14 iyun 2025-ci il tarixində 92 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Ağdaş rayon Kükəl kənd və Göyçay şəhər Nizami Gəncəvi adına 7 saylı Tam Orta Məktəblərinə səfər edərək “Son zəng” günündə təşkil olunan tədbirlərdə iştirak edib, bu unudulmaz gündə məzunları, valideyn və pedaqoji kollektivi səmimi qəlbdən təbrik edib.
“İki sahil” xəbər verir ki, çıxışı zamanı gənclərimizə gələcək həyatlarında müvəffəqiyyətlər diləyən millət vəkili, onların müasir Azərbaycanın lokomotiv qüvvəsi olduğunu qeyd edərək, düzgün vətəndaş mövqeyi nümayiş etdirməklə bundan sonra Vətənimizin, xalqımızın, insanlarımızın rifahı naminə səy və bacarıqlarını əsirgəməyəcəklərindən əminliyini ifadə etdi.
M.Əfəndiyev 2025-ci ildə, “Konstitusiya və Suverenlik İli”ndə ölkəmizin hər bir yerində “Son zəng” gününün ikiqat sevinc hissi ilə qeyd olunduğunu bildirdi. Bu gün həm gənclərimizin əldə etdikləri bilik və bacarıqlarla yeni həyat yoluna qədəm qoymasını, valideyn və müəllimlərimizin yaşadıqları qürur kimi əvəzolunmaz hissləri özündə ehtiva edir, eyni zamanda suveren Azərbaycan Respublikasının hər bir şəhər, rayon və kəndində böyük fəxarət hissi ilə qeyd olunur.
Təhsilin əhalinin maariflənməsində, xüsusilə gənclərimizin formalaşmasında rolunu vurğulayan deputat, məzunlarımıza yeni çağırışları nəzərdən keçirərək təhsillərini davam etdirmələrini və düzgün peşəyə yiyələnmələrini arzuladı. Bu prosesdə pedoqoji heyətin səy və əzmkarlıq göstərməsinin vacibliyi vurğulandı.
Tədbirlər məzunlarımızın hazırladığı konsert proqramının nümayişi və xatirə şəklinin çəkdirilməsi ilə sona çatdı.
Tədbirlərdən sonra M.Əfəndiyev təhsil müəssisələrində məktəb binalarının təchizatı, şəraiti ilə yaxından tanış oub, həmçinin pedaqoji kollektiv tərəfindən məktəb və təhsillə bağlı səsləndirilən təklifləri də müzakirə edib.