İqtisadi Zonaların İnkişafı Agentliyi Rusiya Federasiyası Ticarət və Sənaye Palatasının Azərbaycandakı Fəxri Nümayəndəliyinin və Rusiya-Azərbaycan Dialoq Assosiasiyasının dəstəyi ilə keçirilən biznes forum çərçivəsində panel iclasda təmsil olunub.
“İki sahil” xəbər verir ki, Agentliyin İdarə Heyəti sədrinin müavini Aqil Əzizov İZİA-nın idarəçiliyində olan sənaye zonaları, burada sahibkarlar üçün mövcud investisiya imkanları barədə məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıb.
Tədbirin davamı olaraq forum iştirakçılarının Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib.
Bununla əlaqədar keçirilən tədbirdə əvvəlcə qonaqlara Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti barədə məlumat verilib, Ağdam Sənaye Parkının rezidenti "Mister Decor" MMC-nin, Sumqayıt Kimya Sənaye Parkının rezidenti STP Şirkətlər Qrupunun nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyətləri barədə təqdimatla çıxış ediblər.
50-dən çox iş adamının iştirak etdiyi səfərdə qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidentləri “Azertexnolayn” MMC-nin polad boru, “Az-Tex-Import” MMC-nin IVECO markalı yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin, “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin, “Azerfloat” QSC-nin vərəqə şüşə istehsalı müəssisələrinin fəaliyyətləri ilə tanış olublar.