02 iyun 2025 20:18
237

SOCAR “Caspian Oil and Gas” sərgisində “Ədalətli enerji keçidi ilə dayanıqlı gələcəyin gücləndirilməsi” adlı stendlə təmsil olunur

Bu il 30-cu dəfə təşkil olunan sərgidə SOCAR “Ədalətli enerji keçidi ilə dayanıqlı gələcəyin gücləndirilməsi” şüarını özündə ehtiva edən stendlə təmsil olunur.

 bunu SOCAR-ın Media, ictimaiyyətlə əlaqələr və kommunikasiya Departamentinin Media əlaqələri şöbəsinin rəisi Əsəd Məmmədov “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində SOCAR-ın ekspozisiya stendinə dair AZƏRTAC-a müsahibəsində bildirib. Müsahibəni təqdim edirik.

- Bakı Enerji Həftəsi cari il 30 illik yubileyini qeyd edir. Bilmək istərdik ki, SOCAR builki tədbirdə necə təmsil olunur?

- Xalqımızın Ümummilli Lideri, yeni enerji strategiyamızın müəllifi Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1994-cü ildə keçirilən Beynəlxalq “Xəzər Neft və Qaz Sərgisi” ötən illər ərzində enerji sektoruna dair önəmli mövzuların müzakirə edildiyi, regionda və qlobal miqyasda enerji təhlükəsizliyinə, dayanıqlı tərəqqiyə, səmərəli əməkdaşlığa töhfə verən mühüm platformaya çevrilib.

Əvvəla qeyd etmək istərdim ki, SOCAR “baş tərəfdaş” qismində Bakı Enerji Həftəsi çərçivəsində təşkil edilən tədbirlərdə, o cümlədən Beynəlxalq Xəzər Neft və Qaz sərgilərində fəal iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərgidə stendimizi ziyarət etməsi bizim üçün ən mühüm hadisədir.

Həmçinin Bakı Enerji Forumu çərçivəsində də SOCAR rəsmiləri tərəfindən çıxışlar ediləcək, şirkətimizin əldə etdiyi uğurlar, müxtəlif sahələrə dair təcrübələr bölüşüləcək.

Eyni zamanda, Bakı Enerji Forumunun tərəfdaşlarla müzakirələr aparılması, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmli platforma olduğu nəzərə alınaraq, SOCAR tərəfindən beynəlxalq enerji şirkətləri ilə ikitərəfli formatlarda da fikir mübadilələrinin aparılması, önəmli məsələlərin müzakirəsi, müvafiq qərarların qəbulu nəzərdə tutulur.

- SOCAR-ın stendində hansı yeniliklər mövcuddur və ziyarətçilər hansı məlumatları əldə edə biləcəklər?

- Stenddə hər il olduğu kimi, bu ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin enerji siyasətinə həsr etdiyimiz fotokompozisiya nümayiş etdirilir. Burada Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyasının icrasını, dahi şəxsiyyətin neft-qaz sənayemizin inkişafına, neftçilərə yüksək diqqətini əks etdirən nadir fotolar yer alıb.

Burada, eyni zamanda SOCAR-ın platformaları, qazma qurğuları, zavodları, terminalları ilə bağlı tarixi fotolar təqdim olunur.

Qeyd etmək istərdik ki, ən son innovativ yeniliklər əsasında hazırlanan stenddə SOCAR-ın bütün fəaliyyət istiqamətlərinə dair məlumatlar müasir texnologiyalar vasitəsilə təqdim olunur. Burada SOCAR tərəfindən Azərbaycanda və ölkəmizdən kənarda emal, neft-kimya sənayesi, kəşfiyyat, qazma, hasilat sahələrində görülən işlər, həmçinin ixrac marşrutları, marketinq və treydinq, insan kapitalı, innovasiya və rəqəmsallaşma istiqamətləri üzrə həyata keçirilən layihələr, ən son yeniliklər barədə ətraflı informasiya əldə etmək mümkündür.

Enerji keçidi layihələri zonasında quraşdırılan “interaktiv masa”da SOCAR-ın dekarbonizasiya hədəfləri, COP29 çərçivəsində SOCAR-ın imzaladığı əməkdaşlıq sazişləri, bərpaolunan enerji və metan emissiyalarının inventarlaşdırılması və azaldılması layihələri barədə ətraflı məlumatlar əldə etmək mümkündür.

Həmçinin stenddə yer alan “Infinity Room” zonasında divarlara, döşəmə və tavana quraşdırılan nazik LED panellər vasitəsilə də SOCAR-ın müxtəlif layihələrini və əldə olunan nəticələri əks etdirən vizual məlumatlar nümayiş olunur.

- Stendə SOCAR-ın enerji sektoru ilə yanaşı, digər sahələrdə, o cümlədən insan kapitalının inkişafı istiqamətindəki fəaliyyətinə dair məlumatlar, maraqlı fotolar diqqət çəkir. Bu barədə də məlumat verməyinizi xahiş edirik.

- Əvvəla qeyd etmək istərdik ki, Azərbaycan neftçisinin fədakar əməyi daim yüksək qiymətləndirilib. Neftçilərimiz də daim öz zəhmətləri, peşəkarlıqları ilə ölkəmizin enerji təhlükəsizliyinə önəmli töhfə veriblər.

SOCAR ölkənin enerji sektorunda strateji rol oynamaqla yanaşı, yerli mütəxəssislərin hazırlanmasına və əməkdaşlarının peşəkar inkişafına da böyük önəm verir. Bu istiqamətdə həyata keçirilən müxtəlif təşəbbüslər sayəsində SOCAR təkcə işçi heyətinin bilik və bacarıqlarını artırmaqla kifayətlənmir, həm də insan kapitalının formalaşmasına mühüm töhfə verir.

Bu təşəbbüslər SOCAR-da çalışan əməkdaşların peşəkar inkişafında və milli insan kapitalının gücləndirilməsində xüsusi rol oynayır.

Məhz bu baxışın rəmzi kimi, 30-cu yubiley “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə SOCAR stendində 30 BANM tələbəsinin, 30 SOCAR könüllüsünün, 30 Gənc İstedadlar Proqramı iştirakçısının və 30 neftçinin fotolarından ibarət kompozisiya nümayiş etdirilir. Bu vizual təqdimat SOCAR-ın gənclərə və insan kapitalına verdiyi dəyərin ifadəsidir.

- Ötən il SOCAR-ın sərgidə təmsil olunduğu stend ziyarətçilərin çox böyük marağına səbəb olmuşdu. Müşahidələrimiz zamanı görürük ki, bu il də ziyarətçilər tərəfindən ən çox maraqla qarşılanan stendlərdən biri də məhz SOCAR stendidir. Deyə bilərsinizmi, ən çox hansı bölmə ziyarətçilərin marağına səbəb olur?

- Doğru vurğuladınız, ötən il ziyarətçilərdə zəngin təəssürat yaratmış stendimiz “The most fascinating stand” (ən gözəl pavilyon) nominasiyasında da uğur qazandı.

Bu il də ilk gündən stendimiz ziyarətçilərin böyük marağına səbəb olub. Yerli və beynəlxalq şirkətlərin nümayəndələri, ekspertlər, media mənsubları və bu sahə ilə məşğul olan şəxslər SOCAR stendini ziyarət edir, təqdim etdiyimiz məlumatlarla maraqlanırlar.

Demək olar ki, bütün fəaliyyət istiqamətləri üzrə təqdim olunan məlumatlara maraq var. Lakin deyə bilərəm ki, ziyarətçilər yeni layihələr, müəyyən fəaliyyət sahələri üzrə göstəricilərə xüsusi diqqət göstərirlər.

Bir sözlə, builki SOCAR stendi şirkətin texnoloji imkanlarını nümayiş etdirməklə yanaşı, Azərbaycanın enerji sahəsindəki uğurlu inkişaf yoluna ətraflı nəzər salır.