Fövqəladə Hallar Nazirliyi (FHN) İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) fövqəladə hallara hazırlığın artırılması məqsədilə kompleks təlim keçirilib.
FHN-in Mətbuat xidmətindən "İki sahil"ə verilən xəbərə görə, təlimin əsas məqsədi qurumun əməkdaşlarına fövqəladə hallarda, xüsusilə də yanğınlar və zəlzələlər zamanı düzgün davranış vərdişlərinin aşılanması, həmçinin təhlükəsizlik qaydaları və təxliyə planları ilə tanışlığın təmin edilməsi olub.
Tədbirdə FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti və Tibb xidmətlərinin müvafiq canlı qüvvəsi və texnikası iştirak edib. Təlim iki əsas mərhələdən – nəzəri və praktiki hissələrdən ibarət olub.
Təlimin nəzəri hissəsində FHN-in mütəxəssisləri tərəfindən AZƏRTAC kollektivi üçün geniş maarifləndirmə sessiyası təşkil olunub. Sessiya çərçivəsində fövqəladə hallarla bağlı, o cümlədən yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə vacib tədbirlər, elektrik avadanlıqlarından düzgün istifadə, ilkin yanğınsöndürmə vasitələrinin tətbiqi, həmçinin ictimai obyektlərdə baş verə biləcək yanğınlar zamanı davranış qaydaları ətraflı izah edilib. Eyni zamanda, zəlzələ və ildırım hadisələri zamanı təhlükəsiz davranış qaydaları və təxliyə ilə bağlı geniş məlumat verilib. Təqdimatlar tematik videoçarxlarla nümayiş olunub.
Ardınca təlimin praktiki mərhələsinə start verilib. AZƏRTAC-ın binasında şərti yanğın elan edilib və dərhal “Həyəcan” siqnalı verilib. Yanğınsöndürən briqada operativ şəkildə hadisə yerinə cəlb olunaraq “yanğınla mübarizə” tədbirlərinə başlayıb. Əməkdaşların təxliyəsi təxliyə planına uyğun olaraq təhlükəsiz və ardıcıl şəkildə həyata keçirilib. Şərti yanğında “zərərçəkmişlər” müvafiq qaydada binadan çıxarılıb, təhlükəsiz zonaya yerləşdirilib və onlara “ilkin tibbi yardım” göstərilib.
Təlimin sonunda iştirakçılar və müşahidəçilər tərəfindən prosesin təşkili və icrası yüksək qiymətləndirilib.
Qeyd olunub ki, belə praktiki təlimlər əməkdaşların fövqəladə hallarda operativ reaksiya vermək bacarıqlarını artırmaqla yanaşı, real vəziyyətlərə hazırlıqlı olmasına töhfə verir.
Təlim uğurla yekunlaşıb və qarşıya qoyulan bütün məqsədlərə nail olunub. FHN-in nümayəndələri belə tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulayıblar.