03 iyun 2025 08:42
178

“Yeni təkər bazarı” ərazisində yanğın baş verib

Paytaxtın Nizami rayonu, Babək prospektində yerləşən “Yeni təkər bazarı” ərazisində yanğın baş verib.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş mağazalarda baş verdiyi və havanın küləkli olması səbəbindən yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bazar ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 200kv.m. olan 3 avtomobil ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları 90kv.m. sahədə, ümumi sahəsi 5kv.m. olan gözətçi köşkü və yaxınlıqda yığılmış 0.1kub.m. taxta altlıq yanıb.

Bitişik, o cümlədən bazar ərazisindəki digər obyektlər, park edilmiş avtomobillər yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək hazırda müşahidə olunan güclü küləkli hava şəraiti ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.