31 may 2025 15:42
194

"Meydan TV" işi üzrə həbs edilən Ülviyyə Əlinin fəaliyyəti ilə bağlı maraqlı detallar ortaya çıxıb

"Meydan TV" işi üzrə həbs edilən Ülviyyə Əlinin (Quliyeva) fəaliyyəti ilə bağlı maraqlı detallar ortaya çıxıb.

"Baku TV"nin araşdırması onun 2019-cu ildə rəsmi əməkdaşlıq etməklə ümumilikdə 1083 media materialı hazırladığı "Amerikanın səsi" media resursundan əlavə, bir sıra media qurumlarında və vətəndaş cəmiyyəti təsisatlarında da aktiv fəaliyyət göstərdiyi məlum olub.

Belə ki, Ülviyyə Əli "Toplum TV", "Fakt yoxla", Demokratik Təşəbbüslər İnstitutu, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, "Azadlıq" radiosu, "Meydan TV" və "Mikroskop media" ilə əməkdaşlıq edib.

Məlum olub ki, 2023-cü il 22 may - 4 iyun tarixlərində Berlin şəhərində Azərbaycandan və Ermənistandan olan feminist fəalların iştirakı ilə görüş keçirilib. Həmin görüşdə Ülviyyə Əli və bir sıra digər azərbaycanlı fəallar da iştirak ediblər. Onlar Ermənistan tərəfi ilə görüşlərini məxfi saxlayıblar.

Eyni zamanda onun "Amerikanın səsi" media resursunda fəaliyyətindən təkcə 2023-cü ilin fevral ayında 3 245 dollar vəsait əldə etdiyi üzə çıxıb. Ülviyyə Əli həmçinin "Meydan TV"ni idarə edən Metyu Kasperlə müqavilə imzalayaraq əvvəlcə aylıq 550, sonra isə 600 avro müqabilində əməkdaşlıq edib. O, bununla da kifayətlənməyərək Azərbaycanda jurnalist fəaliyyətinə mane törədilməsini bəhanə gətirib və "Civil Rights Defenders" təşkilatından psixoloji yardım üçün 2 028 avro qrant alıb, eləcə də əlavə maddi vəsait əldə etmək məqsədilə digər təşkilatlara müraciətlər edib.

Araşdırmada Ülviyyə Əlinin əcnəbi media qurumları və təşkilatlardan aldığı qrantlar, vəsaitlərini saxladığı xarici ölkələrdəki bank hesabları, o cümlədən Azərbaycan əleyhinə hazırladığı media materialları haqqında geniş məlumatlar əks olunub.

Ətraflı videosujetdən izləyə bilərsiniz:

"Report"