27 may 2025 15:56
134

“Enterprise Azerbaijan” ilə “Kapadokya Teknopark” arasında əməkdaşlıq istiqamətləri müəyyən olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri ilə Türkiyənin nüfuzlu innovasiya mərkəzlərindən biri olan “Kapadokya Teknopark”ın baş direktoru Bilgin Yazlık arasında onlayn görüş olub.

“İki sahil” xəbər verir ki, görüşün əsas məqsədi “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramında iki qurum arasında əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək olub. Müzakirələrdə innovasiyayönümlü startapların inkişaf etdirilməsi, texnologiya transferi və qlobal startap ekosistemində birgə iştirak imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər texnoloji bilik və təcrübə mübadiləsi, həmçinin startaplara mentorluq dəstəyinin verilməsi sahəsində razılığa gəliblər. İştirakçılar regionlararası bilik mübadiləsinin artırılması üçün daimi dialoqun vacibliyini vurğulayıblar.