1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə “Sağlam Uşaqlar, Sağlam Gələcək” adlı tibbi müayinə aksiyası həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, tədbirin əsas məqsədi uşaqların sağlamlıq vəziyyətinin yoxlanılması, erkən diaqnostika və zəruri hallarda müalicə tədbirlərinin vaxtında həyata keçirilməsidir.
Aksiya çərçivəsində Bakı şəhərindən dəvət olunmuş müxtəlif ixtisaslar üzrə həkim-mütəxəssislər – pediatrlar, pediatr-kardioloq, allerqoloq, pediatr-endokrinoloq, uşaq cərrahı, uroloq və digər sahələrin nümayəndələri uşaqları müayinə ediblər. Ümumilikdə 300-dən çox uşaq əhatəli tibbi müayinədən keçib.
Aksiyada valideynlərlə maarifləndirici söhbətlər də aparılıb, onlara uşaqların sağlam inkişafı, düzgün qidalanma, fiziki aktivlik və profilaktik tədbirlərin əhəmiyyəti barədə geniş məlumat verilib.