24 may 2025 19:53
871

“Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda elmi-praktik konfransı keçirilib YENİLƏNİB

2025-ci il mayın 24-də “Sağlamlığın Qorunması” İctimai Birliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə təşəbbüsü ilə “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans “Sağlam Addımlar: Artıq Çəkiyə Son” layihəsinin tərkib hissəsi olaraq həyata keçirilib. 

“İki sahil” xəbər verir ki,  konfransın əsas məqsədi ictimaiyyət arasında piylənmənin sağlamlığa təsiri, onun qarşısının alınması yolları, sağlam həyat tərzinin təbliği və profilaktik tədbirlərin aktuallığı barədə maarifləndirmədir. 

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Açılış nitqini “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb elmləri doktoru Yazgül Abdıyeva edib. O, rəhbərlik etdiyi ictimai birliyin həyata keçirdiyi maarifləndirmə tədbirlərindən, işğaldan azad edilmiş ərazilərdə görülən bərpaedici işlərdən, məktəblərdə və digər təhsil müəssisələrində keçirilən sağlamlıq aksiyalarından bəhs edib. Yazgül Abdıyeva qeyd edib ki, artıq çəkidən əziyyət çəkən insanların sayının artması qlobal miqyasda narahatedici göstəricidir və bu istiqamətdə davamlı maarifləndirmə zəruridir.

Konfransın əhəmiyyəti barədə çıxış edən millət vəkili, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, t.e.d. Rəşad Mahmudov bildirmişdir ki, piylənmə yalnız estetik deyil, həm də həyati təhlükə yaradan bir problem kimi qiymətləndirilməlidir və bu sahədə vahid yanaşmaların formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov tədbirdəki çıxışında qurumun bu sahədə gördüyü maarifləndirici və müalicəvi tədbirlərdən söz açıb. O vurğulayıb ki, artıq çəkinin idarə olunması təkcə fərdi deyil, eyni zamanda ictimai səhiyyə baxımından da prioritet məsələlərdəndir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri, professor Hikmət İbrahimli isə bildirib ki, piylənmənin profilaktikası istiqamətində aparılan elmi və praktiki işlər tibbi sığorta sistemində də prioritet istiqamətlərdəndir və bu mövzuda beynəlxalq təcrübələrin öyrənilməsi vacibdir.

Yeni Klinikanın direktoru, dr. Barat Yusubov konfransın aktuallığını vurğulayaraq, sağlam həyat tərzinin təbliğinin tibb mütəxəssislərinin gündəlik fəaliyyətinə inteqrasiya olunmasının vacibliyini diqqətə çatdırıb.

C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, prof.  Gülnaz Dadaşova tədbirdə çıxış edərək, konfransın əhəmiyyətindən və artıq çəkinin kardioloji təsirlərindən bəhs edib.

Daha sonra konfrans iştirakçılarına "Artıq Çəki və Düzgün Həyat Tərzi: Sağlam Gələcək" adlı maarifləndirici videoçarx təqdim olunub. Videoçarxda piylənmənin cəmiyyətə və fərdlərə təsiri, eləcə də sağlam qidalanma və fiziki aktivliyin vacibliyi ön plana çəkilib.

Konfransın bədii hissəsində Respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova və bəstəkar, ifaçı Çilənay Hüseynovanın ifasında müxtəlif musiqi nömrələri təqdim olunub. Xüsusilə rəqs ansamblının müşayiəti ilə təqdim edilən çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Konfrans Professor Kamran Musayev, Dr. Kəmalə Paşayeva, Dr. Xəyyam Eyvazov, Kader Bekmezci Demiralp, t.e.d. Aynur Səfiyeva, Mehtap Şafak və Dr. Xalidə Babayevanın moderatorluğu ilə keçirilib. 

Konfrans çərçivəsində bir sıra yerli və xarici mütəxəssislər tərəfindən təqdimatlar keçirilib. Millət vəkili, t.e.d. Rəşad Mahmudov “Ateroskleroz və kliniki protokollar; necə etməliyik və nə üçün?” mövzusunda çıxış edib. Türkiyədən dəvət olunan tanınmış həkim və sağlam qidalanma üzrə mütəxəssis dr. Ender Saraç “Sağlam arıqlama, immunitetin gücləndirilməsi və gənc qalmağın təbii yolları” barədə danışıb. Ailə məsləhətçisi Mehtap Şafak “Bədənin aclığı, ruhun boşluğudur” mövzulu çıxışı ilə sağlamlığın psixoloji aspektlərinə toxunub.

T.ü.f.d. Ağayeva Gülnarə “Metabolik sindrom fonunda inkişaf edən qaraciyər problemləri”, t.ü.f.d. Rafiq Yusifli isə “Artıq çəki və piylənmənin ürək-damar xəstəlikləri üçün yaratdığı risklər” barədə çıxış edib. Oftalmoloq-cərrah, t.ü.f.d. Mirana Mirişova isə sağlam qidalanmanın göz sağlamlığına təsiri mövzusunda məlumat verib.

Konfransın digər önəmli çıxışlarından biri də ümumi nəfəs terapisti kimi tanınan Türkiyədən gəlmiş Neşe Kutlutaşın təqdimatı olub. O, nəfəsin düzgün istifadəsinin artıq çəki ilə mübarizədəki rolundan və həyat tərzinin tənzimlənməsindəki əhəmiyyətindən bəhs edib.

İkinci hissədə isə t.e.d. Yaqut Hacıyeva “Piylənmənin müasir dövrdəki tibbi və sosial aspektləri”, t.ü.f.d. Təranə Tağızadə “Piylənmədən əziyyət çəkən uşaqlarla həkim-xəstə münasibətlərinin etik tərəfləri”, ailə dizimi mütəxəssisi Kader Bekmezci Demiralp “Həyatın siyasəti”, dr. Arzu Hüseynova “Piylənmə fonunda inkişaf edən xroniki pankreatitin gedişatı”, endokrinoloq dr. Xəyyam Eyvazov “Piylənmə ilə yanaşı inkişaf edən Tip 2 diabetin xüsusiyyətləri və müalicə yanaşmaları”, dietoloq dr. Nərmin Novruzova isə “Epigenetikanın piylənmənin müalicəsindəki rolu” mövzusunda təqdimatla çıxış ediblər.

Hər iki sessiyada səsləndirilən məruzələrdə artıq çəkinin ürək-damar, qaraciyər, göz, pankreas və endokrin sistemə təsiri, psixoloji səbəbləri və tibbi yanaşmaları ətraflı şəkildə təhlil olunub. Qonaq mütəxəssislərin, xüsusilə Türkiyədən gələn spikerlərin çıxışları sağlam qidalanma, nəfəs texnikaları və ailədaxili dinamikalar kontekstində fərqli və faydalı yanaşmalar təqdim edib. Sonda bütün bu mövzular ətrafında geniş müzakirə aparılıb, sual-cavab sessiyası keçirilib və aktual problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Konfransda, həmçinin akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini, t.e.d. Hicran Namazova çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb və konfransın təşkilinə görə Yazgül Abdıyevaya təşəkkürünü bildirib.

Şairə Rəfiqə Abbasova da konfransın maraqlı olduğunu qeyd edib, iştirakçılara uğurlar arzulayıb və sonda öz şeirlərindən birini səsləndirib.

Əlavə olaraq qeyd edək ki, Türkiyədən dəvət olunmuş qonaqlara tədbirin sonunda xüsusi təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, konfransda 350 nəfərdən çox iştirakçı iştirak edib. Azərbaycanla yanaşı, Türkiyədən də qonaqlar qatılıb. Tədbirdə, həmçinin millət vəkilləri, QHT nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Konfrans iştirakçılar tərəfindən yüksək qiymətləndirilmiş, elmi biliklərin və praktik təcrübələrin mübadiləsi üçün faydalı platforma olmuşdur. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuş və gələcəkdə bu mövzularda daha geniş formatlı tədbirlərin keçirilməsi planlaşdırılmışdır.