Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində fəaliyyət göstərən İnnovasiyalar və Rəqəmsal Texnologiyalar üzrə komissiyanın iclası keçirilib.
“İki sahil” xəbər verir ki, iclasda KOB-ların rəqəmsal transformasiyası və Milli texnoloji həllərin ixracı ilə bağlı proqramın təqdimatı və ölkəmizdə bu sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları maneə və çətinliklər müzakirə edilib.
Komissiyanın sədri Elçin Əliyev “KOB-ların rəqəmsal transformasiyası və Milli texnoloji həllərin ixracı” ilə bağlı proqramı iştirakçılara təqdim edib. Proqramın KOB-lara yeni bazarlara çıxış imkanları, rəqəmsallaşma, bulud texnologiya və xidmətlərinə əlçatanlığı yüksəltməyi hədəfləndiyini bildirib.
Sonra rəqəmsal həllər və texnologiyalar sahəsində çalışan şirkətlər təkliflərlə çıxış ediblər. Xüsusən də texnopark üzvü olan şirkətlərin dünya təcrübəsinə əsasən ƏDV-dən azad olunması, bu sahədə dövlət sektorunu təmsil edən qurumların özəl sektorla rəqabətə girməməsi kimi mühüm amillər qeyd edilib. “Əgər Azərbaycanda mən həllimi sata bilmirəmsə, deməli xaricə ixraca çıxa bilmərəm”, -deyən E.Əliyev və digər sahibkarlar dövlət qurumlarının İKT ilə bağlı xidmətləri və həlləri daxildə “həll etməyə” çalışmalarını düzgün hesab etməyiblər. Onlar bu sahədə işlərin özəl sektordan tender yolu ilə alınmasını təklif ediblər.