirilib.
Aprelin 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Prezident İlham Əliyev tədbirdə çıxış edib
Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Həmçinin bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də bizə daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı.
İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir. Əlbəttə ki, bu prosesin üç əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə bizim hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi. Ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Mən hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır.
Enerji şirkətimiz - Dövlət Neft Şirkəti Azərbaycan daxilində və ondan kənarda həm hasilat, həm nəqlolunma, həm də çatdırılma ilə məşğuldur. Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir. Bizim Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək.
Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının General Şıxlınski 56/2 ünvanı üzrə ərazi partiya təşkilatının üzvü